Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1067/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1063/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Azərbaycan Respublikası Zaqatala rayonu, Mazıx kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin ödənilməsinə, vəkil xidmət haqqı 50 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onların cavabdeh ilə birgə nikahlarından xx.xx.2004-cü il tarixdə “Sultanmurad” və xx.xx.2007-ci il tarixdə “Əmrullah” adlı övladları doğulmuşdur. Onların cavabdehlə olan nikahları pozulmuş, uşaqların saxlanılması üçün Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1063/2019 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Qeyd etmək istəyir ki, cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır, o birinin isə 16 yaşı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşağa hər ay 220 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, uşaqların bütün qayğısı və ehtiyacları tamamilə onun özü tərəfindən çəkilir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Səhhəti ilə əlaqədar işləyə bilmir. 1 uşaq yetkinlik yaşına çatmışdır. Digər uşaq 10-cu sinif şagirdidir. Həmin uşağı təhsili ilə əlaqədar Modern Hazırlıq kursuna qeydiyyatdan keçirmişdir. Kursun aylıq ödənişi 145 manatdır. Aylıq xərcləri ödəməkdə çətinlik çəkir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilərək 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı № 967650 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 oktyabr 2007-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Zaqatala Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 2(033)-1063/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh alınaraq 02 dekabr 2004-cü il təvəllüdlü X2 və 12 oktyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-50/2013 nömrəli 11 yanvar 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməsi, 02 dekabr 2004-cü il təvəllüdlü X1 və ya yetkinlik yaşına çatanadək hər ay 60 (altmış) manat məbləğində müalicəsi üçün əlavə xərc Cavabdeh alınaraq İddiaçı ödənilməsi, aliment tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyaya təqdim etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 Filialından aldığı xx.xx.2023-cü il tarixli № 3-17-2/2-5-24219/2023 saylı arayış əsasında mediasiya xərclərindən birtərəfli qaydada azad edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zaqatala Rayon Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən 50 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il tarixdə “Sultanmurad” və xx.xx.2007-ci il tarixdə “Əmrullah” adlı övladları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli 2(033)- 1063/2019 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh alınaraq 02 dekabr 2004-cü il təvəllüdlü X2 və 12 oktyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)- 50/2013 nömrəli 11 yanvar 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddia tələbinə münasibət bildirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə məhkəmə iclasında göstərə biləcəyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasına gəlməyərək alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 12 oktyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf də məhkəmədə aliment məbləğinin iddia ərizəsində göstərdiyi məbləğdə artırılmasına əsas ola biləcək başqa hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddiaçının təhsil xərcləri ilə bağlı izahatında göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 12 oktyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(033)- 1063/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 190 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan başqa, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 50 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X11rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 50 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Cavabdeh 30 manat (190-120=70x12=840 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 12 oktyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(033)- 1063/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 50 (əlli) manat vəkil haqqı kimi ödənilmiş pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-1067/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1067/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver