Məhkəmə qərarları › İş №e-2(033)-341/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-341/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-341/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kapital Bank ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2765 AZN əsas; 534.74 AZN faiz, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5522.01 AZN əsas; 1482.29 AZN faiz borcunun və 120.91 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən onun kartına müddəti 12 ay, illik faiz dərəcəsi 15 və məbləği 3000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə cavabdehə 6481 AZN kredit xətti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2765 AZN əsas; 534.74 AZN faiz; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 5522.01 AZN əsas; 1482.29 AZN faiz; borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə əlavə edilmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Zaqatala RİHB-nın Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Muradov X2 rayonu Bəhmətli kəndində qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir Bakı şəhərində yaşadığından ona məhkəmə bildirişinin təqdim edilməsi mümkün olmamışdır. Lakin onunla telefon əlaqəsi yaradılaraq, məhkəmə iclasının tarixi və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5116843A299 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 3000 manat kredit vəsaiti mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRED5833050A299 (Birkart müqavilə nömrəsi) nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 6481 AZN kredit xətti ayrılmışdır. Kartdan son istifadə tarixi 30 iyun 2025ci il müəyyən edilmişdir. İllik faiz dərəcəsi taksit əməliyyatları üzrə - 0 faiz, qeyri taksit və güzəşt müddəti olmayan əməliyyatlar üzrə - 25 faiz. 18 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh gecikdirilmiş öhdəliyi tam icra etməsi tələb edilmiş, əks təqdirdə İddiaçı ASC tərəfindən borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı ASC-nin 03 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2765 AZN əsas; 534.74 AZN faiz, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5522.01 AZN əsas; 1482.29 AZN faiz borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5116843A299 saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh illik 15 faiz olmaqla 12 ay müddətinə 3000 manat kredit vəsaiti mədaxil edilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə cavabdehə birkart verilməklə 6481 AZN kredit xətti ayrılmışdır. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, müqavilələrin şərtlərini pozmuş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Buna görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, GTKR5116843A299 saylı kredit müqaviləsinə əsasən 2765 manat əsas borc məbləği, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 5522.01 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan başqa, işdə olan xx.xx.2022-ci il tarixli, GTKR5116843A299 saylı kredit müqaviləsinin 1.1.4-cü bəndinə əsasən kreditin illik faiz dərəcəsi 15 faiz (faktiki illik faiz dərəcəsi 15,06 faiz). İşdə olan xx.xx.2022-ci il tarixli, BRED5833050A299 saylı kredit müqaviləsinin 1.1.4-cü bəndinə əsasən kreditin illik faiz dərəcəsi taksit əməliyyatları üzrə - 0 faiz, qeyri taksit və güzəşt müddəti olmayan əməliyyatlar üzrə - 25 faiz. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5116843A299 saylı kredit müqaviləsinə əsasən 534.74 manat faiz borcunun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 1482.29 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Bundan başqa, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 120.91 manat dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5116843A299 saylı kredit müqaviləsinə əsasən 2765 manat məbləğində əsas borc, 534.74 manat ona hesablanmış faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5522.01 manat məbləğində əsas borc, 1482.29 manat ona hesablanmış faiz borcu və ödənilmiş 120.91 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5116843A299 saylı kredit müqaviləsinə əsasən 2765 (iki min yeddi yüz altmış beş) manat məbləğində əsas borc, 534.74 (beş yüz otuz dörd manat yetmiş dörd qəpik) manat ona hesablanmış faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5522.01 (beş min beş yüz iyirmi iki manat bir qəpik) manat məbləğində əsas borc, 1482.29 (bir min dörd yüz səksən iki manat iyirmi doqquz qəpik) manat ona hesablanmış faiz borcu, cəmi 10304,04 (on min üç yüz dörd manat dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 120.91 (bir yüz iyirmi manat doxsan bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar