Məhkəmə qərarları › İş №e-2(032)-65/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-65/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-65/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2462,06 AZN əsas borcun və ödənilmiş 44,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASCnin problemli aktivləri üzrə tələb hüququ müqavilə əsasında 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin fərmanın və sərəncamın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 17 oktyabr 2017-ci il tarixli, S- FK-SİR-99 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 3072,33 manat məbləğində borcu olmuşdur. "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 aprel 2015-ci il tarixli, 3303-xx.xx.2015ABL56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 22%-lə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 27 aprel 2015-ci il tarixli 3303-xx.xx.2015ABL56 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin durmuşdur. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borcverənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçmiş və mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia qaldırıldıqdan sonra vətəndaş ödənişlər edib. Ona görə də 07 yanvar 2024-cü il tarixli maliyyə arayışına istinad edərək iddia məbləğinin azaldılaraq 2362,06 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına 2362,06 manat məbləğində borcu qaldığını, gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 aprel 2015-ci il tarixli, 3303xx.xx.2015ABL56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 22%-lə 4500 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2015-ci il tarixli, 3303xx.xx.2015ABL56 nömrəli zaminlik müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditin ödəmə cədvəlindən görünür ki borclu hər ay 171 manat 0.90 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2018-ci il tarixə kimi ödəməli idi. xx.xx.2017-ci il tarixli, S-FK-SİR99 nömrəli akta əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ müqavilə əsasında 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2462 (iki min dörd yüz altmış iki) manat 0.06 (altı) qəpik məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2362,06 azn məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişin surətindən və göndərilməsini təsdiqləyən xəbərnamədən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdeh X1 mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 2362,06 manat alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi Azərbaycan Respublikası MM-nin 471-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə zamin Cavabdeh2 iradə ifadələrinə zidd olmamış və onlar tərəfindən imzalanmışdır. Lakin hazırki zaminlik müqaviləsi üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən kreditin qaytarılması müddəti 36 ay təşkil etmiş və kredit müqaviləsinin müddəti xx.xx.2018-cü il tarixdə başa çatmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki müqavilə üzrə zaminliyə qanunla nəzərdə tutulmuş qaydada xitam verilməli və bu səbəbdən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 münasibətdə iddia tələbi rədd olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən iddiaçı tərəfə aid edilir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 44 manat 0.62 qəpik dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284- 6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2362 (iki min üç yüz altmış iki) manat 0.6 (altmış) qəpik və ödənilmiş 44 (qırx dörd manat) 0.62 (altmış iki) qəpik məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar