Məhkəmə qərarları › İş №e-2(033)-1125/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1125/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1125/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Vüqar Məmmədov Nemət oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim: İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4148.22 manat məbləğində əsas kredit borcunun, 235.11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun və 7.05 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış cərimə borcu olmaq, cəmi 4390.38 manat məbləğində pul vəsaitinin, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 63.91 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 36010***-*******01L saylı Əsas kredit Limiti müqaviləsinə əsasən Cavabdeh1 30 ay müddətinə illik 15 % dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 36010***-*******01L saylı kredit müqaviləsi xx.xx.2022 ci il tarixdə Restruktruzasiya edilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh3 və Cavabdeh2 ilə 36FİZAM173374304 sayıl və 36FİZAM106012303 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2023-ci il tarixə İddiaçı ASC-yə 4148.22 manat məbləğində əsas kredit borcu, 235.11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu,7.05 manat kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği olmaqla, cəmi 4390.38 manat məbləğində borcu qalmaqdadır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 04 oktyabr 2023cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, onlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir İşin halları İş materiallarında olan İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 36010***-*******01L saylı kredit limit müqaviləsindən və həmin tarixli Əlavə Razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 15 faiz dərəcəsi ilə 30 (otuz) ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir və xx.xx.2022-ci il tarixli müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun restrukturizasiyası barədə razılığa gəlmişdirlər. Bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit üzrə faiz dərəcəsi 15 faiz və kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli 36FİZAM106012303 saylı və 36FİZAM173374304 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli 36010***-*******01L saylı kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borc, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri İddiaçı ASC-yə tam şəkildə ödəməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 4148.22 manat əsas borcu, 235.11 manat faiz borcu və 7.05 manat cərimə borcu qalmışdır. 01 avqust 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC-in “Zaqatala” filialının müdiri tərəfindən cavabdehlərdən 3 gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks halda, məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdirlər. . Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 36010***-*******01L saylı kredit limit müqaviləsinə və həmin tarixli Əlavə Razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 15 faiz dərəcəsi ilə 30 (otuz) ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir və xx.xx.2022-ci il tarixli müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun restrukturizasiyası barədə razılığa gəlmişdirlər. Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi olmuşdur. Həmin Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında 36FİZAM106012303 saylı və 36FİZAM173374304 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcalan və cavabdeh zaminlər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 4148.22 manat əsas kredit borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehlərdən müştərək qayda kredit müqaviləsinə əsasən 235.11 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə borclular öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəklərini vəd etdiklərindən İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 7.05 manat məbləğində cərimənin ödənilməsi hissəsi də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 36181***-*******02R saylı restrukturizasiya razılaşmasına əsasən 4148.22 manat əsas kredit borcu, 235.11 manat hesablanmış faiz borcu və 7.05 manat hesablanmış cərimə borcu, cəmi 4390.38 manat borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 63.91 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 284, 357-362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli 36181***-*******02R saylı restrukturizasiya razılaşmasına əsasən 4148.22 (dörd min bir yüz qırx səkkiz manat iyirmi iki qəpik) manat əsas kredit borcu, 235.11 (iki yüz otuz beş manat on bir qəpik) manat hesablanmış faiz borcu və 7.05 (yeddi manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 4390.38 (dörd min üç yüz doxsan manat otuz səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 63.91 (altmış üç manat doxsan bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Nəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar