Məhkəmə qərarları › İş №e-2(032)-81/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-81/2025

14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-81/2025 14.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək onun yetkinlik yaşına çatana kimi hər ay 235 manat miqdarda aliment müəyyən edərək, X2 üçün hər ay 235 manat məbləğində alimentin və ödənilmiş mediasiya ilə bağlı 50 manat məbləğinin Cavabdeh İddiaçı xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin tutulması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci ildə Əlibayramlı (indiki Şirvan) şəhər Nikah evində bağlanmış akt qeydləri kitabında 243 nömrəsi ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il tarixdə X3 İddiaçı himayəsində saxlanılması, xx.xx.2010-cu il tarixdə X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 02 noyabr 2022-ci il tarixdən (məhkəməyə müraciət etdiyi) hesablanmaqla xx.xx.1982-ci ildə Şirvan şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Cavabdeh hər ay uşağa görə 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Alimentin təyin edilməsindən 1 ildən çox müddət keçmişdir, xx.xx.2010-cu il təvəllüdlü X3 tələbatları günü gündən artmaqda davam edir, o cümlədən uşaq 6 fənn üzrə hazırlıq kurslarına getdiyi üçün iddiaçı tərəfindən ümumi olaraq hər ay üzrə 300 manatdan çox ödənişlər edilir. Respublikada uşaqların günlük xərcləri ilə yanaşı məktəb və qida xərcləridə 3 dəfə artmışdır. Lakin qeyd edilən xərclərlə bağlı cavabdeh tərəfindən heç bir köməklik göstərilmir. Məcburiyyət qarşısından qalaraq uşağın alimentinin artırılması ilə bağlı rəsmi formada cavabdehə məktub göndərilmiş, amma buna baxmayaraq, cavabdeh layiqincə valideyn vəzifələrini icra etməkdən yayınır. Halbuki qanunvericiliyin tələbinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar,eynizamanda valideyinlər uşaqların təhsilalmasını təmin etməyə borcludurlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-2-ci yarımbəndə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-3-cü yarımbəndə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının mahiyyətindən göründüyü kimi alimentin artırılması ilə bağlı Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların, yəni alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı halların mövcudluğu müəyyən edilərsə (iddiaçı tərəfindən bununla bağlı müvafiq sübutlar təqdim edilərsə) məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Hazırkı halda iddia ərizəsinin məzmunundan göründüyü kimi mülki iş üzrə iddiaçı məhz ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının artırılması ilə bağlı olaraq təyin edilmiş olan alimentin artırılmalı olduğunu iddia edir. Belə olan halda isə iddia tələbi üzrə işə mülki mühakimə icraatı qaydasında baxlımalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 2(032)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək onun yetkinlik yaşına çatana kimi hər ay 235 manat miqdarda aliment müəyyən edilməsi barədə iddia tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olmadağından iş üzrə icraata xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndindən göründüyü kimi “... Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında baxılmalıdır.” Qeyd edilənlərə əsasən məhkəmə, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı Şirvan Şəhər Məhkəməsinin 2(032)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 235 manat sabit pul məbləğində təyin edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar