Məhkəmə qərarları › İş №e-2(033)-324/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-324/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-324/2023 11.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X10 və X5 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı "xxxx" ASC cavabdehlər X10 və X5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TuranBank ASCnin “Gəncə” filialı ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, “TuranBank ASC-nin Gəncə filialı ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsi üzrə X6 Banka olan 2209.66 manat əsas, 345.58 manat faiz borcu və 294.37 manat cərimə borcu olmaqla, cəmi 2849.61 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 48.50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Gəncə” filialı ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.5% olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi X10, TuranBank ASC, X9 arasında xx.xx.2021-ci il tarixli, 522/İST/2021 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlışəkildə pozmuşdur. Cavabdeh X6 xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 2209.66 manat əsas, 345.58 manat faiz borcu və 294.37 manat cərimə borcu olmaqla, cəmi borcu 2849.61 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əlavə əsas borcun qalığına illik 19.5 % olmaqla cərimə faizi ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “TuranBank ASC-nin “Gəncə” filialı ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, “TuranBank ASC-nin Gəncə filialı ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsi üzrə X6 Banka olan 2209.66 manat əsas, 391,94 manat faiz borcu və 294.37 manat cərimə borcu olmaqla, cəmi 2895,97 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 48.50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X10 18 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, "xxxx" ASC-nin “Gəncə” filialı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.5% olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. O, götürdüyü kredit borcundan müəyyən ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığı üçün banka borcu yaranmışdır. Hazırda banka 2209.66 manat əsas, 391,94 manat faiz borcu və 294.37 manat cərimə borcu olmaqla, cəmi 2895,97 manat məbləğində borcu vardır. Cərimə borcunun azaldılmasını istəyir. Qalan borcu isə hissəhissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş emtişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X10 və X9 məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları Mülki işin materiallarında olan cavabdeh X10 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh X8 illik faiz dərəcəsi 19.5% olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 17 noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh X10 "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit vəsaitini iddiaçı "xxxx" ASC-dən qəbul etmişdir. Mülki işin materiallarında olan ödəniş planından görünür ki, xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsinə əsasən götürülmüş 3000 manat məbləğində kredit vəsaitinin 22 noyabr 2022-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 522/İST/2021 saylı zaminlik müqaviləsindən görünür ki, X10 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi "xxxx" ASC ilə X9 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlər X10 və X5 göndərilmiş xəbərdarlıqdan görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Mülki işin materiallarında olan 07 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X6 2209.66 manat əsas, 391,94 manat faiz borcu və 294.37 manat cərimə borcu olmaqla, cəmi 2895,97 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "TuranBank” ASC-nin “Gəncə” filialı ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X10 tərəfindən xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı "xxxx" ASC müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, 17 noyabr 2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsinə əsasən 2209,66 manat əsas borc məbləği cavabdeh X4 alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsinin 1.4-cü bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 19,5 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 391,94 manat faiz borcunun da cavabdeh X4 tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Digər tərəfdən, iddiaçı kredit müqaviləsi üzrə 294,37 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlərdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, kredit müqaviləsi üzrə 279,58 manat məbləğində hesablanmış cərimə məbləğinin 25 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, 522/İST/2021 saylı zaminlik müqaviləsinin şərtlərinə görə zamin - cavabdeh X9 iddiaçı qarşısında borcalan cavabdeh X10 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 2209,66 manat əsas borc, 391,94 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 2626,6 manat məbləğində borc cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsi üzrə 2209,66 manat əsas borc, 391,94 manat faiz, 25 manat cətimə borcu olmaqla, cəmi 2626,6 manat məbləğində borc tutulmalı, xx.xx.2021-ci il tarixli, İK 522/İST/2021 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 48,50 manat dövlət rüsumu cavabdehlər X10 və X3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-in Gəncə filialı ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 522/İST/2021 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər X10 və X3 müştərək qaydada 2209,66 (iki min iki yüz doqquz manat altmış altı qəpik) manat əsas borc, 391,94 (üç yüz doxsan bir manat doxsan dörd qəpik) manat faiz, 25 (iyirmi beş) manat cətimə borcu olmaqla, cəmi 2626,6 (iki min altı yüz iyirmi altı amant altmış qəpik) manat məbləğində borcu və 48,50 (qırx səkkiz manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-in xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar