Məhkəmə qərarları › İş №e-2(033)-198/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-198/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-198/2023 23.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Vüqar Məmmədov Nemət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1427 manat əsas, 400 manat cərimə, cəmi 1827 manat məbləğində pulun və ödənilmiş 38,27 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 16 avqust 2022-ci il tarixli WP 0306 saylı nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1 ədəd 1427 manat dəyərində Berlin künc divan (3+2) mebel dəstini təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş edilməmişdir. Almış olduğu məhsul üçün 11 ay müddətinə hər ay 119 manat və sonuncu 1 ay isə 118 manat olmaqla 12 ay müddətinə ödənilməli idi. Lakin növbəti ödəniş vaxtı 25 sentyabr 2022-ci il tarix olmasına baxmayaraq cavabdeh tərəfindən hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. Nəticədə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1427 manat borcu əmələ gəlmişdir. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 09 dekabr 2022ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 ay müddətinə 1 ədəd 1427 manat dəyərində Berlin künc divan (3+2) mebel dəstini almışdır. Həmin müqavilənin 2.4.4-cü maddəsindən görünür ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli, WP0306 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Berlin künc divan (3+2) mebel dəstini Cavabdeh 12 ay müddətinə nisyə satır və müqavilə 11 ay üzrə aylıq ödəniş 119 manat, 12-ci ay üzrə isə 118 müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil təslim aktından görünür ki, alıcı Cavabdeh 1427 manat dəyərində Berlin künc divan (3+2) mebel dəstini təhvil almışdır. İş materiallarında olan bildirşdən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə yaranmış borcunu qısa müddət ərzində ödəməsi tələb olunmuş və həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 454.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olundu ki, 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 1427 manat olan Berlin künc divan (3+2) mebel dəstini alıcıya vermiş, Cavabdeh isə həmin dəsti qəbul edib onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2.4.4-cü bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,05 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1427 manat məbləğində əsas borc əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin 400 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən hesablanmış 400 manat cərimə 40 manat həddində təmin edilməlidir. Göründüyü kimi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Berlin künc divan (3+2) mebel dəsti verilərək 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh, 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1427 manat əsas borc və 40 manat cərimə borcu olmaqla cəmi 1467 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38,27 manat dövlət rüsumunun 34,67 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, qalıq 3,60 manat isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 16 avqust 2022-ci il tarixli WP 0306 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1427 (bir min dörd yüz iyirmi yeddi) manat əsas borc və 40 (qırx) manat cərimə borcu olmaqla cəmi 1467 (bir min dörd yüz altmış yeddi) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 34,67 (otuz dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin, qalıq 3,60 manat isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar