Məhkəmə qərarları › İş №e-2(033)-301/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-301/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-301/2023 17.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 16566.41 (on altı min beş yüz altmış altı manat 41 qəpik) manat - bundan 5214.98 (beş min iki yüz on dörd manat 98 qəpik) manat əsas, 2576.76 (iki min beş yüz yetmiş altı manat 76 qəpik) manat faiz, 8066.19 (səkkiz min altmış altı manat 19 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 708.48 (yeddi yüz səkkiz manat 48 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 139.70 (bir yüz otuz doqquz manat 70 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 28 % dərəcəsi ilə 8940 (səkkiz min doqquz yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında 120009518/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01-15 ƏS-R nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 8940 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı ümumilikdə 6678.47 ABŞ dolları təşkil etmiş, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 7346.85 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********836 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 16566.41 (on altı min beş yüz altmış altı manat 41 qəpik) manat təşkil edir. Bundan 5214.98 manat əsas, 2576.76 manat faiz, 8066.19 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 708.48 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə aralarında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 8940 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında 120009518/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01-15 ƏS-R nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditin qalıq məbləği 8940 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən kredit öhdəliyinin qalığı ümumilikdə 6678.47 ABŞ dolları təşkil etmiş, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 7346.85 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilməli idi. O, maddi imkanı olmadığı üçün banka ödənişləri edə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Lakin cərimə borcunun azaldılmasını istəyir. Odur ki, gösətrilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş ********* №-li 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 8940 ABŞ dolları məbləğində kredit almışdır. İş materiallarına əlavə edilmiş Bankla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli 120009518/ZM saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər ********* №-li 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01-15 ƏS-R nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 8940 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı ümumilikdə 6678.47 ABŞ dolları təşkil etmiş, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1.50 AZN) 7346.85 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 19 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 5214.98 manat əsas, 2576.76 manat faiz, 8066.19 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 708.48 manat faiz borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən və onun ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, Bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 399-cu maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, özgəsinin pul vəsaiti qanunsuz saxlanıldıqda və onu qaytarmaqdan boyun qaçırıldıqda pulun sahibi ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüququna malik olur. Konkret bu halda iddianın predmetini pul məbləği təşkil etdiyi üçün iddiaçı cavabdehdən həm pul məbləğini, həm də pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla puldan faydalanmağa görə həmin vəsaitin məbləğindən hesablanan faizlərin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti bitdikdən sonrakı dövrə görə də faiz borcu tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi, kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı 8066,19 manat cərimə ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə 8066,19 manat məbləğində hesablanmış cəriməni tənasübsüz surətdə yüksək olduğundan, azaldılaraq 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə iddia tələbinin cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh3 borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Çünki, iş materiallarından göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi bank cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri və zaminlik müqavilələrinə 01-15 ƏS- R nömrəli xx.xx.2015-ci il tarixli, 02 nömrəli xx.xx.2016-cı il tarixli və 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlamışdır. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə 24 yanvar 2023-ci il tarixdə müraciət etdiyindən zaminlərin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5214.98 (beş min iki yüz on dörd manat 98 qəpik) manat əsas, 2576.76 (iki min beş yüz yetmiş altı manat 76 qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 708,48 (yeddi yüz səkkiz manat qırx səkkiz qəpik) manat faiz olmaqla, cəmi 8600,22 (səkkiz min altı yüz manat iyirmi iki qəpik) manat Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 139,70 manat dövlət rüsumunun 33,70 manatı iddiaçıya aid edilməli, 106 manatı isə Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5214.98 (beş min iki yüz on dörd manat 98 qəpik) manat əsas, 2576.76 (iki min beş yüz yetmiş altı manat 76 qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 708,48 (yeddi yüz səkkiz manat 48 qəpik) manat faiz olmaqla, cəmi 8600,22 (səkkiz min altı yüz manat 22 qəpik) manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş 139,70 (bir yüz otuz doqquz manat yetmiş qəpik) manat dövlət rüsumunun 33,70 (otuz üç manat yetmiş qəpik) manatı iddiaçıya aid edilsin, 106 (bir yüz altı) manatı isə Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar