Məhkəmə qərarları › İş №e-2(033)-293/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-293/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-293/2023 20.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı ASC-in Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 5438,16 manat əsas, 613,68 manat faiz, cəmi 6051,84 manat borcun və ödənilmiş 80,52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 15 faiz dərəcəsi ilə 72 ay müddətinə 5438,16 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 5438,16 AZN əsas; 613,68 AZN faiz; cəmi 6051,84 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC məhkəməyə ərizə göndərək, iddia tələbini müdafiə etdiyini, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 28 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, RGTK5096214A122 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında borcluya 72 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 5438,16 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Mülki işin materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh 5438,16 manat məbləğində kredit vəsaitini xx.xx.2022-ci il tarixdə bankdan almışdır. Mülki işin materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin xx.xx.2028-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə 5438,16 manat əsas, 613,68 manat faiz, cəmi 6051,84 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan bildirişdən və onun ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5438,16 manat əsas borc məbləği Cavabdeh alınaraq, iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 613,68 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-in xeyrinə 5438,16 manat əsas, 613,68 manat faiz, cəmi 6051,84 manat borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 80,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh 5438,16 (beş min dörd yüz otuz səkkiz manat on altı qəpik) manat əsas, 613,68 (altı yüz on üç manat altmış səkkiz qəpik) manat faiz, cəmi 6051,84 (altı min əlli bir manat səksən dörd qəpik) manat borc və ödənilmiş 80,52 (səksən manat əlli iki qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar