Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1029/2025 23.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3273,46 (üç min iki yüz yetmiş üç manat qırx altı qəpik) manat əsas kredit borcu, 53,17 (əlli üç manat on yeddi qəpik) manat faiz borcu, 45 (qırx beş) manat penya borcu olmaqla, ümumilikdə 3371,63 (üç min üç yüz yetmiş bir manat altmış üç qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 54 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1nın müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 illik 1% olmaqla 60 ay müddətinə 4310.10 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh istifadə etdiyi kreditə görə ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh2 onunla birlikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit və zaminlik müqaviləsinin şərtlərinə görə müqavilələrdən irəli gələn öhdəliklərə görə cavabdehlər birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehlərə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmiş, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Hazırda Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 3273.46 manat əsas borc, 53.17 manat faiz borcu, 45 manat məbləğində penya borcu qalmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən 54 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 3371.63 manat borc və 54 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 23 iyun 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 illik 1% olmaqla 60 ay müddətinə 4310.10 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, faiz dərəcəsi 1% olmaqla, 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, kredit borcunun ilk 12 ay ərzində ayda 3,59 manat, sonrakı dövr isə ayda 91,64 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 2-ci maddəsinin “a” bəndinə əsasən, bu müqavilə borclu və kreditor qarşısında bu Müqavilənin 3.1-ci bəndində göstərilən məbləğdə və faizlə 60 ay müddətinə 12 ay güzəşt olmaqla “Zamin”in “Borclu”nun “Kreditor” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin Müqavilənin 2-ci maddəsinin “c” bəndinə əsasən, bu müqaviləyə əsasən borcun qaytarılması üçün son müddət 28 oktyabr 2024-cü il tarixi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsi üzrə 29 iyul 2021-ci ilə tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması barədə arayışdan görünür ki, həmin tarixə 2567,09 manat əsas borcu, 47,97 manat faiz borcu və 45 manat cərimə borcu mövcuddur. Tətbiq edilən hüquq 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, faiz dərəcəsi 1% olmaqla, 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh2 onunla birlikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 45 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3273,46 (üç min iki yüz yetmiş üç manat qırx altı qəpik) manat əsas borc, 53.17 (əlli üç manat on yeddi qəpik) manat faiz borcu, 5 (beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 3 331,63 (üç min üç yüz otuz bir manat altmış üç qəpik) manat borc məbləği müştərək qaydada tutularaq iddiaçı "Aselkredit” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3273,46 (üç min iki yüz yetmiş üç manat qırx altı qəpik) manat əsas borc, 53.17 (əlli üç manat on yeddi qəpik) manat faiz borcu, 5 (beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 3 331,63 (üç min üç yüz otuz bir manat altmış üç qəpik) manat borc məbləği və 54 (əlli dörd) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "Aselkredit” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-1029/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1029/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver