Məhkəmə qərarları › İş №e-2(033)-1367/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1367/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1367/2025 25.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Əli qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İddia tələbi və dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12600.18 manat məbləğində əsas bоrc və 1356.54 manat faiz borcu оlmaqla, cəmi 13956.72 manat borcun və 131.87 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 03 may 2023 il tariхli, 900804-589945/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 19% dərəcəsi ilə 18000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – X1 arasında 03 may 2023 il tariхli, 900804-589945/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 03 may 2023 il tariхli, 900804-589945/3 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 02 oktyabr 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12600.18 manat məbləğində əsas bоrcu və 1356.54 manat faiz borcu оlmaqla, cəmi 13956.72 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 900804- 58945/3 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 59 ay müddətinə, illik 19% dərəcəsi ilə 18000 manat məbləğində krеdit vеrilmişdir. 03 may 2023 il tariхli, 900804-589945/3 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 18000 manat kredit verilmişdir. İddiaçı ASC-in 02 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 12600,18 manat əsas, 1356.54 manat faiz borcu, cəmi 13956,72 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 gecikdirilmiş öhdəliyi tam icra etməsi tələb edilmiş, əks təqdirdə İddiaçı ASC tərəfindən borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2025-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 131,87 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsiə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da ərizənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, 03 may 2023-cü il tariхli, 900804-589945/3 saylı krеdit müqaviləsinə əsasən 12600,18 manat əsas borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 1356,54 manat faiz borcunun da cavabdehlərdən tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 131,87 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-in xeyrinə 03 may 2023-cü il tariхli, 900804-589945/3 nömrəli kredit müqaviləsinə əsasən 12600,18 manat məbləğində əsas borc, 1356,54 manat ona hesablanmış faiz borcu, cəmi 13956,72 manat məbləğində vəsait və ödənilmiş 131,87 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 284-6, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 03 may 2023-cü il tariхli, 900804-589945/3 nömrəli kredit müqaviləsinə əsasən 12600,18 (on iki min altı yüz manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 1356,54 (bir min üç yüz əlli altı manat əlli dörd qəpik) manat ona hesablanmış faiz borcu, cəmi 13956,72 (on üç min doqquz yüz əlli altı manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti və 131,87 (bir yüz otuz bir manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar