Məhkəmə qərarları › İş №e-2(033)-206/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-206/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-206/2023 19.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 002456/19 saylı kredit müqaviləsi üzrə əsas borc 3096,16 (üç min doxsan altı manat 16 qəpik) AZN, faiz borcu 3384,97 (üç min üç yüz səksən dörd manat 97 qəpik) AZN, cərimə: 169,56 (bir yüz altmış doqquz manat 56 qəpik) AZN, ümumilikdə 6650,69 (altı min altı yüz əlli manat 69 qəpik) AZN və iş üzrə ödənilmiş 86,51 (səksən altı manat 51 qəpik) AZN məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş 1 ədəd 21 qram (583 əyyara çevrildikdə) olan boyunbağı qızılzinət əşyasına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərrac vasitəsilə satılması, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı BOKT ASC tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 38%, 18 ay müddətinə, 4420 (dörd min dörd yüz iyirmi) AZN məbləğində kredit ayrılmışdır. Kredit borcunun təminatı olaraq Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002456/19/G saylı girov müqaviləsinə əsasən cavabdehə məxsus 21 qram qızıl-zinət əşyası (583 əyara çevrildikdə) girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, cavabdeh qismən ödənişlər etməklə sonradan ödənişləri dayandırmışdır. Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimidir: Əsas borc: 3096,16 (üç min doxsan altı manat 16 qəpik) AZN, faiz borcu: 3384,97 (üç min üç yüz səksən dörd manat 97 qəpik) AZN, cərimə: 169,56 (bir yüz altmış doqquz manat 56 qəpik) AZN Cəmi: 6650,69 (altı min altı yüz əlli manat 69 qəpik) AZN. Cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 0179/22 nömrəli 22 iyun 2022-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən cavabdeh bu müqavilə ilə müəyyən edilən şərtlərlə və qaydada krediti “kredit verən”ə qaytarmağı, dəbbə pulu üzrə hesablanmış faizləri, habelə “kredit verən”in xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarını “kredit verən”ə ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinın əsas və faiz borc məbləği ilə razı olduğunu, gələcəkdə borcunu hissə-hissə ödəyəcəyini bildirdi. Lakin cərimə borcu ilə razı olmadığını bildirdi. Cərimə borcunun silinməsini xahiş etdi. İddia tələbinin qismən, yəni əsas borca münasibətdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. İşin halları 05 noyabr 2019-cu il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002456/19 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 38 faiz dərəcəsi ilə 4420 manat kredit verilmişdir. Həmin kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 05 aprel 2021-ci ilədək tam yerinə yetirilməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə 1 (bir) gündən 90 (doxsan) günədək gecikdirilmiş kreditə görə, “Kreditalan" hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1 (bir) faizi miqdarında cərimə ödəyir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "Kredit verən"lə Cavabdeh arasında 05 noyabr 2019-cu il tarixli 002456/19/G saylı girov müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış girov müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 05 noyabr 2019-cu il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002456/19/G nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli 002456/19 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan qiymətləndirmə aktında qeyd edilən 1 ədəd 585 əyyar 21 qram olan boyunbağının tərəflərin razılığı ilə 6315 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyasını İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən girov ilə təmin olunmuş öhdəliyin icra müddəti Kredit müqaviləsi ilə müəyyən edilir. Həmin Müqavilənin 4.2.2-ci maddəsinə əsasən borclu kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə “girov saxlayan" kredit borcunu, faizləri, zərəri, məhkəmə və ümumi tələbin 5%dən aşağı olmamaq şərti ilə nümayəndə xərclərini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Həmin Müqavilənin 5.1.2-ci bəndinə əsasən əsas öhdəliyin və ya onun bir hissəsinin icra olunmaması və kredit müqaviləsi üzrə hər hansı bir ödəniş müddətinin iki dəfədən çox pozulması halında tələb birbaşa Girov predmetinə yönəldilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən “borclu” Kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə "girov saxlayan" kredit borcunun, faizlərin, cərimənin və zərərin ödənilməsi tələbini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Tərəflər arasında razılaşdırılmış 002456/19 nömrəli 05 noyabr 2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, 1 ədəd 585 əyyar 21 qram çəkidə olan boyunbağının yekun dəyərinin 6315 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış 22 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, 05 noyabr 2019-cu il tarixli 002456/19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış kredit borcunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun ödənilməsi tələbi ilə bağlı barəsində məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli 9/2642 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında göstərilən 1 ədəd 585 əyarlı 21 qram çəkidə olan boyunbağının nəzəri qaydada hazırki orta bazar dəyəri təxminən 1785,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli 9/2642 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində göstərilir ki, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Qərarı 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 38 faiz olmaqla 18 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 4420 (dörd min dörd yüz iyirmi) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi eyni tərəflər arasında 05 noyabr 2019-cu il tarixli 002456/19/G nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus qiymətləndirmə aktına əsasən dəyəri 6315 manat təşkil edən 1 ədəd 585 əyyar 21 qram çəkidə olan boyunbağı iddiaçının xeyrinə yüklü edilmişdir. Bununla da onların arasında girovla təmin edilmiş öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli 9/2642 nömrəli ekspert rəyinə əsasən 1 ədəd 585 əyarlı 21 qram çəkidə olan boyunbağının nəzəri qaydada hazırki orta bazar dəyəri təxminən 1785,0 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 002456/19 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyindən, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, 05 noyabr 2019-cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsinə əsasən 3096,16 manat əsas borc Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 3384,97 manat faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qanunvericiliyin yuxarıda qeyd edilən normaları əsasında münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan “İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 38 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 42,2 faizdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 05 noyabr 2019-cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3384,97 manat faiz borcu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Məhkəmə iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 169,56 cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamışdır. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 169,56 manat cərimə qismən, 16 manat həddində təmin edilməlidir. Məhkəmə 86,51 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və 84,97 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli 1,54 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia tələbinin 05 noyabr 2019-cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutulmasının cavabdeh tərəfindən 05 noyabr 2019-cu il tarixli 002456/19/G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş qızıl-zinət əşyasına yönəldilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, girov saxlayan İddiaçı BOKT ASC-in tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə dair girov saxlayanla girov qoyan hesab edilən Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş razılaşma mövcud olmadığından və buna görə də girov saxlayanın, yəni İddiaçı BOKT ASC-in tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli olduğundan iddiaçı iddia tələbinin qeyd edilən hissəsi ilə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 002456/19/G nömrəli girov müqaviləsi eyni tərəflər arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etdiyindən və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçının tələblərinin ödənilməsi məqsədi ilə tələb girov qoyulmuş və hazırda girovda qalan qızılzinət əşyası olan 1 ədəd 585 əyyar 21 qram çəkidə boyunbağıya yönəldilməli, girov əşyası açıq hərracda satılmalı, girov əşyasının ilkin satış qiyməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2023-cü il tarixli 9/2642 nömrəli rəyinə uyğun müəyyən edilməli, satışdan əldə olunan vəsait cavabdehin borcuna yönəldilməli, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 05 noyabr 2019cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsinə əsasən 3096,16 manat məbləğində əsas borc, 3384,97 manat məbləğində faiz borcu, 16 manat məbləğində cərimə borcu, cəmi 6497,13 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 84,97 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, tutma 05 noyabr 2019-cu il tarixli 002456/19 /G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş Cavabdeh məxsus 585 əyyar çəkisi 21 qram olan 1 ədəd boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilməli, girov əşyası açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalı, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 05 noyabr 2019-cu il tarixli 002456/19 nömrəli kredit müqaviləsinə əsasən, 3096,16 (üç min doxsan altı manat on altı qəpik) manat məbləğində əsas borc, 3384,97 (üç min üç yüz səksən dörd manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 16 (on altı) manat məbləğində cərimə borcu, cəmi 6497,13 (altı min dörd yüz doxsan yeddi manat on üç qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 84,97 (səksən dörd manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulsun. Cəmi 6497,13 (altı min dörd yüz doxsan yeddi manat on üç qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 84,97 (səksən dörd manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə tutma 05 noyabr 2019-cu il tarixli 002456/19/G nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus 585 əyyar çəkisi 21 qram olan 1 ədəd boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilsin, həmin qızıl-zinət əşyası açıq hərracdan satılsın və onun satışından əldə edilmiş vəsait hesabına cavabdehin İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinə olan borcu ödənilsin. Hərracdan satılmış qızıl-zinət əşyasının dəyəri iddiaçıya olan borcun ödənməsinə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulsun. Girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus qızıl-zinət əşyasının hərracda ilkin satış qiyməti (1785 manat) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli 9/2642 nömrəli rəyinə əsasən müəyyən edilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar