Məhkəmə qərarları › İş №e-2(033)-1210/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1210/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1210/2024 28.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşı tamam olanadək Cavabdeh ona ödədiyi 170 manat alimentin miqdarını artırılaraq hər ay sabit pul məbləğində 350 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-233/2021 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutulub ona verilməsi qərara alınmışdır. Hazırda o atasına məxsus olan evdə yaşayır. Maddi vəziyyəti olduqca aşağı səviyyədədir. Bütün günü uşağa baxır. Uşağa görə aldığı 170 manat aliment uşağın tələbatlarını ödəmir. O, uşağa baxdığına görə öz tələbatlarını ödəyə bilmir. Uşağın tələbatlarını ödəmək mümkün deyil. Uşağı xəstədir. Müalicəyə ehtiyacı vardır. Buna görə də, o alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin məhkəmə uşaq üçün yaşayış minimumundan az miqdarda aliment müəyyən etmiş və uşağın mənafeyi əhəmiyyətli dərəcədə pozulmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə daxil olmuş etiraz ərizəsindən görünür ki, iddiaçı ilə aralarında 2013-cü il tarixdə bağlanmış rəsmi nikah xx.xx.2017-ci il tarixdə Zaqatala Rayon Məhkəməsi qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan 22 noyabr 2014-cü il tarixdə X7 adlı övladları olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, boşanmanın, övladının atasız yaşamasının təqsirkarı, səbəbkarı iddiaçı Xəyalə olmuşdur. Boşanmanın əleyhinə olsa da, nikah pozulduqdan sonra oğlunun saxlanması üçün alimenti və müalicə xərclərini ödəmişdir. Bildirir ki, o 2019-cu ilin yanvar ayında yenidən ailə həyatı qurmuşdur və 2-ci evlilikdə xx.xx.2020-ci il tarixdə X4 və xx.xx.2022-ci il tarixdə X8 anadan olmuşdur. Təhsili, sabit iş yeri və gəlirləri olmadan ailəni saxlamağa, övladlarını layiqli vətəndaş kimi böyütməyə çalışır. Bundan başqa 70 yaşdan yuxarı yaşda xəstə atası və anası da vardır ki, onlara da baxmaq övladlıq borcudur. Onların aldıqları 220 manat minimum sosial pensiya müalicələrinə, iynə-dərmana çatmır. O iki dəfə avtomobil qəzası keçirmiş, səhhəti də ağır iş görməyə imkan vermir. Hal-hazırda Dövlət Məşğulluq Xidmətində iş axtaran kimi qeydiyyatdadır. Çoxdan qeydiyyatda olsa da, heç bir iş təklif olunmayıb. Əl əməyi ilə qul bazarında ailəsini dolandırmağa çalışır. Qış mövsümündə əl işləri demək olar ki, olmur və mütəmadi işsiz qalır. İddiaçı ən az 3 dəfə alimentin artırılması barədə iddia qaldırıb və məhkəmələr sonda onun ayda 170 manat ödəyə biləcəyi və ödəməli olduğu barədə qərar çıxarmışdır. Həmin aliment məbləğini belə ödəmək imkanı olmadığı vaxt məcbur olmuşdur ki, xəstə anasının cəmi aylıq 220 manat pensiya məbləğindən ödəsin. Buna baxmayaraq çalışır ki, aliment borcum qalmasın. Hörmətli Məhkəmə, uşaq hüquqlarına dair Konvensiyalar və qanunlar bütün uşaqlara, yəni ikinci evlilikdən olan iki övladına da aiddir. Hüquqlar yalnız boşanmış şəxsin himayəsində qalan övlada şamil edilmir. Hansı ki, həmin övladının atadan ayrı yaşamasının, yəni boşanmanın səbəbkarı Xəyalə özüdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinə görə valideynlər övladları qarşısında bərabər hüquqa malikdirlər və bərabər məsuliyyət daşıyırlar. İddiaçının övladının xəstə olması barədə qeydləri yalandır, o 11-ci yaşdadır, istəsə ana hər hansı bir işlə məşğul ola və onun müəyyən xərclərini özü çəkə bilər. İddiaçı Lahıc kəndində ata evində yaşayır. Ata evinə getdikdən sonra atası və anası vəfat etmiş və iddiaçı təkbaşına bütün vərəsələrə məxsus ev, həyətyanı, torpaq sahələri və bağlara yiyələnmişdir. Maddi imkanları ondan 10 dəfə çoxdur. Buna baxmayaraq bildirir ki, əgər ayda 170 manat alimentlə uşağı saxlaya bilmirsə, onu könüllü şəkildə onun himayəsinə versin. Onu o biri övladlarından ayırmadan uşağı saxlayar və himayə edər. O 3 uşağın, ailəsinin, xəstə ata və anasının əziyyətini çəkərək fikirləşirdi ki, məhkəməyə müraciət etsin, aliment məbləği azaldılaraq 100 manat müəyyənləşdirilsin, iddiaçı isə alimenti əsassız olaraq artırmaq istəyir. Ona görə də yuxarıda göstərdiklərini nəzərə alıb, İddiaçı "alimentin artırılmasına dair" iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı 25 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki is materiallarında olan sənədlər Qax rayon Almalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 dekabr 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 noyabr 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-233/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair ilk iddiası rədd edilmiş, 30 (otuz) manat dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh alınaraq 22 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qax Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(024)-698/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarının artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, qarşılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi X6 və Cavabdeh, İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Mingəçevir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində qeydə alınmış xx.xx.2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında nikah xx.xx.2020-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 333 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Xəlilova soyadı verilmişdir. Azərbaycan Respublikası Qax rayonu İcra Hakimiyyətinin Almalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 451 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən də Almalı kəndində qeydiyyatdadır və yaşayır. Vətəndaş Cavabdeh heç bir idarə və dövlət müəssisəsində çalışmır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il tarixli X3 atası Cavabdehdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatlarını dinləyib, iddiaçının ərizəsinin nəzərdən keçirib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 22 noyabr 2014-cü il təvəllüdlü X7 iddiaçının himayəsindədirlər və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 170 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2021-ci ildə, yəni uşağın 6 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 10 yaşındadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili və tibbi kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən bir uşaq üçün 170 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır, həmçinin cavabdehin yenidən ailə həyatı qurmasını və himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq hesab edir ki, aliment məbləğinin bir uşağa üçün 185 manat artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 22 noyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-233/2021 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 185 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (185-170=15x12=180 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci tələb edilmədiyindən həmin xərclər onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-233/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 22 noyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 170 (bir yüz yetmiş) manat miqdarında alimentin məbləği artırılsın. 22 noyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 185 (bir yüz səksən beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci tələb edilmədiyindən həmin xərclər onun özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar