Məhkəmə qərarları › İş №e-2(032)-66/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-66/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-66/2024 01.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, vurulmuş ziyana görə Cavabdeh 1341 manat 0.41 qəpikəsas bocun və mediasiya xərci kimi ödənilmiş 55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 03 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və X1 haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 242 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Oba- Şirvan 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, müvafiq tarixlərdə “İnventarizasiya Nəticələrinə dair” akta əsasən yekun ziyan məbləği 2826 manat 0.38 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş və ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Sonuncunun yekun olaraq qalıq borcu 1341 manat 41 qəpik təşkil edir.Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsədə, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədiyini, əmək haqqı gecikdiyi üçün kassadan pulu götürdüyünü, mağazadan fevral-mart aylarında oğurluq olmasını bildirmiş, həmçinin iddia müddətinin tədbiqinə dair ərizə təqdim edərək tələb üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddəti üzürlü səbəblər olmadan buraxıldığından iddia təmin olunmamalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılaraq sonuncu satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 03 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 05 yanvar 2022-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, sonuncunun administrator vəzifəsinə işə qəbul olunması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə əlavələr olmuş, eyni tarixdə onunla X1 barədə müqavilə bağlanmışdır. Bağlanmış maddi məsuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh yeni təyinat aldığı administrator vəzifəsinin icrası ilə əlaqədar işəgötürən şirkət qarşısında X1 daşıyır. Həmçinin vəzifəsinin təlimatına əsasən administrator kimi Cavabdeh qəbul edilmiş nağd pul vəsaitləri rəhbərliyin nümayəndəsinə və ya inkassatora təhvil verilənə qədər vəsaitlərin qorunmasına görə məsuliyyət daşıyır. İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli, 242 saylı əmrlə Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh ilə təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 2826,38 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1341,41 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 01 may 2023-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 1341,41 manat təşkil edir. “İnventarizasiya Nəticələrinə” dair akta əsasən Cavabdeh “Oba- Şirvan 11” mağazasında çalışdığı zaman cəmiyyətə vurduğu yekun ziyan məbləği 2826,38 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, DN 5509 nömrəli xəbərdarlığa əsasən İddiaçı MMC Cavabdeh hazırki iddianın həcmində olan maddi çatışmamazlıqlarla əlaqədar müvafiq məlumatlandırmışdır. İddiaçı MMC-nin məktubunda göstərilmişdir ki, Cavabdeh “Oba-Şirvan 11” mağazasında 2022-ci ilin yanvar ayından aprel ayınadək işlədiyi müddət ərzində oğurluq hadisəsinin olması ilə əlaqədar hər hansı müraciət daxil olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı MMCnin Satış Departamentinə 05 yanvar 2022-ci il tarixindən administratoru vəzifəsində çalışır, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh İddiaçı mağazası üzrə maddi məsul şəxs olmuşdur. Cavabdehin iştirakı ilə mağazada inventarizasiya keçirilmiş, nəticədə ziyan məbləği 2826,38 manat məbləğində maddi çatışmamazlıq aşkar edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş və ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmış, qalıq borc 1341,41 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh keçirilmiş inventarizasiya tanış olsa da yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə hazırki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 6-cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmənin mövqeyi və əsaslandığı hallar Qanunda müəyyən olunmuş “işəgötürən işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər” müddəasını rəhbər tutsaq, hazırki iş üzrə İddiaçı MMC-yə cavabdeh tərəfindən ziyanın yetirilməsi ilə əlaqədar tərtib edilmiş inventarizasiya aktı əsasında son yoxlama tarixi xx.xx.2022-ci il tarixdən 1 (bir) il ərzində məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarına əlavə edilmiş mediasiya arayışından məlum olur ki, iddiaçı şirkət xx.xx.2023cü il tarixdə Bakı 4 saylı Mediasiya Təşkilatı vasitəsilə tərəfə təklif göndərilmiş, xx.xx.2023cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur. Belə olan halda, İddiaçı MMC üzürlü səbəb olmadan məhkəməyə müraciət etmə müddətini buraxmışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ona maddi ziyanın vurulması ilə əlaqədar məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən olunmuş müddəti ötürdüyündən İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə 1341.41 manat və ödənilmiş 55 manat dövlət rüsumunun alınması barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın rədd edilməsini nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə 1341 manat 0.41 qəpik və ödənilmiş 55 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar