Məhkəmə qərarları › İş №e-2(032)-761/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-761/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-761/2024 23.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı “Kapital Bank” ASC-nin cavabdeh Sadıqlı Turanə Gülhəsən qızına qarşı “pul tələbinə” dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Kapital Bank” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Sadıqlı Turanə Gülhəsən qızından “Kapital Bank” ASC-nin xeyrinə 1312 manat 41 qəpik əsas, 189 manat 24 qəpik faiz borcu olmaqla, cəmi 1501 manat 65 qəpik pul vəsaitinin və 35 manat 02 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Sadıqlı Turanə Gülhəsən qızı aralarında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 24.02.2023-cü il tarixli, BUMM9888307A299 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 1400 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin 03.04.2024-cü il tarixə “Kapital Bank” ASC-yə 1312 manat 41 qəpik əsas, 189 manat 24 qəpik faiz, cəmi 1501 manat 65 qəpik borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan: Sadıqlı Turanə Gülhəsən qızının ərizəsindən görünür, gündəlik tələbat məqsədləri üçün “Kapital bank”ASC tərəfindən 1400 manat məbləğində, BUMM9888307A299 nömrəli müqavilə ilə Birbank kartı verilməsini xahiş etmişdir. 24.02.2023-cü il tarixli, BUMM9888307A299 saylı “Kredit (Kredit xətti) və Hesab müqaviləsinə (Umico Market Place üzrə) Müştərinin əlavə Zəmanət və Bəyanatlarına dair 1 saylı Qoşmadan görünür ki, müştəri Sadıqlı Turanə Gülhəsən qızı “Kapital bank” ASC tərəfindən ona “Umico Market Place” platforması üzərindən əldə edilməsi məqsədilə, 24.02.2023-cü il tarixli, BUMM9888307A299 saylı “Kredit (kredit xətti) və Hesab” müqaviləsi əsasında kredit ədə etmiş və qoşmanı imzalayaraq təsdiq etmişdir. “Kapital bank” ASC ilə Sadıqlı Turanə Gülhəsən qızı arasında bağlanmış 24.02.2023-cü il tarixli, BUMM9888307A299 saylı kredit və hesab müqaviləsindən görünür ki, cavabdeh Sadıqlı Turanə Gülhəsən qızına 36 ay müddətinə, illik 29.26% dərəcəsi ilə 1400 AZN məbləğində kredit xətti açılmışdır. 18.03.2024-cü il tarixli məlumat məktubundan görünür ki, “Kapital Bank” ASC tərəfindən borclu Sadıqlı Turanə Gülhəsən qızına kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. 06.04.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Sadıqlı Turanə Gülhəsən qızının BUMM9888307A299 saylı 24.02.2023-cü il tarixli kredit müqaviləsi üzrə 03.04.2024-cü il tarixə 1312 manat 41 qəpik əsas, 189 manat 24 qəpik faiz borcu olmaqla, cəmi 1501 manat 65 qəpik borcu yaranmışdır. Mədaxil qəbzindən (№1415542402) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat 42 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Sadıqlı Turanə Gülhəsən qızından 1312 manat 41 qəpik əsas, 189 manat 24 qəpik faiz olmaqla, ümumilikdə 1501 manat 65 qəpik borc tutularaq iddiaçı “Kapital Bank” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 35 manat 02 qəpik dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 284-5.3, 284-6.və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh Sadıqlı Turanə Gülhəsən qızından 1312 (min üç yüz on iki) manat 41 (qırx bir) qəpik əsas, 189 (yüz səksən doqquz) manat 24 (iyirmi dörd) qəpik faiz borcu olmaqla, cəmi 1501 (min beş yüz bir) manat 65 (altmış beş) qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat 02 (iki) qəpik pul tutularaq “Kapital Bank” ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar