Məhkəmə qərarları › İş №e-2(033)-330/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-330/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-330/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabanov Azər İbrahim oğlu ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, həm Şabanov Azər İbrahim oğlunun vərəsəsi olan, həmçinin digər vərəsələr Şabanov İbrahim Azər oğlu və X2 qanuni nümayəndəsi olan Cavabdeh İddiaçı QSC-nin xeyrinə 8456.54 manat məbləğində kredit borcu, 1352.91 manat məbləğində faiz borcu və 1271.86 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11081.31 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 123.24 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabanov Azər İbrahim oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Şabanov Azər İbrahim oğluna 36 ay müddətinə, aylıq 1.4583% olmaqla, 8800 (səkkiz min səkkiz yüz) manat kredit verilmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 1314 saylı xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, mərhumun oğlu Şabanov İbrahim Azər oğlu, qızı X4 və mərhumun arvadı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Adları qeyd olunmuş şəxslər miras əmlakdan bərabər hissədə, 1/3 hissədə pay almışdırlar. Belə olan halda mərhumun oğlu Şabanov İbrahim Azər oğlu, qızı X4 və mərhumun arvadı Cavabdeh mərhum Şabanov Azər İbrahim oğlunun hüquq və vəzifələri də keçmişdir. Şabanov İbrahim Azər oğlu (doğum tarixi xx.xx.2012), X4 (doğum tarixi xx.xx.2006) yetkinlik yaşına çatmadıqlarından onların qanuni nümayəndəsi qismində hər iki şəxsin anası olan Cavabdeh çıxış edir. Bu səbəbdən onların miras əmlakdan olan paylarına münasibətdə, həmçinin öz payına münasibətdə məsul şəxs Cavabdeh olduğundan İddiaçı QSC tərəfindən hazırki iddia üzrə Cavabdeh müəyyən edilmişdir. Cavabdeh ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2022-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin (bundan sonra Müqavilə) ümumi şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. O, götürdüyü kredit borcundan 343.46 manat ödəniş etmiş və onun iddiaçıya 8456.54 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Şabanov Azər İbrahim oğlu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 356 gün üçün hesablanmış faiz borcu 1352.91 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 356 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1271.86 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Şabanov Azər İbrahim oğlunun ölümü onun kredit öhdəlikərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh ərizə ilə müraciət edərək İddiaçı QSC-nin borcun tutulması tələbinə dair iddia ərizəsini qəbul etdiyini və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı QSC-nin nümayəndəsi X3 ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini və kredit müqaviləsi üzrə Şabanov Azər İbrahim oğlunun borcunu hissə-hissə banka qaytara biləcəyini qeyd etmişdir. İşin halları Şabanov Azər İbrahim oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı QSC tərəfindən Şabanov Azər İbrahim oğluna aylıq faiz dərəcəsi 28 faiz olmaqla, 48 ay müddətinə ayrılmış 30000 (otuz min) manat kredit limiti üzrə 36 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə 8800 manat ilkin kredit verilmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı Cavabdeh vərəsəsi olduğu Şabanov Azər İbrahim oğlunun bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 019A********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh Şabanov Azər İbrahim oğlunun xx.xx.2023-cü il tarixə iddiaçıya 8456,54 manat əsas kredit borcu, 1352,91 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 1271,86 manat cərimə olmaqla, cəmi 11081,31 manat kredit borcu vardır. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı 240829 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Şabanov Azər İbrahim oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. 21 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Şabanov Azər İbrahim oğlunun vərəsələri arvadı- Cavabdeh, qızı-X4, oğlu-Şabanov İbrahim Azər oğludur. 02 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Şabanov Azər İbrahim oğlunun vərəsələri arvadı- Cavabdeh, qızı X4, oğlu-Şabanov İbrahim Azər oğludur. Tətbiq edilmiş hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Şabanov Azər İbrahim oğlu arasında xx.xx.2021-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 17,5 faiz olmaqla 36 ay müddətinə, hissə-hissə qaytarılmaq şərti ilə 8800 (səkkiz min səkkiz yüz) manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. Şabanov Azər İbrahim oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Cavabdeh və X4, Şabanov İbrahim Azər oğlu ondan irs qalmış əmlakı qəbul etmiş və xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixdə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Şabanov Azər İbrahim oğlunun vərəsəsi olan Cavabdeh xx.xx.2021-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrası tələb edilmiş, lakin cavabdeh həmin müqavilə üzrə Şabanov Azər İbrahim oğlunun vərəsəsi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən 8456,54 manat əsas borc, 1352,91 manat faiz borcu məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 1271,86 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh olmuş şəxs kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan borcalan vəfat etmiş, onun vərəsələri 21 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Sonunculara isə yalnız xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən də vərəsələrin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 1271,86 manat cərimə qismən, 90 manat həddində təmin edilməlidir. Məhkəmə 123,24 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməli 118,41 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, 4,83 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, Şabanov Azər İbrahim oğlunun vərəsəsi olan Cavabdeh xx.xx.2021-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən 8456,54 manat əsas kredit borcu, 1352,91 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 90 manat cərimə olmaqla, cəmi 9899,45 manat məbləğində vəsait və ödənilmiş 119 manat məbləğində dövlət rüsumu tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 4,24 manat dövlət rüsumu özünə aid edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Şabanov Azər İbrahim oğlunun vərəsəsi olan Cavabdeh xx.xx.2021-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən 8456,54 (səkkiz min dörd yüz əlli altı manat əlli dörd qəpik) manat əsas kredit borcu, 1352,91 (bir min üç yüz əlli iki manat doxsan bir qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 90 (doxsan) manat cərimə olmaqla cəmi 9899,45 (doqquz min səkkiz yüz doxsan doqquz manat qırx beş qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 119 (bir yüz on doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 4,24 (dörd manat iyirmi dörd qəpik) manat dövlət rüsumu özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar