Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-125/2023 25.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1506 (bir min beş yüz altı) manat pulun, 1000 (bir min) manat maddi zərərin və iddia ərizəsi üçün ödənilmiş 45.06 (qırx beş manat altı qəpik) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin fevral-mart aylarında bazar ərazisində qəssablıqla məşğul olan Ramin adlı şəxsə 3 baş malını kəsimlik üçün vermişdir. Belə ki, qəssab Ramin birinci heyvanın pulunu tam ödəmiş, ikinci heyvanın pulunun müəyyən hissəsini ödəmişdir. Üçüncü heyvanı apararkən qalıq borcunu bir yerdə ödəyəcəyini bildirmişdir. Hal-hazırda cavabdehin ona 1506 manat borcu vardır. İkinci heyvanın qalıq borcu 578 manat, üçüncü heyvanın pulu isə 928 manat təşkil edir. Dəfələrlə cavabdehə pulunu qaytarması ilə bağlı xəbərdarlıq etmişdir. O, hər dəfə onu aldadaraq borcunu qaytarmaqdan yayınmışdır. Ailənin yeganə qazanc yeri maldarlıq olduğuna görə qəssab Ramin tərəfindən mal ətinin pulu vaxtında qaytarılmamasına görə zərərə düşmüşdür. Qəssab Raminin hərəkətləri nəticəsində 12 yaşlı uşağının göz əməliyyatını etdirə bilməmişdir. Aralarında telefon danışıqları, WhatsApp yazışmaları əyani sübutdur. Hesab edir ki, cavabdeh onun etibarından sui-istifadə etməklə 1506 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu barədə dəfələrlə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Cavabdeh ona qarşı dələduzluq etməsi barədə şikayət etmişdir. Zaqatala RPŞ-dən cavabdehin naməlum ünvanda yaşadığından onun izahatının alınmasının mümkün olmadığı məlum olmuşdur. X3 ünvanladığı digər məktubda isə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məlumat üçün bildirir ki, cavabdehin ata adı cəmiyyət arasında Məhəmməd kimi bilinsə də, şəxsiyyət vəsiqəsində Xaləddin oğlu kimi qeyd olunur. Bundan başqa cavabdeh onu maddi zərərə salmışdır. Cavabdeh satdığı mal ətinin pulunu vaxtında vermiş olsaydı, indiyə qədər əlavə 1000 (bir min) manat qazanc əldə edərdi. Hazırda cavabdehdən 1506 manat pulunu və maddi zərərin əvəzi olaraq 1000 manat tələb edir. Ona görə də, məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Zaqatala rayonu İcra Hakimiyyəti Gözbarax kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli 392 nömrəli arayışdan görünür ki, İddiaçı adında təsərrüfatbaşına uçot kitabında 2020-ci ildə 6 baş, 2021-ci ildə isə 4 baş iribuynuzlu mal-qarası qeydə alınmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 16 nömrəli arayışdan görünür ki, 2021-ci ilin mart-aprel ayları ərzində bazar ərazisində 1 kq mal ətinin qiyməti keyfiyyətindən asılı olaraq 8-10 manat arasında olmuşdur. Whatsapp sosil şəbəkəsindən Qəsab Ramin adlı şəxslə yazışmaların çıxarışından görünür ki, yazışan tərəflər Ramin və Asadulla adlı şəxslərdir və Ramin adlı şəxsin Asadulla adlı şəxsə 1506 manat borcu vardır. Zaqatala Rayon Məhkəməsinin sorğusu əsasında Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 201-30367-1222 nömrəli müşayiət məktubu ilə daxil olmuş İddiaçı müraciəti əsasında toplanmış materiallarda olan Cavabdeh izahatından görünür ki, Zaqatala rayonu Gözbarax kənd sakini İddiaçıı uzun illərdir tanıyır, dəfələrlə ondan kəsib satmaq üçün iribuynuzlu heyvanlar götürmüşdür. Əsədullahın bildirdikləri doğrudur və onun Əsədullaha 1506 manat borcu var. Borcunu qısa müddətdə qaytaracağına söz verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçının izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı tərəfindən 2021-ci ildə Cavabdeh 3 baş iribuynuzlu heyvan verilmişdir. Cavabdeh həmin heyvanlardan birinin dəyərini tam şəkildə, digər heyvanın dəyərindən bir qismini iddiaçıya ödəmiş və malın dəyərindən 578 manat hissəsini, üçüncü heyvanın dəyəri olan 928 manatı isə iddiaçıya ödəməmişdir. Cavabdeh Bulacov X2 Rayon Polis Şöbəsində verdiyi izahatında İddiaçı 1506 manat borcunun olduğunu bildirmişdir. İddiaçı həmin heyvanların dəyərindən ödənilməmiş hissəsi olan 1506 manatın və maddi zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçı qarşısında həmin heyvanların dəyərini qaytarmalı olması ilə bağlı öhdəlik götürdüyündən iddia tələbi 3 ədəd iribuynuzlu heyvanların dəyərinin ödənilməmiş hissəsi kimi qeyd edilmiş “1506 manat maddi zərər” hissəsində təmin edilməlidir. İşin şərh olunan hallarından göründüyü kimi, İddiaçı şifahi tapşırıq müqaviləsi əsasında özünə məxsus 3 baş iribuynuzlu heyvanı kəsilib ətinin satılaraq dəyərinin ona ödənməsi üçün Cavabdeh təhvil vermiş, lakin Cavabdeh həmin heyvanların kəsilib ətinin satılaraq dəyərinin ödənilməsi tapşırığını kifayət qədər vicdanla icra etməmiş və heyvanları kəsərək öz şəxsi ehtiyacları üçün satması nəticəsində iddiaçıya zərər dəymişdir. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin bu hissədə təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh İddiaçı 3 ədəd iribuynuzlu heyvan olan malı götürməsi, həmin heyvanları kəsərək satması və həmin heyvanların dəyərinin bir hissəsi olan 1506 manat pulu öz ehtiyacları üçün xərcləməsi və iddiaçıya verməməsi öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə daha sonra iddia tələbinin 1000 manat maddi zərər hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən maddi zərərin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona ziyan vurulması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia tələbinin bu hissəsinin təmin olunması üçün yetərincə sübut olmadığından iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni yuxarıda sadalanan qanunvericilik normalarının hər hansı birinin dispozisiya şərtlərinə uyğun deyil. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbi qismən təmin edildiyindən İddiaçı dövlətə ödədiyi 45,06 manat dövlət rüsumunun 10 manatı özünə aid edilməli, 35,06 manat dövlət rüsumu isə Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1506 (bir min beş yüz altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 35,06 (otuz beş manat altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-125/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-125/2023
25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver