Məhkəmə qərarları › İş №e-2(033)-166/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-166/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-166/2023 17.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Rafı̇ q qızının iştirakı ilə, İddiaçı Rafı̇ q qızının Cavabdeh Nərı̇ man oğluna qarşı alimentin artırılması və əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Rafı̇ q qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və həmçinin övladının "budların anadangəlmə yarımçıxığı, budun başının və boynunun deformasiyası, əzələlərin atropiyası, funksiya pozğunluğu" xəstəliyi ilə bağlı gələcəkdə olunacaq əməliyyat xərclərinə və "bitişmə mənşəli bağırsaq keçəməməzliyi" diaqnozu ilə bağlı gələcəkdə çəkilməsi zəruri olan müalicə xərclərinə cəlb edilməsi üçün hər ay 100 manat stabil pul məbləğində əlavə xərclərin Cavabdeh tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Rafı̇ q qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 sentyabr 2011-ci il tarixdə nikahını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından 01 iyun 2012-ci ildə "Fatimə" adlı bir övladları dünyaya gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(033)-1319/2014 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh hər ay iddiaçıya 80 manat məbləğində aliment ödəyirdi. Zaqatala Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(033)-802/2017 nömrəli qətnaməsi ilə alimentin məbləği artırılaraq 120 manat müəyyən edilmişdir. Lakin bu məbləğ çox az olduğuna və uşağın ehtiyaclarını təmin etmədiyinə görə alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o uşağa təkbaşına baxır. Qızının isə hazırda müəyyən xəstəlikləri var. Qızına "budların anadangəlmə yarımçıxığı, budun başının və boynunun deformasiyası, əzələlərin atropiyası, funksiya pozğunluğu" diaqnozu qoyulmuşdur və ona cərrahi əməliyyat məsləhət görülmüşdür. Qızının cərrahi əməliyyata ehtiyacı var. Bundan başqa doğulduğu gündən "bitişmə mənşəli bağırsaq keçəməməzliyi" diaqnozu ilə müalicə olunmuş və 2012-ci il tarixdə əməliyyat keçirmişdir. Həmçinin bu xəstəliyi ilə bağlı qızının mütəmadi müalicəyə ehtiyacı var. Bundan başqa qızının təhsil xərcləri də var. Buna görə də, uşağa baxmaqda çətinlik çəkir. O, mərkəzi xəstəxanada tibb bacısı vəzifəsində işləyir. Lakin qazancı qızının xərcləri üçün kifayət etmir. Valideynlərinin yanında yaşayır. Qızı "Fatimə"nin böyüdülməsində, təhsili və müalicəsində cavabdehin heç bir köməkliyi olmayıb. Cavabdeh hazırda Rusiya Federasiyasında işləyir və maddi vəziyyəti çox yaxşıdır. Zaqatala Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 120 manat aliment hazırki vəziyyətdə uşağın böyüdülməsi, təhsil və müalicə xərcləri üçün kifayət etmir. Buna görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh qazancı stabil deyil. Ona görə də hesab edir ki, cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 manat stabil pul məbləğində aliment, həmçinin övladının "budların anadangəlmə yarımçıxığı, budun başının və boynunun deformasiyası, əzələlərin atropiyası, funksiya pozğunluğu" xəstəliyi ilə bağlı gələcəkdə olunacaq əməliyyat xərclərinə və eyni zamanda "bitişmə mənşəli bağırsaq keçəməməzliyi" diaqnozu ilə bağlı gələcəkdə çəkilməsi zəruri olan müalicə xərclərinə cəlb edilməsi üçün hər ay 100 manat ödəməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı Rafı̇ q qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasına Cavabdeh gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(033)-1319/2014 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı Rafı̇ q qızı ilə Cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində bağlanmış 08 sentyabr 2011-ci il tarixli 179 nömrəli nikah qeydinin pozulması, nikahın pozulması qeydiyyat şöbəsində rəsmiləşdirilərkən İddiaçı Rafı̇ q qızının 15 manat dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından 01 iyun 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 noyabr 2014-cü il tarixdən hesablanmaqla, hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı Rafı̇ q qızının xeyrinə tutulması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli 2(033)-802/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilərək 01 iyun 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 dekabr 2014-cü il tarixli 2(033)-1319/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 19 noyabr 2019-cu il tarixli arayışından görünür ki, 01 iyun 2012-ci il tarixdə anadan olmuş X3 budların anadangəlmə yarımçıxığı, budun başının və boynunun deformasiyası, əzələlərin atropiyası, funksiya pozğunluğu" diaqnozu qoyulmuşdur. İşdə olan mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Rafı̇ q qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 01 iyun 2012-ci il təvəllüdlü X4 adlı uşağı anadan olmuşdur. Tərəflərin arasında bağlanmış nikah pozulmuş, 01 iyun 2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 dekabr 2014-cü il tarixli 2(033)-1319/2014 nömrəli qətnaməsinə əsasən 06 noyabr 2014-cü il tarixdən hesablanmaqla, hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı Rafı̇ q qızının xeyrinə verilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli 2(033)-802/2017 nömrəli qətnaməsi ilə alimentin məbləği artırılaraq 120 manat məbləğində müəyyən edilmişdir. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Həmçinin övladının "budların anadangəlmə yarımçıxığı, budun başının və boynunun deformasiyası, əzələlərin atropiyası, funksiya pozğunluğu" xəstəliyi ilə bağlı gələcəkdə olunacaq əməliyyat xərclərinə və "bitişmə mənşəli bağırsaq keçəməməzliyi" diaqnozu ilə bağlı gələcəkdə çəkilməsi zəruri olan müalicə xərclərinə cəlb edilməsi üçün hər ay 100 manat stabil pul məbləğində əlavə xərclərin Cavabdeh tutulub onun xeyrinə ödənilməsini tələb edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia tələbinin alimentin məbləğinin artırılması hissəsi üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı Rafı̇ q qızı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasına gəlməyərək aliment miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı sübutu, sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı Rafı̇ q qızının uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 01 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Rafı̇ q qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə daha sonra iddia tələbinin cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir və hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin əlavə xərclərə cəlb olunması ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Hazırki iddia tələbinin bu hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsində deyilir ki, əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 81-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, birincisi, atadan aliment tutulması artıq qət olunub, alimentin təyinatı yalnız geyim və qida xərcini ödəmək deyil, həm də müalicə xərcini ödəməkdir. Əgər müalicə xərci həddindən artıq çox olarsa, belə halda ata müalicə xərcinin ödənilməsinə cəlb edilə bilər. Lakin ana uşağın müalicə xərci barədə məhkəməyə mötəbər (uşağın ağır xəstə və əlil olması ilə bağlı) heç bir sübut təqdim etməmişdir. İkincisi, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət dövlət hesabına göstərilir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə və əlil olması halları daxildir. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 01 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(033)-802/2017 nömrəli qətnaməsi ilə İddiaçı Rafı̇ q qızına verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 manat (160-120=40x12=480 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 01 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2(033)- 802/2017 nömrəli qətnaməsi ilə İddiaçı Rafı̇ q qızına verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Rafı̇ q qızı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar