Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-343/2022 14.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 06 iyun 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 12.01.2022-ci il tarixinə yaranmış 1183,9 manat əsas, 117,5 manat cərimə, cəmi 1301,4 manat, 12 may 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 548 manat əsas, 82,2 manat cərimə, cəmi 630,2 manat, ümumilikdə 1931,6 manat borcun və 39,40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 08 fevral 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2021-ci il tarixli ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi 11 Little” markalı mobil telefona və hər 3 aksesuara görə 12 ay ödəniş cədvəli üzrə 103 manat olmaqla cəmi 1233,9 manat, 12 may 2021ci il tarixli ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “X1 10” markalı mobil telefona və “Honor” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə 50 manat olmaqla cəmi 598 manat, ümumilikdə iki müqavilə üzrə 1831,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 06 iyun 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və 12 may 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə heç bir ödəniş ödəməmişdir. İki müqavilə üzrə qalıq qalmış 1831,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə müddətli (nisyə) alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1997 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1997 manat təşkil etdiyi halda, hümanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 199,7 manat iddiaçıya ödənilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2021-ci il tarixli və 12 may 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, müqavilənin predmetini satıcı bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunu Satıcıya ödənilməsinə dair pul öhdəliyi təşkil edir. İşdə olan 06 iyun 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İrşad Electronics “Xiaomi 11 Little” markalı mobil telefonu Cavabdeh 12 ay müddətinə nisyə satır və müqavilə üzrə qalan borc 1233,9 manat, aylıq ödəniş 103 manat müəyyən edilir. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənir. İşdə olan 12 may 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İrşad Electronics “X1 10” markalı mobil telefonu Cavabdeh 12 ay müddətinə nisyə satır və müqavilə üzrə qalan borc 598 manat, aylıq ödəniş 50 manat müəyyən edilir. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 06 iyun 2021-ci il tarixli və 12 may 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə yaranmış borcunun ödəməsi tələb olunmuş, borc ödənmədiyi halda qanunvericiliyin müvafiq normalarına əsasən məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan 12 yanvar 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən Cavabdeh əsas borcu 1183,9 manat, cərimə borcu 1175 manatdır. İş materiallarında olan 12 yanvar 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 may 2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən Cavabdeh əsas borcu 548 manat, cərimə borcu 822 manatdır. İş materiallarından müəyyən olundu ki, 06 iyun 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı qiyməti 1233,9 manat olan avadanlığı alıcıya verməyi, Cavabdeh isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya 12 ay ərzində ayda 103 manat ödəməklə qaytarmağı, eyni zamanda, 12 may 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı qiyməti 598 manat olan avadanlığı alıcıya verməyi, Cavabdeh isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya 12 ay ərzində ayda 50 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsində müəyyən edilmişdir ki, müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 06 iyun 2021-ci il tarixli və 12 may 2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqavilələrinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış 1183,9 və 548 manat əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 06 iyun 2021-ci il tarixli müqavilə üzrə 117,5 manat cərimənin və 12 may 2021-ci il tarixli müqavilə üzrə 82,2 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 06 iyun 2021-ci il tarixli müqavilə üzrə 117,5 manat cərimə qismən, 11,75 manat həddində, 12 may 2021-ci il tarixli müqavilə üzrə 82,2 manat cərimə qismən 8,22 manat həddində təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06 iyun 2021-ci il tarixli müqavilə üzrə 1183,9 manat məbləğində əsas borc, 11,75 manat cərimə borcu, cəmi 1195,65 manat, 12 may 2021-ci il tarixli müqavilə üzrə 548 manat məbləğində əsas borc, 8,22 manat cərimə borcu, cəmi 556,22 manat, ümumilikdə 1751,87 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cavabdeh 39,40 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyun 2021-ci il tarixli müqavilə üzrə 1183,9 (bir min bir yüz səksən üç manat doxsan qəpik) manat məbləğində əsas borc, 11,75 (on bir manat yetmiş beş qəpik) manat cərimə borcu, cəmi 1195,65 (bir min bir yüz doxsan beş manat altmış beş qəpik) manat, 12 may 2021-ci il tarixli müqavilə üzrə 548 (beş yüz qırx səkkiz) manat məbləğində əsas borc, 8,22 (səkkiz manat iyirmi iki qəpik) manat cərimə borcu, cəmi 556,22 (beş yüz əlli altı manat iyirmi iki qəpik) manat, ümumilikdə 1751,87 (bir min yeddi yüz əlli bir manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Cavabdeh 39,40 (otuz doqquz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-343/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-343/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver