Məhkəmə qərarları › İş №e-2(033)-188/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-188/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-188/2025 25.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcunun qaytarılması” tələbinə dair ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1319.64 manat (bir min üç yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində kredit borcu və 33.20 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X4 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3589/KQ saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2022-ci il tarixdə borclu X4 oğlu vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X4 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3589/KQ saylı kredit müqaviləsi üzrə 1319.64 manat əsas borc yaranmışdır. Zaqatala rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayon 2 saylı notariat ofisinin məktubundan görünür ki, X4 oğlundan qalmış mirasa Cavabdehn ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X4 oğlunun vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli e-2(033)-1334/2024 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddia tələbini həzminin azaldılmasına” dair ərizə ünvanlayaraq, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 119.64 (bir yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində kredit borcu və 33.20 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, qardaşı X4 oğlunun adına kredit vardır və hal-hazırda həmin kredit borcunun tutulması üçün ona yönəlmişdir. Bildirir ki, o nə pensiya alır nə də ki, bir yerdə işləyir. Gücü çatan məbləği ödəyə bilər. Eyni zamanda bank son borcu 1000 manatdan çox hesablamışdır. O isə banka keçirdiyi məbləği aydınlaşdıra bilmir. Belə ki, 2022-ci ildə kredit alarkən qardaşı banka 165 manat pul ödəyib, eyni zamanda o xx.xx.2022-ci ildə 125 manat ödəyin lakin qalıq borcdan çıxılmamışdır. O 2023-cü ilin yanvar ayında Rusiyaya getmişdir. Oradan da ödənişlər etmişdir. Ödədiyi pulların çekləri də onda var. O kreditdən imtina etmir, lakin son qalıq borcunu aydınlaşdırıb, ödəniş etmək istəyir. Məhkəmə iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum X4 oğlu ilə bank arasında 26 oktyabr 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və sonuncuya 3000 manat məbləğində kredit verilmişdir. Borclu 2022-ci ildə vəfat etmiş, vəfat etdiyi tarixə 1319.64 manat ödənilməmiş borcu qalmışdır. Tərəflərindən vərəsəyə pretenziya qaydasında müraciət edilmiş, lakin müsbət nəticə əldə edilməmiş, bu səbəbdən məhkəməyə müraciət etmişdirlər. İddia məhkəməyə təqdim edildikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Cavabdehin hazırki halda 119.64 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd edilən məbləğin və ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəfindən ödənişlər edilməsinə baxmayaraq, bank tərəfindən nəzərə alınmamış, borcdan çıxılmamışdır. Ödənişləri təsdiq edən qəbzlərin özündə olduğunu qeyd etmişdir. Təxmini 127 manat borcunun qaldığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçının “iddia tələbini həzminin azaldılmasına” dair ərizəsində qeyd edilən borcu məbləği ilə razılaşdığını bildirmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 oğlu arasında bağlanmış 3589/KQ nömrəli 26 oktyabr 2022-ci il tarixli kredit müqaviləsindən və ona bir saylı əlavədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 3000 (üç min) manat kredit verilmişdir. 26 oktyabr 2022-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı "xxxx" ASC-in “Zaqatala” filialı tərəfindən X1 1500 manat kredit verilmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 09 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 321202 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 oğlu 06 noyabr 2022-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına 737 nömrə ilə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 25 aprel 482 saylı məktuba əlavə edilmiş vərəsənin miras qəbul ərizəsinin surətindən görünür ki, Cavabdeh mirası qəbul etmiş və Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən torpaq sahəsindən ona çatası hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X4 oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış 08 may 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. Maliyyə arayışından görünür ki, 26 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixə 1319.64 manat ödənilməmiş əsas, 0 manat faiz olmaqla, cəmi 1319.64 (bir min üç yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində kredit borcu vardır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 33.20 (otuz üç manat iyirmi qəpik) dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.1-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, 3589/KQ nömrəli xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən X4 oğluna illik 27 faiz olmaqla 24 ay müddətinə 3000 manat kredit verilmişdir. X4 oğlu kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Sayadova X2 Rayon 2 saylı notariat ofisi tərəfindən təqdim edilmiş ərizəyə əsasən X4 oğlundan qalmış mirası qəbul etsə də, 3589/KQ nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə 119.64 manat kredit borcu yaranmışdır. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilmişdir. İddiaçı hazırkı iddia üzrə 33.20 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, aldığı miras aktivindəki tam payına mütənasib surətdə iddiaçının mənafelərini tam ödəməyə borclu olan cavabdehin öhdəliyini lazımınca icra etməməsi nəticədə iddiaçıya əsas borc üzrə 119.64 manat qaytarılmamış kredit borcunun yaranması tam təsdiq olunduğundan, həmin borc cavabdehdən iddiaçının хeyrinə tutulmalı, ödənilmiş 33.20 manat dövlət rüsumunun 30 manatı və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməli, 3.20 manat isə iddiaçıya aid edilməli, iddia tələbi qismən təmin olunmalı və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıхarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3589/KQ nömrəli 26 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 119.64 (bir yüz on doqquz manat altmış dörd qəpik) manat əsas kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 3.20 (üç manat iyirmi qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar