Məhkəmə qərarları › İş №e-2(033)-300/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-300/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-300/2024 07.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından 10 iyul 2007-ci il tarixdə doğulmuş X2 və 20 yanvar 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(033)-1039/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay uşaq üçün 120 (bir yüz iyirmi) manat aliment məbləğinin artırılaraq hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 10 iyul 2007-ci il tarixdə X5 və 20 yanvar 2011-ci il tarixdə X7 doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(033)-1039/2019 nömrəli qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Hazırda bu məbləğ çox az olduğuna və uşaqların ehtiyaclarını təmin etmədiyinə görə alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, uşaqlarına tək başıma baxır, uşaqlarının ehtiyaclarının ödənilməsi üçün hələ də ailə üzvlərinin dəstəyindən istifadə edir. Lakin müəyyən edilmiş aliment məbləği uşaqların təhsil xərclərinə, o cümlədən minimal ehtiyaclarının qarşılanmasına kifayət etmir. Cavabdeh isə bir ata kimi uşaqlara qayğı və diqqət göstərmir, uşaqların böyüdülməsində maddi və mənəvi heç bir dəstəyi yoxdur. Cavabdehdən fərqli olaraq valideyn kimi övladlarının sağlamlığı, yüksək səviyyədə təhsil alması, dünya görüşünün formalaşması və təlim-tərbiyəsi onun üçün son dərəcə əhəmiyyət kəsb edir və imkan daxilində bütün bu xərcləri qarşılamağa çalışır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş 120 manat aliment hazırki vəziyyətdə uşaqlarının böyüdülməsi, təhsil və digər xərcləri üçün kifayət etmir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdeh birgə nikahdan anadan olmuş uşaqlarla heç maraqlanmır, alimenti ödəmir, icra məmuru da cavabdehin tapılaraq alimentin ödənməsi üçün bir hərəkət etmir. Uşaqlardan biri 11-ci sinifi, digəri 7-ci sinifi qurtarır. Uşaqların əlavə müəllim xərcləri var. Biri bu il imtahanlara girəcək və gələcəkdə onun təhsil xərcləri də olacaq. O təkbaşına bütün xərcləri ödəyə bilmir və ona atası kömək edir. O, cavabdehin də uşaqların böyüdülməsində ona maddi baxımdan kömək etməsini istəyir. O, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasına Cavabdeh gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 967754 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur və bu barədə 10 avqust 2007-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Onun atası Cavabdeh, anası X4r. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 578646 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur və bu barədə xx.xx.2011-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Onun atası Cavabdeh, anası X4r. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1039/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək 10 iyul 2007-ci il təvəllüdlü X6 və 20 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə Zaqatala Rayon Məhkəməsinin 2(033)-2468/2016 nömrəli, 28 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən tutulan cavabdehin hər ay bütün növ gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin miqdarı dəyişdirilərək, hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat məbləğində dəftərxana və kargüzarlıq xərcini birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 10 iyul 2007-ci il təvəllüdlü X5 və 20 yanvar 2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1039/2019 saylı 25 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 10 iyul 2007-ci il təvəllüdlü X6 və 20 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildiirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə göstərə biləcəyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasına gəlməyərək alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşaqların yaşını, iddiaçının izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 10 iyul 2007-ci il tarixdə doğulmuş X2 və 20 yanvar 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf də məhkəmədə aliment məbləğinin iddia ərizəsində göstərdiyi məbləğdə artırılmasına əsas ola biləcək başqa hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 10 iyul 2007-ci il tarixdə doğulmuş X2 və 20 yanvar 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(033)-1039/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla cəmi 320 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı tələb etmədiyindən onun tərəfindən ödənmiş ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat xərc onun özünə aid edilməlidir. Cavabdeh 30 manat (320-240=80x12=960 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 10 iyul 2007-ci il təvəllüdlü X2 və 20 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(033)-1039/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar