Məhkəmə qərarları › İş №e-2(033)-353/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-353/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-353/2022 05.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1640,89 manat - bundan 287,66 manat əsas, 531,41 manat faiz, 780,50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41,32 manat faiz borcu və iş üzrə ödənilmiş 36,41 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 1660 (min altı yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir. 10.02.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 1367.92 (min üç yüz altmış yeddi manat, 92 qəpik) AZN müəyyən edilmişdir, kreditin müddəti 10.02.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 09.12.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1640.89 (min altı yüz qırx manat, 89 qəpik) AZN təşkil edir. Bundan 287.66 (iki yüz səksən yeddi manat, 66 qəpik) əsas, 531.41 (beş yüz otuz bir manat, 41 qəpik) faiz, 780.50 (yeddi yüz səksən manat, 50 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41.32 (qırx bir manat, 32 qəpik) AZN faiz borcu təşkil edir. Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər, lakin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2014-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Bank Cavabdeh 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1660 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26 sentyabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 1660 ABŞ dolları kredit məbləğini İddiaçı ASC-dən almışdır. İş materiallarında olan 21.04.2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 26 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə 01/15-ƏS nömrəli əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1369,13 ABŞ dolları təşkil edir, kreditin müddəti 21.02.2018-ci tarixədək təyin olunmuşdur. İş materiallarında olan 10.02.2017-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bğlanmış ********* saylı 26 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə 2 nömrəli əlavə sazişdən görünür ki, kredit məbləği restrukturizasiya edilmiş, qeyd edilən tarixə borcalanın kreditor qarşısında borcu 1367,92 manat təşkil etdiyi, restrukturizasiya edilmiş kreditin müddəti 10.02.2019-cu il tarixədək uzadılması qeyd edilmişdir. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 10.02.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri 3 gün ərzində təmin etmədiyi halda kredit müqaviləsi üzrə əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.2017-ci il tarixli kredit müqaviləsi üzrə 10 dekabr 2021-ci il tarixinə 287,66 manat əsas borcu, 531,41 manat faiz borcu, 843,50 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 41,36 manat olmaqla, cəmi 1703,93 manat borcu yaranmışdır. İş materiallarından müəyyən olundu ki, 26 sentyabr 2014-ci il tarixli 20008202 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1660 ABŞ dolları kredit verilmişdir. 21.04.2015-ci il tarixdə və 10.02.2017-ci il tarixdə tərəflər arasında bağlanmış əlavə sazişlərə əsasən kredit müqaviləsinə dəyişiklik edilərək kreditin qalıq məbləği 1367,92 manat, müddəti isə 10.02.2019-cu il kimi müəyyən edilmişdir. Cavabdeh kreditdən istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdeh isə iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 26 sentyabr 2014-ci il tarixli kredit müqaviləsinə, 21.04.2015-ci il tarixlivə 10 fevral 2017-ci il tarixli kredit müqaviləsinə əlavə sazişlərə əsasən 287,66 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 531,41 manat faiz borcunun, 780,50 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41,32 manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. X4 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh kredit xətti açılmaqla müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış əsas kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 287,66 manat məbləğində əsas borc tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. İddia tələbi əsas borca hesablanmış 531,41 manat faiz borcunun, 780,50 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41,32 manat faiz borcunun tutulması hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən Cavabdeh 18,20 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməli, 18,21 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 287,66 (iki yüz səksən yeddi manat altmış altı qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 18,20 (on səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dövlət rüsumu olaraq ödədiyi 18,21 (on səkkiz manat iyirmi bir qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar