Məhkəmə qərarları › İş №e-2(033)-243/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-243/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-243/2023 01.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə (ərizə) üzrə 3265.09 manat məbləğində kredit borcu, 272.69 manat məbləğində faiz borcu və 264.79 manat məbləğində cərimə olmaqla, cəmi 3802.57 manat məbləğində borcun, xx.xx.2021-ci il tarixli, 019KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə 995.22 manat məbləğində kredit borcu, 198.39 manat məbləğində faiz borcu və 388.38 manat məbləğində cərimə olmaqla, cəmi 1581.99 məbləğində borcun və ödənilmiş 73.85 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2021-cil tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 30 ay müddətinə, aylıq 1.8333% olmaqla, 6000 (altı min) manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2022-ci tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin (bundan sonra Müqavilə) ümumi şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. O, götürdüyü kredit borcundan 2734.91 manat ödəniş etmiş və onun iddiaçıya 3265.09 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, cavabdehin xx.xx.2022-ci il tarixə 162 gün üçün hesablanmış faiz borcu 272.69 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 162 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 264.79 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 019KK**********01 nömrəli kart krediti müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 36 ay müddətinə 1000 (min) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə vermişdir. Kartın açılması üçün sifariş ərizəsinə əsasən, Private VİSA X4 Standart növlü kart hesabı açılmış və xx.xx.2021-ci il tarixdə 019KK**********01 kartı təhvil almışdır. Cavabdeh 995.22 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci il tarixə hesablanmış faiz borcu 198.39 təşkil edir. Kart krediti müqaviləsinin 3.7-ci bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixə hesablanmış cərimə 388.38 manat təşkil edir. Müqavilənin 4.2.2-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, kredit müqavilələri üzrə iddiaçıya borcu olduğunu, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İşin halları Cavabdeh ilə iddiaçı "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019KK**********01 nömrəli kart krediti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 1000 manat məbləğində kredit limiti açılmışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin 3.2-ci bəndi nəzərə alınmaqla Kreditborcu Borclarının banka qaytarılmasının son tarixi 29 fevral 2024-cü il müəyyən edilir. Müqavilənin 3.7-ci maddəsinə əsasən aylıq ödəniş banka vaxtında və lazımi qaydada ödənilmədikdə ödəniş tarixinin ertəsi günündən etibarən minimal ödənişin banka qaytarılmasının hər gecikdirilən günü üçün minimal ödənişin qalığına 0,5 faiz dərəcəsi ilə cərimə hesablanır. Müqavilənin 40.2.2-ci və 4.2.2.1-ci maddələrinə əsasən kredit alan bu müqavilə üzrə yaxud hər hansı bir əsasla bank qarşısında yaranmış öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə bankın müqaviləyə vaxtından əvvəl xitam verərək kredit borcunun qalığını və hesablanmış faizləri son ödəmə tarixindən əvvəl banka qaytarmağı kredit alandan tələb etmək hüququ vardır. Cavabdeh ilə iddiaçı "xxxx" QSC tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh tərəfindən illik maksimum 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 30000 manat kredit limiti sifariş edilmiş və o ərizəni imzalamaqla həmin kreditin verilməsini və həmin kredit üzrə öhdəliklərinin icrasının təminatı üçün Banka olan əmanətlərinin girov kimi qəbul edilməsini xahiş etmişir. Ərizəyə əsasən Cavabdeh 30 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 6000 ilk kredit sifarişi həyata keçirilmişdir. Cavabdeh bankın İnternet Səhifasində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” tarifər və valyuta məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir . Bankın nümayəndəsi ərizə və həmin ərizədə qeyd edilən şərtlərlə aksept etmiş və nağd kredit barədə müqavilənin bağlanmasını Cavabdeh isə aksepti aldığını və nağd kredit barədə müqaviləni bağladığını təsdiq etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.20-ci bəndinə əsasən müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. Həmin şərtlərin 7.11-ci bəndinə əsasən, kredit faizi qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinın 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 019KK**********01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçıya 995,22 manat əsas kredit borcu, 198,39 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 388,38 manat cərimə olmaqla, cəmi 1581,99 manat kredit borcu vardır. İddiaçının xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 019A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçıya 3265,09 manat əsas kredit borcu, 272,69 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 264,79 manat cərimə olmaqla, cəmi 3802,57 manat kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarı Borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən cavabdeh 48 ay müddətinə maksimum faiz dərəcəsi 28 faiz olmaqla 30000 kredit limiti sifariş etmiş, ilkin kredit sifarişi üzrə iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 22 faiz olmaqla 30 ay müddətinə, hissə-hissə qaytarılmaq şərti ilə 6000 manat kredit verilmişdir. Cavabdehlə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit kartı müqaviləsinə əsasən faiz dərəcəsi 2,0833 olmaqla, 36 ay müddətinə iddiaçı tərəfindən cavabdehə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 3265,09 manat, xx.xx.2021-ci il tarixli 019KK**********01 nömrəli kart krediti müqaviləsinə əsasən 995,22 əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. xx.xx.2021-ci il tarixli ərizənin xüsusi şərtlərindən görünür ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (aylıq 1,75 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin ərizəyə əsasən faktiki illik faiz dərəcəsi 22,87 faiz təşkil edir. xx.xx.2021-ci il tarixli 019KK**********01nömrəli kart krediti müqaviləsinin 1.1-ci bəndindən görünür ki, cavabdehə kredit limiti illik 2,0833 faiz dərəcəsi ilə verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən faktiki illik faiz dərəcəsi 25,38 faiz təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca hesablanmış 272,69 manat faiz borcunun və xx.xx.2021-ci il tarixli 019KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə əsas borca hesablanmış 198,39 manat faiz borcunun da Cavabdeh tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 264,79 manat cərimənin və xx.xx.2021-ci il tarixli 019KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə hesablanmış 388,38 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş xx.xx.2021-ci il tarixli kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 264,79 manat cərimə qismən, 200 manat həddində, xx.xx.2021-ci il tarixli kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 388,38 manat cərimə qismən, 99 manat həddində təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və o müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2021-ci il tarixli 019A********** saylı kredit müqaviləsinə əsasən 3265,09 manat əsas kredit borcu, 272,69 manat ona hesablanmış faiz borcu və 200 manat cərimə borcu olmaqla cəmi 3737,78 manat, xx.xx.2021-ci il tarixli 019KK**********01 nömrəli kart krediti müqaviləsinə əsasən 995,22 manat əsas kredit borcu, 198,39 manat ona hesablanmış faiz borcu və 99 manat cərimə borcu olmaqla cəmi 1292,61 manat olmaqla ümumilikdə 5030,39 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70,31 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalı, 3,54 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 019A********** saylı kredit müqaviləsinə əsasən 3265,09 (üç min iki yüz altmış beş manat doqquz qəpik) manat əsas kredit borcu, 272,69 (iki yüz yetmiş iki manat altmış doqquz qəpik) manat ona hesablanmış faiz borcu və 200 (iki yüz) manat cərimə borcu olmaqla cəmi 3737,78 (üç min yeddi yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat, xx.xx.2021-ci il tarixli 019KK**********01 nömrəli kart krediti müqaviləsinə əsasən 995,22 (doqquz yüz doxsan beş manat iyirmi iki qəpik) manat əsas kredit borcu, 198,39 (bir yüz doxsan səkkiz manat otuz doqquz qəpik) manat ona hesablanmış faiz borcu və 99 (doxsan doqquz) manat cərimə borcu olmaqla cəmi 1292,61 (bir min iki yüz doxsan iki manat altmış bir qəpik) manat olmaqla ümumilikdə 5030,39 (beş min otuz manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 70,31 (yetmiş manat otuz bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. 3,54 (üç manat əlli dörd qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar