Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-985/2025 24.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 7119.20 manat məbləğində əsas, 1061.80 manat faiz borcu və 81.82 manat cərimə borcu olmaqla, ümumilikdə 8262.82 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 103.03 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 21nkSTB2/24 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2028-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 7748 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (ödəniş cədvəli tərtib olunub). Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın xx.xx.2023-ci il tarixli 4119sADJb/23 saylı kredit müqaviləsi üzrə və xx.xx.2023-ci il tarixli 18218nkADJb/23 saylı kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun akseptsizsilinməsi əməliyyatları bank hesablarından çıxarışla özəksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq Bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edir. Cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçı "xxxx" ASCnin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 20 may 2025-ci il tarixli hazırlıq iclasında Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək, 7119.20 manat əsas borcun, faiz borcunun isə ona ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə uyğun, yəni 640.68 manat məbləğində tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 21nkSTB2/24 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 7748 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 21nkSTB2/24 saylı kredit müqaviləsinə əsasən 7119.2 manat əsas, 640.68 manat faiz və 28.09 manat cərimə borcu olmaqla, ümumilkdə 7787.97 manat borcunun olduğu, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablandığı, banka olan bütün borc məbləğinin 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edildiyi, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərcləri tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət edəcəkləri qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 21nkSTB2/24 saylı kredit müqaviləsi üzrə 7119.2 manat məbləğində əsas borcu, 1061.8 manat məbləğində faiz borcu və 81.82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8262.82 (səkkiz min iki yüz altmış iki manat səksən iki qəpik) manat kredit borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bankla borclu arasında xx.xx.2024cü il tarixli 21nkSTB2/24 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2028-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 7748 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Bank tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin borclu tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müəyyən edilmiş müddət və cədvəl üzrə ödənişlərin həyata keçirilməsi öhdəliyi pozulmuşdur. Hazırda bank borclu tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış olan borcun ödənilməsi ilə bağlı məhkəmə müraciət etmişdir. Hazırda iddiaçı Cavabdeh 7119.20 manat əsas, 1061.80 manat faiz, 81.82 manat cərimə borcunun tutulmasını xahiş edir. İddiaçının iddia tələbinin Cavabdeh 7119.20 manat əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən kredit müqaviləsi üzrə əsas borca hesablanmış 1061.80 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdən göründüyü kimi iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli 21nkSTB2/24 saylı kredit müqaviləsi üzrə faiz borcu məhz sonuncuya ünvanlanmış olan xx.xx.2025-ci il tarixili bildiriş əsas götürülməli və cavabdehdən 640.68 manat məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin cavabdehdən 81.82 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia cərimə borcunun tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 81.82 manat deyil, 8 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 102.63 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 21nkSTB2/24 saylı kredit müqaviləsi üzrə 7119.20 manat əsas, 640.68 manat faiz borcu, 8 manat cərimə borcu olmaqla, cəmi 7767.88 manat və dövlət rüsumuna görə ödənilmiş 103.03 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-985/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-985/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver