Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-90/2024 23.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Cavabdeh və nümayəndəsi Nümayəndə2 Səttar oğlunun iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutuması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş ziyana görə 6979,65 manat sığorta ödənişinin, ödənilmiş 89,79 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** FL *** dövlət qeydiyyat nişanlı “QAZ 2410” markalı avtonəqliyyat ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü sığortalanmış ** XE *** dövlət qeydiyyat nişanlı “Nissan SUNNY” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 təqsirli bilinmişdir. Sığortalı ** XE *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə vurulan zəərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** XE *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 6979,65 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”-na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi icraya yönəldilmiş və 6979,65 manat məbləğində sığorta ödənişi (5914,96 manat nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 1064,69 manat ƏDV olmaqla) avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2021-ci il tarixində 6979,65 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında vəsatət təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. Ziyan dəymiş avtomobilin hissələri düzgün göstərilməyib və həmin hissələrin qiyməti həddindən artıq şişirdilmişdir. Odur ki, iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Səttar oğlu maddi vəziyyətinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Polis Şöbəsinin YPX-nin baş inspektor polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-cuiil tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 339.1-1, 327.6 və 332.4-cü maddələrinin tələblərini pozmuşdur. xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, “Nıssan Sunny” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 12.000 manat məbləğində sığortalanmışdır. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(032)-1641/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10171 saylı rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 122373 nömrəli qüsur aktında 2009-cu il buraxılışlı, ağ rəngli, “Nissan Sunny” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 4747 manat müəyyən edilir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Şirvan şəhər Polis Şöbəsinin YPX tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 339.1-1, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilindiyini və təqsirliliyi nəticəsində sığortalı “Nıssan Sunny” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, ekspertiza rəyində əsas borc tələb edilən borcdan aşağı olduğu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10171 saylı rəyi ilə razılaşır. Həmçinin iddiaçının təmir şirkətinə ödədiyi ƏDV məbləğinə gəldikdə isə, həmin məbləği də ekspert rəyində müəyyən edilmiş təmir-bərpa xərcinə mütənasib hesablanaraq cavabdehdən tutulması məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ümumilikdə 5601,46 manat (4747 manat təmir-bərpa xərci + 854,46 manat ƏDV) məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə ödənilmiş 89 manat 0.79 qəpik dövlət rüsumundan, 0.40 qəpik bank xidmətindən və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan tələbə mütənasib cavabdehə və iddiaçıya aid edilməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 5601 (beş min altı yüz bir) manat, 46 (qırx altı) qəpik pul və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı alınaraq "xxxx" ASC-yə verilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat Cavabdeh, 20 (iyirmi) manat isə iddiaçı "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-90/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-90/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver