Məhkəmə qərarları › İş №e-2(033)-1494/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1494/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1494/2025 17.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1373/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün aylıq 100 (yüz) manat sabit aliment məbləğini hər bir uşaq üçün aylıq 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 1373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin qətnamə ilə ərizə təmin edilərək, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında “birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 manat, iki uşaq üçün 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı ödəyəcəyinə razılığa gəlmələrinə dair bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 1373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişi ilə artıq həll edilmiş eyni predmet, yəni aliment barəsindədir. Hazırki mübahisənin tərəfləri İddiaçı və Cavabdeh eyni tərəflərdir. Göründüyü kimi, aliment məsələsi artıq xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə tənzimlənmiş və həmin saziş Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-1373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Hazırda iddiaçı barışıq sazişini mübahisələndirmədən, birbaşa onun predmeti olan məsələlər barəsində yeni iddia qaldırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi –alimentin miqdarının artırılması – artıq tərəflər arasında bağlanmış barışıq sazişi ilə həll olunduğundan və Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edildiyindən, MPM-in 153.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.2-ci maddəsinə əsasən, məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1 və 114.1.2-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İddia ərizəsi məhkəməyə təqdim edilərkən dövlət rüsumu ödənilməmişdir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar