Məhkəmə qərarları › İş №e-2(033)-150/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-150/2025

10.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-150/2025 10.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Zaqatala şəhəri Azərbaycan prospekti ünvanında yerləşən ümumi sahəsi 0.0077 ha olan torpaq sahəsində aparılan tikinti işlərinə törətdiyi maneələrə son qoyulması və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödədiyi 10 manat, iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 manat dövlət rüsumunun, cəmi 110 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Zaqatala şəhəri Azərbaycan prospekti ünvanında yerləşən ümumi sahəsi 0.0077 ha olan torpaq sahəsini xx.xx.2022- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində müvafiq tikinti aparmaq istəsə də, cavabdeh buna səlahiyyəti olmadığı halda, tikintini aparan ustaların işlərini icra etmələrinə maneə olur, onlara hədə qorxu gəlir. Həmin səbəbdən mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində istifadə edə və torpaq sahəsində müvafiq inşaat işləri aparmaq hüququnu həyata keçirə bilmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun Zaqatala şəhəri Azərbaycan prospekti ünvanında yerləşən ümumi sahəsi 0.0077 ha olan torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək, sahədə binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, torpaq sahəsində başqa şəxslərin tikinti aparmasına icazə vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, eləcə də cavabdeh tikinti işlərinin aparılması üçün məlumatlandırılmalı və ya icazə alınmalı vəzifəli şəxs olmadığından, onun satın aldığı tikinti təyinatlı torpaq sahəsində inşaat işləri aparmasına törətdiyi maneələr qanunsuz olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 06 noyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd olunanlar şər və böhtandır. Sözügedən ünvanda 0,077 ha torpaq sahəsi mövcud deyil. Həmin ünvanda iddiaçıya məxsus yarımtikili mövcuddur. Hansı ki, həmin tikilinin ona heç bir aidiyyatı yoxdur. Yarımtikilinin arxası onun həyətinə tərəfdir. Oraya gəlib-gedəndən, nə gətirilib və nə aparıldığından onun xəbəri yoxdur. Sadəcə eşitdiyinə görə sözügedən altıaçığın yarımçıq qalmasına səbəb qanunsuz olmasıdır. FHN-ın Qəbələ rayonlararası tikintilərinə nəzarət idarəsi tərəfindən bu barədə qərar qəbul olunmuşdur. Həmin qərar Zaqatala rayon İcra hakimiyyətinə və RPŞ-nə göndərilib. Qanunsuz inşa etdiyi altıaçıq barədə qərar olmasına baxmayaraq tikintini davam etdirdiyi üçün iddiaçıya xəbərdarlıq olunmuşdur. O, iddiaçını bir dəfə görmüşdür. Onu demək olar ki, tanımır. Onun barəsində əsassız iddia qaldırılmışdır. Onun rayonda olan nüfuzuna xələl gətirən, qanunsuz, əsasız həqiqətə söykənməyən şayələrə son qoyulmasını ona tövsiyə olunmasını xahiş edir. Məsələyə qanuni və düzgün hüquqi qiymət verilməsi üçün sözügedən əraziyə nümayəndənin göndərilməsini xahiş edir. Qaldırılan iddia əsassız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, özünə məxsus 0, 0077 ha torpaq sahəsində inşa edilmiş tikiliyə qapı qoymalıdır ki, həmin yerə sənəd verilsin. Lakin cavabdeh həmin tikilidə ustaların işləməsinə maneçilik törədir. Bundan başqa o, həmin yeri satmaq üçün ora makler göndərdikdə cavabdeh onlara bildirmişdir ki, oranı satsalar problemləri olacaqdır. Sonuncu dəfə o,su kanalizasiyası çəkərkən cavabdeh yanına gəlmiş və bildirmişdir ki, onlara işləməyə imkan verməyəcəkdir və dava salmışdır. O, məhkəməyə müraciət etdikdən sonra, tikintiyə davam etmiş və cavabdeh ona maneələr törətməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi əvvəl ona məxsus olmuş və həmin sahəni o makler vasitəsi ilə Məhərrəm adlı şəxsə satmışdır. Məhərrəm də həmin sahəni başqa şəxsə satmışdır. Həmin sahənin ona heç bir aidiyyatı yoxdur. O, bir gün evdə olarkən traktorçu onun həyətinin hasarını sökməyə başlamışdır. O, traktorçuya və orada olan digər şəxslərə bu barədə soruşdurda, onlar torpaq sahəsinin sahibinin bunu etmələrini tələb etdiyini bildimişlər. O, ustalara bildirmişdir ki, əvvəl o, həmin torpaq sahəsində olan ağacları yerindən çıxarıb başqa yerə köçürməli, həmin torpaq sahəsini boşaltmalı, daha sonra isə hasar çəkilməlidir. Ustalar onun hasarını söküb getmiş və daha sonra isə onun evdə olmadığı vaxt həyətinə tent çəkmişlər. Onun həyəti açıq qalmış və həyətində olan əşyalar itməyə başlamışdır. Ustalar istədikləri kimi onun həyətinə girib-çıxmışlar. Tikili inşa edilməyə başlamış və damı yığıldıqdan sonra tikinti dayanmışdır. İddiaçının inşa etdiyi tikili ilə qonşunun arasında 10 sm məsafə qaldığı üçün sonuncu tərəfindən şikayət olunmuşdur. Onun narazıçılığı ustaların həyətinə girməsi ilə olmuşdur. İddiaçının inşa etdirdiyi tikili qanunsuz olmuş və bu barədə Fövqəladə Hallar Nazirliyinin qərarı da mövcuddur. FHN-ın Tikintidə X1 Agentliyinin 20 fevral 2023-cü il tarixdə qərarı ilə iddiaçının tikinti işlərinin dayandırılması qərara alınmışdır. O, iddiaçıya tikinti işlərinin aparılmasına görə heç bir maneə törətməmiş və hazırda da törətmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 14 noyabr 2024-cü il tarixdə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o həm makler, həmdə ustadır. Cavabdeh ona zəng edərək özünə məxsus torpaq sahəsinin təcili olaraq satmaq istədiyini bildimişdir. Həmin torpaq sahəsini başqasının vasitəçiliyi ilə iddiaçı almış və orada tikintiyə başlamışdır. Tikinti başlayandan sona kimi özü ustalarla birlikdə iştirak etmişdir. Cavabdeh onlara gah qarğış etmiş, ünvanlarına nalayiq söyüşlər etmiş, tikintidə maneələr törətmişdir. Cavabdehə məxsus hasar ona görə sökülmüşdür ki, tikinti işləri aparılsın, sonra yenidən hasar tikilərək bərpa olunmuşdur. Cavabdeh qeyd olunan torpaq sahəsini öz həyətindən satmışdır, satdıqdan sonra isə heç kimə ora yaxın durmağa imkan vermirdi. Dəfələrlə cavabdehə görə ustalar çıxıb getmişlər. Cavabdehin həyəti açıq qalmamışdır. Yazılı sübutlar İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 13 iyun 2022-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən 0,0077 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış 06 iyun 2023-cü il tarixli məktubdan görünür ki, sonuncunun Zaqatala şəhəri Azərbaycan prospekti ilə Əhməd Laçınov küçələrinin kəsişməsində naməlum şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilmədən evinə yaxın məsafədə tikinti işlərinin aparılması barədə FHN-in “112 Çevik reaksiya idarəsi”nə daxil olmuş 17 may 2023-cü il tarixli müraciətinə Agentlikdə baxılmışdır. Qeyd edilən ünvanda fiziki şəxs İddiaçı tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün tərəflərindən tikinti işlərinin dayandırılması barədə 20 fevral 2023-cü il tarixli 0153 nömrəli “Qərar” verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələblərinə uyğun olaraq qəbul edilmiş qərar icra üçün sifarişçiyə verilmiş, surəti isə tikinti ərazisinə nəzarət etmək üçün Zaqatala rayon İcra Hakimiyyətinə və Zaqatala rayon Polis Şöbəsinə göndərilmişdir. İşdə olan 10 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 10 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı cavabdehin ona məxsus 0,0077 ha həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə yaratdığını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla, iddiaçının Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən mülkiyyətindəki 0.0077 ha həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən maneə törədilməsi halı təsdiq edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə törədilməsi və həmin maneənin cavabdehin hansı qanunsuz hərəkətlərindən ibarət olması təsdiq edilmədiyindən, iddiaçının cavabdehə qarşı mülkiyyətində olan Zaqatala şəhəri Azərbaycan prospekti ünvanında yerləşən ümumi sahəsi 0.0077 ha olan torpaq sahəsində aparılan tikinti işlərinə törətdiyi maneələrə son qoyulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Zaqatala şəhəri Azərbaycan prospekti ünvanında yerləşən ümumi sahəsi 0.0077 ha olan torpaq sahəsində aparılan tikinti işlərinə törətdiyi maneələrə son qoyulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar