Məhkəmə qərarları › İş №e-2(033)-1091/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1091/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1091/2025 06.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 06 oktyabr 2021-ci il tarixdə 1500 (bir min beş yüz) manat borc pul götürmüşdür. Cavabdeh həmin tarixdə yazılı kağız imzalayaraq borcunu etiraf etmişdir. Cavabdehlə aralarında olan yazılı razılığa əsasən öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin sonuncu günü cavabdehə zəng edərək öhdəliyinin icra edilməsini xatırlatmağına baxmayaraq cavabdeh bu günədək borcunu qaytarmamışdır. Ona dəfələrlə müraciət edərək borcunun qaytarılmasını tələb etsə də o, borcunu qaytarmamışdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh borcun etiraf edilməsini təsdiq edən onun tərəfindən şəxsən imzalanmış yazılı sənəd vermişdir. Hesab edilir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından Cavabdeh ilə aralarında bağlanmış yazılı razılıqdan irəli gələn öhdəlik münasibətləri yaranmış və iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Beləliklə, cavabdehlə aralarında 06 oktyabr 2021-ci il tarixli yazılı razılığa əsasən cavabdehə borc olaraq verdiyi cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti cavabdehdən məcburi qayda da alınıb ona ödənilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilən 35 (otuz beş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak ətməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Sadə yazılı formada Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, o, X1 sakini İddiaçı 3 ay müddətinə 1500 manat borc götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsindən görünür ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X7 1500 manatı xx.xx.2021-ci il tarixdən iddiaçıdan borc olaraq götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı 1500 manat borcun cavabdeh tərəfindən ödənməməsini bildirmişdir. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, borclu X7 İddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı 1500 manatı cavabdeh X5 vermiş, cavabdeh isə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 1500 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdeh X4 1500 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, 35 manat dövlət rüsumu cavabdeh X4 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh X4 1500 (bir min beş yüz) manat borc, 35 (otuz beş) manat dövlət rüsumu, cəmi 1535 (min beş yüz otuz beş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar