Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-280/2024 19.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, İddiaçı X1 Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı X2 Bank Kredit Təşkilatı (bundan sonra - İddiaçı MM QBKT) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1423.00 AZN, faiz borcuna görə 226.31 AZN, cərimə borcuna görə 195.36 AZN, cəmi 1844.67 (min səkkiz yüz qırx dörd manat altmış yeddi qəpik) AZN məbləğində borcun və 38.45 manat məbləğində dövlət rüsumunun ‘'FİNCA Azerbaijan" MMM QBKTnın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0030 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pül vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0030 - 811443 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cu il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc uzrə 1423.00 AZN, faiz borcuna görə 226.31 AZN, cərimə borcuna görə 195.36 AZN, cəmi 1844.67 (min səkkiz yuz qırx dord manat altmış yeddi qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 10 yanvar 2024cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları Cavabdeh2 ilə iddiaçı "xxxx" MMM QBKT arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0030 saylı kredit müqaviləsindən görünür ki, kredit verən Cavabdeh2 illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 manat pul vəsaitini verməyi, kredit müqaviləsi üzrə Cavabdeh2 isə iddiaçı "xxxx" MMM QBKT qarşısında öz öhdəliklərinin müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, X3 xx.xx.2022-ci il tarixli **********0030-811443 nömrəli kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borc, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Finca Azerbaijan X2 Bank Kredit Təşkilatına tam şəkildə ödəməyi öz öhdəsinə götürür . xx.xx.2022-ci il tarixli kredit kartına mədaxil aktından görünür ki, "xxxx" MMM QBKT tərəfindən **********0030 saylı kredit müqaviləsinə əsasən içərisində pul vəsaiti olan **********611737 nömrəli kredit kartı Cavabdeh2 verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli **********0030 saylı kredit müqaviləsi üzrə 1423.00 manat əsas borcu, 226.31 manat faiz borcu və 195.36 manat cərimə borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli **********0030 saylı zaminliklə təmin edilmiş kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 manat kredit məbləğini iddiaçıya qaytarmalı olması və zamin Cavabdeh1 cavabdeh borcalanla iddiaçı qarşısında birgə məsuliyyət daşıması müəyyən olunmuşdur. Bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdehlər tərəfindən kredit və zaminlik müqavilələri üzrə öhdəliklər icra edilməmişdir. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Yuxarıda qeyd edilən qanunun normalarının tətbiqi baxımından məhkəmə belə nəticəyə gəlir ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh zamin və cavabdeh borcalan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 1423.00 manat əsas kredit borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli **********0030 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 28 faizdir. (FİFD 34 faiz -1.5 bəndi). Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli **********0030 saylı kredit müqaviləsinə əsasən 226.31 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə İddiaçı MMM QBKT-in cavabdehlərə qarşı hazırkı iddia tələbinin 195.36 manat məbləğində cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunvericinin cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 195.36 manat cərimə qismən, 142.29 manat həddində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 37.92 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalı, 0.53 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1423.00 manat məbləğində əsas borc, 226.31 manat ona hesablanmış faiz borcu, 142.29 manat məbləğində cərimə borcu, cəmi 1791.60 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 284, 357-362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1423.00 (bir min dörd yüz iyirmi üç) manat əsas kredit borcu, 226.31 (iki yüz iyirmi altı manat otuz bir qəpik) manat ona hesablanmış faiz borcu, 142.29 (bir yüz qırx iki manat iyirmi doqquz qəpik) manat cərimə borcu, cəmi 1791.60 (bir min yeddi yüz doxsan bir manat altmış qəpik) manat pul vəsaiti tutularaq İddiaçı X1 Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 37.92 (otuz yeddi manat doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı X2 Bank Kredit Təşkilatının hesabına ödənilsin. 0.53 (əlli üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-280/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-280/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver