Məhkəmə qərarları › İş №e-2(033)-168/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-168/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-168/2023 06.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirib aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1551 (bir min beş yüz əlli bir) manat əsas borc, 500 (beş yüz) manat cərimə, cəmi 2051 (iki min əlli bir) manat məbləğində borc pulun və ödənilmiş 40,51 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 03 avqust 2022-ci il tarixli, WP 0267 saylı nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1 ədəd 1551 (bir min beş yüz əlli bir) manat dəyərində X1 (3+2) mebel dəstini təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş edilməmişdir. Almış olduğu məhsul üçün 5 ay müddətinə hər ay 259 (iki yüz əlli doqquz) manat və sonuncu 1 ay isə 256 (iki yüz əlli altı) manat olmaqla 6 ay müddətinə ödənilməli idi. Lakin növbəti ödəniş vaxtı 30 sentyabr 2022-ci il tarix olmasına baxmayaraq cavabdeh tərəfindən hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. Nəticədə Cavabdeh "xxxx" MMC-yə 1551 (bir min beş yüz əlli bir) manat borcu əmələ gəlmişdir. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar iddia bildirişi məktubu da göndərilmişdir. Bildirirlər ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1994-cü il tarixdə kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Nümayəndə Təvəkkül oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Hal-hazırda "xxxx" MMC ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “WOODPECKER” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 24 noyabr 2022ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WP 0267 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, "xxxx" MMC alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən 1551 manat dəyərində olan malı Cavabdeh nisyə satmağı, Cavabdeh isə satılmış əşyaya görə ilkin ödəniş etmədən malı qəbul edib, müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş 5 ay müddətinə hər ay 259 (iki yüz əlli doqquz) manat və sonuncu 1 ay isə 256 (iki yüz əlli altı) manat olmaqla 6 ay müddətinə pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.4-cü bəndinə əsasən, alıcı qalan borcun ödənilməsini gecikdirildiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. WP 0267 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, dəyəri 1551 manat olan məişət avadanlığı ilkin ödəniş edilmədən tam dəyəri 06 ay müddətinə ödənilmək şərti ilə (aylıq ödəniş 5 ay müddətinə hər ay 259 manat və sonuncu 1 ay isə 256 manat olmaqla) müəyyən edilməklə Cavabdeh verilməlidir. xx.xx.2022-ci il tarixli tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, Nümayəndə WP 0267 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində nəzərdə tutulan malı alıcı Cavabdeh təhvil vermişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş iddia bildirişindən görünür ki, Cavabdeh WP 0267 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış borcunu qısa müddət ərzində ödəməklə götürdüyü öhdəliyin icrasını təmin etmədiyi təqdirdə, aidiyyəti orqanlara müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, WP 0267 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC dəyəri 1551 manat olan məişət avadanlığını alıcıya vermiş, Cavabdeh ilkin ödəniş etmədən onu qəbul edib, avadanlığın qiymətini 05 ay ərzində hər ay 259 manat və sonuncu 1 ay isə 256 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyi də öhdəsinə götürmüşdür. Göründüyü kimi, "xxxx" MMC tərəfindən Cavabdeh məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində WP 0267 saylı xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kredit borcunun ödənilməsini Cavabdehndən tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1551 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı hazırkı iddia tələbinin 500 manat məbləğində cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamışdır. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onun qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 500 manat cərimə qismən, 149 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1551 manat məbləğində əsas məbləğ üzrə borc, 149 manat cərimə borcu olmaqla, cəmi 1700 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh 40,51 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 1551 (bir min beş yüz əlli bir) manat məbləğində əsas borc, 149 (bir yüz qırx doqquz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1700 (bir min yeddi yüz) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 40,51 (qırx manat əlli bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar