Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-150/2023 11.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 20 iyun 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq 08 sentyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 20 iyun 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda böyük qızı-Sevgi İbrahimli 11 yaş 10 aylıq, kiçik qızı Sunay isə 7 yaş 5 aylıqdır. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Övladlarının xərcləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022ci ildə hər uşaq üçün minimum 193 (bir yüz doxsan üç manat) manat müəyyən edilmişdir. Uşağın bütün qayğısı və ehtiyacı tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Həmçinin o da halhazırda işləmir. Buna görə də “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti valideynlərinin köməkliyi ilə ödəyir, alimenti ödəməkdə çətinlik çəkir və alimentin məbləği artıdıldığı halda onun maddi durumu daha da pisləşəcək. Bunun nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş edir. Əlavə olaraq göstərdi ki, hər uşaq üçün təyin edilmiş alimentin məbləğinin 10 manat artırılmasına etiraz etmir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili Vəkil Cavabdeh stabil gəlir yerinin olmadığını, Zaqatala rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsində çətinlik çəkdiyini və alimentin məbləği artırıldığı halda artan məbləği ödəmək iqtidarında olmadığını, tərəflərin uşaqlarının saxlanılması cavabdehlə yanaşı iddiaçının da vəzifəsi olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İşin halları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 789751 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 sentyabr 2010-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası isə X4r. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 iyun 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 571963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 iyun 2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası isə X5r. Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(033)-480/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, X8 ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2010-cu il tarixli nikah qeydinin pozulması, nikahın pozulması qeydiyyat şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun Cavabdeh tutulması, X1 dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından 08 sentyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 20 iyun 2015-ci il tarixdə anadan olmuş X6 anaları X2 himayəsində saxlanılması, tərəflərin birgə nikahından 08 sentyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 20 iyun 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 aprel 2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X1 xeyrinə verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan mediasiya sessiyasında iştirak edilməsi barədə 15 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 20 iyun 2015-ci il təvəllüdlü X10 və 08 sentyabr 2010-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Tərəflərin arasında bağlanmış nikah pozulmuş, 20 iyun 2015-ci il təvəllüdlü X6 və 08 sentyabr 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 may 2021-ci il tarixli 2(033)-480/2021 nömrəli qətnaməsinə əsasən 01 aprel 2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X1 xeyrinə verilməsi qət edilmişdir. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə valideynlərinin köməkliyi ilə ödəməsi, yüksək gəlir yerinin olmaması və maddi imkanının aşağı olması onu hazırki uşaqları saxlamaq, saxlamadıqda isə uşaqların saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin və vəkilinin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 08 sentyabr 2010-cu il təvəllüdlü X7 və 20 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 08 sentyabr 2010-cu il təvəllüdlü X7 və 20 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-480/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla cəmi 320 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30,12 manat (160-117=43x2x12=1032 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 08 sentyabr 2010-cu il təvəllüdlü X7 və 20 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-480/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30,12 (otuz manat on iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-150/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-150/2023
11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver