Məhkəmə qərarları › İş №e-2(033)-1331/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1331/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1331/2025 29.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********83 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsi üzrə kart limiti üzrə 355.31 manat əsas və 227.65 manat faiz borcu olmaqla 582.96 manat borcu, BPM**********83 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 1365.86 manat məbləğində kredit borcu olmaqla ümumilikdə cəmi 1948.82 (bir min doqquz yüz qırx səkkiz manat səksən iki qəpik) manat və ödənilmiş 39.49 (otuz doqquz manat qırx doqquz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Zaqatala filialı ilə X5 arasında bağlanmış BPM**********83 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit limiti və həmin müqaviləyə əsasən 24 ay müddətinə illik 19 faiz olmaqla 1760 manat məbləğində Nağd kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh qızı tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Zaqatala filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, X3 BPM**********83 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 355.31 manat əsas və 227.65 manat faiz borcu olmaqla, cəmi 582.96 manat, və həmin müqaviləyə əsasən nağd kredit üzrə 1365.86 manat məbləğində əsas borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 19 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İsmayılov Məmmədrasul Oruc oğlu arasında bağlanmış BPM **********83 nömrəli 10 mart 2021-ci il tarixli tam kart müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə şəxsi ehtiyacların ödənilməsi məqsədi ilə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 (beş yüz) manat məbləğində kredit limiti və həmin müqaviləyə əsasən 24 ay müddətinə illik 19 faiz olmaqla 1760 manat məbləğində nağd kredit ayrılmışdır. xx.xx.2021-ci il tarixli, BPM **********83 nömrəli məxaric orderindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı tərəfindən İsmayılov Məmmədrasul Oruc oğluna 1740 manat məbləğində pul vəsaiti verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə verilmiş AZ- İİ seriyalı 240857 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, İsmayılov Məmmədrasul Oruc oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2022-ci il tarixdə 37 nömrə ilə müvafiq qeyd edilmişdir. İşdə olan Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyest nömrəsi 2V- 503 olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-cu il tarixdə ölmüş İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi kimi müəyyən edilmişdir. İşdə olan cavabdeh İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 (üç) gün müddətində tam yerinə yetirilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, BPM **********83 nömrəli 10 mart 2021-ci il tarixli tam kart müqaviləsinə əsasən, kart limiti üzrə İsmayılov Məmmədrasul Oruc oğlunun xx.xx.2025-ci il tarixədək 355.31 manat əsas kredit borcu, 227.65 manat ödənilməmiş faiz borcu, kredit üzrə cəmi 582.96 manat borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, BPM **********83 nömrəli 10 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İsmayılov Məmmədrasul Oruc oğlunun xx.xx.2025-ci il tarixədək 1365.86 manat əsas kredit borcu vardır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala rayon Məhkəməsinin hesabına 39.49 (otuz doqquz manat qırx doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə İsmayılov Məmmədrasul Oruc oğlu arasında bağlanmış BPM **********83 nömrəli 10 mart 2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən İsmayılov Məmmədrasul Oruc oğluna illik 24 faiz olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit limiti və həmin müqaviləyə əsasən 24 ay müddətinə illik 19 faiz olmaqla 1760 manat məbləğində nağd kredit ayrılmışdır. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. İsmayılov Məmmədrasul Oruc oğlu kredit müqaviləsinə əsasən kredit borcunu bir müddət ödəmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Cavabdeh Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-503 olan xx.xx.2022-ci tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi kimi müəyyən edilmişdir. Cavabdeh mərhum İsmayılov Məmmədrasul Oruc oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, BPM **********83 nömrəli 10 mart 2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 355.31 manat əsas borc, nağd kredit üzrə isə 1365.86 manat əsas borc məbləği İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də, məhkəmə İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi Cavabdeh BPM **********83 nömrəli 10 mart 2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 227.65 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi Cavabdeh BPM **********83 nömrəli, 10 mart 2021ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 355.31 manat əsas borc, nağd kredit üzrə isə 1365.86 manat əsas borc, 227.65 manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu olmaqla, cəmi 1948.82 manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39.49 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İsmayılov Məmmədrasul Oruc oğlunun vərəsəsi Cavabdeh BPM **********83 nömrəli, 10 mart 2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 355.31 (üç yüz əlli beş manat otuz bir qəpik) manat əsas borc, nağd kredit üzrə isə 1365.86 (bir min üç yüz altmış beş manat səksən altı qəpik) manat əsas borc, 227.65 (iki yüz iyirmi yeddi manat altmış beş qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu olmaqla, cəmi 1948.82 (bir min doqquz yüz qırx səkkiz manat səksən iki qəpik) manat borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İsmayılov Məmmədrasul Oruc oğlundan vərəsəsi Cavabdeh 39.49 (otuz doqquz manat qırx doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar