Məhkəmə qərarları › İş №e-2(032)-836/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-836/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-836/2024 20.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı “X1” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “X1” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6497 manat 23 qəpik məbləğində əsas borcu, 2485 manat 19 qəpik məbləğində faiz borcu , 162 manat 06 qəpik məbləğində cərimə , müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi 525 manat 19 qəpik , cəmi 9669 manat 67 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 117 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “X1” MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT “X1” MMC (bundan sonra təşkilat) arasında xx.xx.2018-ci il tarixli, L-BK-0043370-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “ev təmiri” məqsədilə borcluya 36 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 11700 (on bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2018-ci il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 5.202,77 (beş min iki yüz iki manat 77 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 4.982,71 (dörd min doqquz yüz səksən iki manat 71 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 519,52 (beş yüz on doqquz manat 52 qəpik) manat olmaqla cəmi 10.705,00 (on min yeddi yüz beş manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata 6.497,23 (altı min dörd yüz doxsan yeddi manat 23 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 2.485,19 (iki min dörd yüz səksən beş manat 19 qəpik) manat faiz borcu və 162,06 (bir yüz altmış iki manat 06 qəpik) manat cərimə borcu var. Bundan əlavə, “X1” MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2018-ci il tarixli, L-BK-0043370-F saylı kredit müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur.Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 525,19 (beş yüz iyirmi beş manat 19 qəpik) manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X1” MMC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan : Bank Olmayan Kredit Təşkilatı “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli L-BK-0043370-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 30 % ödəmək şərti ilə 11700 manat məbləğində kredit verilmişdir. Bank Olmayan Kredit Təşkilatı “X1” MMC -nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2018-ci il tarixli L-BK- 0043370-F saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 5 (beş) iş günü ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən borc tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixinə borcu 6497 manat 23 qəpik əsas, 2485 manat 19 qəpik faiz borcu, 162 manat 06 qəpik cərimə,525 manat 19 qəpik əldən çıxmış fayda, cəmi 9669 manat 67 qəpik təşkil edir. xx.xx.2024-cü il tarixli, **********1 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 117 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.3-cü maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin 162 manat 06 qəpik məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini, işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 162 manat 06 qəpik deyil, 10 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir . Məhkəmə iddia tələbinin ödənilmiş 117 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Cavabdeh 6497 (altı min dörd yüz doxsan yeddi) manat 23 (iyirmi üç) qəpik əsas borc, 2485 (iki min dörd yüz səksən beş) manat 19 (on doqquz) qəpik faiz borcu, 10 (on) manat cərimə borcu, 525 (beş yüz iyimi beş) manat 19 (on doqquz) qəpik müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 9517 (doqquz min beş yüz on yeddi) manat 61 (altmış bir) qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X1” MMC-yə ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227ci, 233-cü, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 6497 (altı min dörd yüz doxsan yeddi) manat 23 (iyirmi üç) qəpik əsas borc, 2485 (iki min dörd yüz səksən beş) manat 19 (on doqquz) qəpik faiz borcu, 10 (on) manat cərimə borcu, 525 (beş yüz iyimi beş) manat 19 (on doqquz) qəpik müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 9517 (doqquz min beş yüz on yeddi) manat 61 (altmış bir) qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X1” MMC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 117 (yüz on yeddi) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X1” MMC-yə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar