Məhkəmə qərarları › İş №e-2(032)-612/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-612/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-612/2024 24.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlikram oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlikram oğlundan müştərək qaydada 8083.41 manat məbləğində əsas kredit borcunun, 515.38 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 19.81 manat məbləğində cərimə borcu, cəmi 8618.60 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 106.19 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cu il tarixli 21200***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50000 (əllimin) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 Əlikram oğlu ilə xx.xx.2023-ci il tarixli 21FİZAM110671701 saylı zaminlik müqaviləsi bağlanmış və onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 240.13 manat olmaqla hər ayın 20-dək ödənilmək şərti ilə) 8470 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh2 Əlikram oğluna dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 8083.41 manat məbləğində əsas kredit borcu, 515.38 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu ,19.81 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 8618.60 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlərin iştirakları olmadan işə baxılması mümkündür. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 21200***-*******02L saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh1 İddiaçı ASC 120 ay müddətinə 16 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8470 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 Əlikram oğlu ilə İddiaçı ASC arasında bağlanmış 21FİZAM110671701 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 8083.41 manat əsas, 515.38 manat faiz borcu, 19.81 manat cərimə borcu, cəmi 8618.60 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyada sonuncunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8083.41 manat əsas, 411.18 manat faiz və 7.82 manat cərimə borcu olmaqla, ümumilkdə 8502.41 manat borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onların bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə, iddiaçının iddia tələbinin kredit müqaviləsi üzrə əsas borca hesablanmış 515.38 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdən göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2023-cü il tarixli 21200***-*******02L saylı kredit müqaviləsi üzrə faiz borcu məhz sonuncuya ünvanlanmış olan xx.xx.2024-cü il tarixili bildiriş əsas götürülməli və cavabdehdən 411.18 manat məbləğində faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 21200***-*******02L saylı kredit müqaviləsi üzrə 8083.41 manat əsas, 411.18 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından əsas borcun tutulması hissəsində iddia tam, faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 8083.41 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 19.81 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qayda iddiaçının xeyrinə 7 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 106.19 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ASC -yə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlikram oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 8083.41 manat əsas, 411.18 manat faiz borcu, 7 manat cərimə borcu olmaqla, cəmi 8501.59 manat və ödənilmiş dövlət rüsumuna görə 106.19 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar