Məhkəmə qərarları › İş №e-2(033)-236/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-236/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-236/2025 13.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********30 nömrəli, xx.xx.20219-ci il tarixli Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 2433.81 manat əsas və 0.02 manat faiz borcu olmaqla cəmi 2433.83 manat borcu BPM**********49 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 480.09 əsas və 36.32 manat faiz borcu olmaqla, cəmi 516.41 manat məbləğində kredit borcu olmaqla ümumilikdə cəmi 2950.24 (iki min doqquz əlli manat iyirmi dörd qəpik) manat və ödənilmiş 49.50 (qırx doqquz manat əlli qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Zaqatala filialı ilə X6 qızı arasında bağlanmış BPM**********30 nömrəli, xx.xx.2019-ci il tarixli Kredit müqaviləsinə X6 qızına 60 ay müddətinə illik 24 faiz olmaqla 3320 manat məbləğində nağd krediti və BPM**********49 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 500 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X3 Əhməd qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum X6 qızının adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, X6 qızının vəfat etdiyi tarixə BPM**********30 nömrəli, xx.xx.20219-ci il tarixli Kredit müqaviləsinə əsasən nağd krediti üzrə cəmi 2433.83 manat və BPM**********49 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə cəmi 516.41 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum X6 qızından qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək iddiaçı "xxxx" ASC-nin mənə qarşı "borc pul" tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməsindən imtina barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ona qarşı "kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək BPM**********30 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, nağd kredit üzrə 2433,81 manat əsas və 0,02 manat faiz borcu olmaqla cəmi 2433,83 manat borcu, BPM**********49 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 480,09 manat əsas və 36,32 manat faiz borcu olmaqla, cəmi 516,41 manat məbləğində kredit borcu olmaqla ümumilikdə cəmi 2950,24 manat və ödənilmiş 49,50 manat dövlət rüsumunun məndən tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Həmin mülki iş hazırda e- 2(033)-1430/2024 nömrə ilə məhkəmənin icraatındadır. İddiaçının iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edərək məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı ilə mərhum X5 Əhməd qızı arasında xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən mərhum bacısı X1 60 ay müddətinə illik 24 faiz olmaqla 3320 manat məbləğində nağd kredit, və xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 500 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X5 Əhməd qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin iddiaçı bacısının vəfatından 3 ildən artıq müddət keçdikdən sonra qanun üzrə vərəsəsi kimi ona qarşı iddia qaldıraraq kredit müqavilələrinə əsasən yaranmış borcları tələb edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(033)-1430/2024 nömrəli qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdeh X6 qızı arasında bağlanmış BPM **********49 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi və eyni tarixli bank kartına kredit limitinin təyin edilməsinə dair razılaşmadan görünür ki, iddiaçı tərəfindən ona 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 manat kredit xətti açılmışdır. "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdeh X6 qızı arasında bağlanmış BPM **********30 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona 60 ay müddətinə qaytarılmaqla, illik 24 faiz ödəmək şərti ilə 3320 (üç min üç yüz iyirmi) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 24.5% faiz təşkil edir. Həmin kredit müqaviləsinin 3.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Həmin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq borc verən tərəfindən borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətinə) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 170724 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2021-cı il tarixdə 142 nömrə ilə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-1149 olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüş X6 qızının vərəsəsi kimi müəyyən edilmişdir. X6 qızının vərəsəsi Cavabdeh ünvanlanmış 29 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı cavabdeh X6 qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilməsini, yəni, borcun qaytarılmasını tələb etmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli BPM **********30 nömrəli kredit müqaviləsinə əsasən, X6 qızının xx.xx.2024-cü il tarixədək 2433,81 manat əsas kredit borcu, 0,02 manat faiz borcu bank tərəfindən ödənilmiş 49,50 manat dövlət rüsumu, bank tərəfindən ödənilmiş 0,40 manat komissiya haqqı üzrə borcu vardır. Maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli BPM **********49 nömrəli kredit müqaviləsinə əsasən, X6 qızının xx.xx.2024-cü il tarixədək 480,09 manat əsas kredit borcu, 36,32 manat faiz borcu bank tərəfindən ödənilmiş 49,50 manat dövlət rüsumu, bank tərəfindən ödənilmiş 0,40 manat komissiya haqqı üzrə borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə X6 qızı arasında bağlanmış BPM **********30 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən X6 qızına illik 24 faiz olmaqla 60 ay müddətinə 3320 (üç min üç yüz iyirmi) manat kredit verilmişdir. BPM **********49 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat kredit limiti ayrılmışdır. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. Lakin, X6 qızı kredit müqaviləsinə əsasən kredit borcunu bir müddət ödəmiş, xx.xx.2021-ci il tarixdə isə vəfat etmiş və onun qardaşı Əhmədov X2 Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-1149 olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən onun vərəsəsi kimi müəyyən edilmişdir. Cavabdeh mərhum X6 qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək etirazla müraciət edərək iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. İş materialları ilə müəyyən edilir ki, X6 qızı ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə, xx.xx.2020-ci il tarixdə 24 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Sona Əhmədova xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun əmlakı barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanunvericiliyin normalarından da göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2027-ci il tarixdə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2025-ci il tarixdə başa çatır. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və iddia ərizəsi ilə müraciət ədərkən 3 illik iddia müddətini ötürməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, qanunverciliyin tələbləri və iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, Cavabdeh göstərdiyi arqumentlər əsasında iddia müddətinin tətbiq edilməklə iddia tələbinin ümumilikdə rədd edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı BPM**********30 nömrəli, xx.xx.20219-ci il tarixli Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 2433.81 manat əsas borcu və BPM**********49 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 480.09 əsas borcu tələb etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə tam təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu da cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, BPM **********30 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2433,81 manat əsas borc və 0,02 manat faiz borcu olmaqla cəmi 2433,83 (iki min dörd yüz otuz üç manat səksən üç qəpik) manat, BPM **********49 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 480,09 (dörd yüz səksən manat doqquz qəpik) manat əsas borc, 36,32 (otuz altı manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 516,41 (beş yüz on altı manat qırx bir qəpik) manat X6 qızının vərəsəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. X6 qızının vərəsəsi Cavabdeh BPM **********30 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2433,81 manat əsas borc və 0,02 manat faiz borcu olmaqla cəmi 2433,83 (iki min dörd yüz otuz üç manat səksən üç qəpik) manat, BPM **********49 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 480,09 (dörd yüz səksən manat doqquz qəpik) manat əsas borc, 36,32 (otuz altı manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 516,41 (beş yüz on altı manat qırx bir qəpik) manat olmaqla ümumilikdə 2950,24 (iki min doqquz yüz əlli manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar