Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-60/2025 12.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 7000 manat pulun, dövlət rüsumu kimi ödədiyi 90 manat, hüququ yardıma görə vəkilə ödənilmiş 320 manat olmaqla, cəmi 7410 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 yanvar 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, borc verən ona məxsus olan 7.000,00 (yeddi min) manat məbləğində pul vəsaitini borc olaraq borcalanın mülkiyyətinə verir. Borcalan isə pul vəsaitini qəbul edib bu Müqavilə ilə şərtləndirilmiş müddət ərzində borcverənə geri ödəyir. Bu Müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləği bu müqavilə imzalandığı tarixdən etibarən 1 illik müddətə verilir və müddətin sonuncu günü borcalan tərəfindən nağd və ya nağdsız hesablaşmalar qaydasında qaytarılır. Həmçinin, 13 may 2023-cü il tarixli borcun etirafı haqqında müqavilədən də görünür ki, borclu Cavabdeh 7000 manat borcunun olmasını etiraf edir və bu borcu 13 may 2024-cü il tarixinədək hər ay ən azı 584 manat olmaqla borcverənə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək, təhvil-təslim aktı əsasında 13 yanvar 2023-cü il tarixində 7.000,00 manat məbləğində pul vəsaitini Cavabdeh versə də, o bu günədək öz öhdəliklərini yerinə yetirməmiş və cəmiyyətin borcunu ödəməmişdir. Bununla bağlı qarşı tərəfə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də, qarşı tərəf yenə də hər hansı bir münasibət bildirməmiş və borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən hesab edirik ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş 7.000,00 (yeddi min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, o iddianı qətiyyən qəbul etmir və iddiaçıdan heç bir məbləğdə pul almamış və ona borcu yoxdur. Borc müqaviləsini o imzalamamışdır. İddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 yanvar 2023-cü il tarixli BG/TO43 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli BG/TO43 saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən borc müqaviləsinə əsasən 1 il müddətinə 7000 (yeddi min) manat məbləğində pul verilmişdir. xx.xx.2023-cü il tarixli TL-2023-NC saylı mövcud borcun etirafı haqqında müqaviləsindən görünür ki, 1.1 Borclu tələbkara xx.xx.2023-cü il tarixində cəmi 7000 (yeddi min) manat borcunun olduğunu etiraf edir. 1.2. Borclu borc məbləğini xx.xx.2024-cü il tarixə qədər tam olaraq tələbkara ödəməyi öhdəsinə götürür. 1.5 Bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, bu akt imzalandığı andan “borc verən” “borc alana” 7000 (yeddi min) manat məbləğində borcu vermişdir. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul verilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 90 (doxsan) manat dövlət rüsumu ödənilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında EM-1731VK-4602/24 saylı müqavilədən görünür ki, pul tələbinə dair mülki iş üzrə hüquqların müdafiəsi üçün hüquqi yadıma görə vəkilə 320 (üç yüz iyirmi) manat məbləğində pul ödənilmişdir. Cavabdeh 13 yanvar 2023-cü il tarixli BG/TO43 saylı borc müqaviləsində imzaların olan ona məxsus olmamasını bildirdiyindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1911 saylı rəyindən görünür ki, mülki işin 33-35-ci vərəqlərində olan 13 yanvar 2023-cü il tarixli BG/TO43 saylı borc müqaviləsində “xx.xx.2023 müqavilə ilə tanış oldum etirazım yoxdur” və “ İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli BG/TO43 saylı borc müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 7000 manat məbləğində borc verilmişdir. Borc müqaviləsi üzrə borcalan bu müqavilə üzrə borcun qaytarılması öhdəliklərini yerinə yetirmədikdə və borcun bütün məbləğinin ödənilməsini tələb etməyə borcverənin hüququ vardır. Borcverən, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh 13 yanvar 2023-cü il tarixli BG/TO43 saylı borc müqaviləsi üzrə 7000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, bununla da iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən görünür ki, 320 (üç yüz iyirmi) manat məbləğdə pul vəsaiti Ekol Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, həmçinin hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat və hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir . Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat pul alınaraq İddiaçı MMC-yə verilsin. Cavabdeh 110 (bir yüz on) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-60/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-60/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver