Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-756/2024 27.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5033 manat 41 qəpik məbləğində əsas borcu, 248 manat 63 qəpik məbləğində faiz borcu , 21 manat 25 qəpik məbləğində cərimə olmaqla, cəmi 5303 manat 29 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 73 manat 04 qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, 21190***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 15.00 % ödəmək şərti ilə aldığı xx.xx.2023-cü il tarixdə aldığı 6000 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 02-dək ayda 208 manat 04 qəpik ödəməklə) banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 5033 manat 41 qəpik, faizlər üzrə 248 manat 63 qəpik, cərimə borcu üzrə 21 manat 25 qəpik təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib.Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, izahat verərək bildirdi ki, atasının xəstəliyi ilə əlaqədar 3 il müddətinə kredit götürmüş, 5 ay ödəniş etmişdir. Lakin sonradan ailə vəziyyəti ilə əlaqədar maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Aylıq 100 manat olmaqla borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : İddiaçı ASC ilə Cavabdeh arasında 21190***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması bağlanmışdır. Göstərilən kredit razılaşmasının : 1.1-ci bəndinə əsasən bu əsas kredit razılaşmasına əsasən kreditverən borcalana 50000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət etmək (kreditverənin mobil tətbiqetməsi və ya www.bankrespublika.az internet səhif’si vasitəsi ilə, həmçinin kreditverənin 9144 qısa nörməsinə və ya +**********44 mobil nömrəsinə “şəxsiyyət vəsiqəsinin FİN kodu” nu yazaraq göndərmək) etmək hüququna malikdir; 1.2-ci bəndinə əsasən bu əsas kredit razılaşmasına əsasən kredit borcalana istehlak tələbatlarının ödənilməsi məqsədi ilə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) minum 10 % maxsimum 29 %-dir; 1.3-cü bəndinə əsasən əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və borclana göndərilən SMSdə qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə kreditverənə geri qaytarılacaqdır. Sms çıxarış portalından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə, illik 15 faiz dərəcəsi, 60 manat komissiya ilə 6000 manat məbləğində, aylıq ödəniş 208 manat 04 qəpik olmaqla kredit təklif olunmuş, xx.xx.2023-cü il tarixdə vəsait karta köçürülmüşdür. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" ASC xx.xx.2024-cü il tarixinə əsas kredit borcu üzrə 5033 manat 41 qəpik , faiz borcu üzrə 166 manat 82 qəpik , cərimə borcu üzrə 6 manat 18 qəpik məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən borc tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli 21020***-*******02 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixinə borcu 5033 manat 41 qəpik əsas, 248 manat 63 qəpik faiz borcu, 21 manat 25 qəpik cərimə, cəmi 5303 manat 29 qəpik təşkil edir. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 73 manat 44 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının hesablanmış faiz borcunun cavabdehdən tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehin banka xx.xx.2024-cü il tarixinə əsas kredit borcu üzrə 5033 manat 41 qəpik , faiz borcu üzrə 166 manat 82 qəpik, cərimə borcu üzrə 6 manat 18 qəpik məbləğində kredit borcu, cəmi 5206 manat 41qəpik borcu mövcuddur. İddia ərizəsində isə göründüyü kimi, faiz və cərimə borcunun məbləği artırılmışdır. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Beləliklə, İddiaçı ASC-i tərəfindən müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) barədə iradə ifadəsi qarşı tərəfə xx.xx.2024-cü il tarixli bildirişlə çatdırılmış və daha sonrakı tarixə faizin hesablanması əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz və cərimə borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2023-ci il tarixli 21020***- *******02 saylı müqavilə kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixinə 166 manat 82 qəpik faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli 21020***-*******02 saylı kredit razılaşması üzrə 5033 manat 41 qəpik əsas, 166 manat 82 qəpik faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından əsas borcun tutulması hissəsində iddia tam, faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 21 manat 25 qəpik məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini, işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 21 manat 25 qəpik deyil, 5 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir . Məhkəmə iddia tələbinin ödənilmiş 73 manat 04 qəpik dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Cavabdeh xx.xx.2023-ci il tarixli 21020***-*******02 saylı kredit razılaşması üzrə 5033 manat 41 qəpik əsas, 166 manat 82 qəpik faiz, 5 manat cərimə borcu olmaqla cəmi 5205 manat 23 qəpik pul və dövlət rüsumu üçün ödənilmiş 73 manat 44 qəpik məbləğində pul alınaraq İddiaçı ASC -yə ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 5033 (beş min otuz üç) manat 41 (qırx bir) qəpik əsas, 166 (yüz altmış altı) manat 82 (səksən iki) qəpik faiz, 5 (beş) manat cərimə borcu olmaqla cəmi 5205 (beş min iki yüz beş) manat 23 (iyirmi üç) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 73 (yetmiş üç) manat 44 (qırx dörd) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-756/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-756/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver