Məhkəmə qərarları › İş №e-2(033)-355/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-355/2023

03.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-355/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən mərhum X2ndan miras qalmış torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atasından ona miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini hazırlamaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi onun müraciəti əsasında ölçmə işləri aparmaq üçün gəlmiş, lakin cavabdehlər onlara ölçmə işlərinin aparılmasına icazə verməmişlər. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh ölçmə işlərini aparmağa icazə vermədiyi üçün, həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianın predmetinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən mərhum X8 məxsus torpaq sahəsində ölçmə işlərinin aparılmasına, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində “atasından miras qalmış” ifadəsini “atasına məxsus” kimi ifadə etmək istəmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 13 mart 2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, ƏMDK DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi gələn tarixdə o evdə olmamış, Balakən rayon Asan Xidmətində olmuşdur. Həmin tarixdə Balakən rayon Asan Xidmətində olduğunu təsdiq edəcək ayı, tarixi və saatı göstərilmiş növbə qəbzini (sübutu) ərizəsinə əlavə edəcəkdir. Digər Cavabdeh2 bacısıdır. O, ərdədir, başqa ünvanda yaşayır və həmin gün orada olmamışdır. Ünvanda olan yalnız həyat yoldaşı Cavabdeh3 olmuşdur və o, ölçmə işlərinə heç bir maneçilik törətməmişdir. ƏMDK DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinin İmtina məktubundan görünür ki, tərəflərindən onlara heç bir maneə edilməmişdir. Lakin iddia ərizəsində guya onların tərəfindən 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına icazə verilməmiş, məhz bu səbəbdən də ƏMDK DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən imtina verildiyi qeyd edilmişdir. Bunlar hamısı tamamilə yalan olduğu halda onlardan ödənilmiş vəkil xərci və dövlət rüsum tələb edilir. Ölçmə işlərinin aparılmasını istəyirsə, heç bir etirazları yoxdur. Gəlib ölçmə işlərini apara bilərlər. Mirasın qəbulu, onun faktiki idarə edilməsi ilə bağlı iddiaçının adına Əliabad qəsəbə İƏD-si tərəfindən verilmiş arayışlarda saxtakrlıqlar olduğundan narazılıqları vardır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən onlara qarşı ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pul tələbinin əsassız olduğunu və iddiaçının mirası nə rəsmi nə də faktiki qəbul etmədiyi üçün onun iddia ərizəsi verməyə subyektiv hüququ olmadığını nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun qardaşı qızıdır. X14 Respublikası vətəndaşı olmuşdur və heç bir zaman rayonda yaşamamışdır. O, 14 fevral 2022-ci ildə vəfat etmiş və onun dəfn mərasimini onlar təşkil etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, qardaşı X20 Federasiyasında Diana adlı qızı olmuşdur. Burada da onun Diana adlı qızı vardır. İddiaçı heç vaxt onlarla birgə yaşamamışdır. İddiaçının qardaşı Muhamədin sağlığında heç bir iddiası olmamış və onun ölümündən sonra ondan miras qalmış torpaq sahəsini tələb etməyə başlamışdır. Qardaşı 14 fevral 2022-ci ildə vəfat etmiş və onun dəfn mərasimini onlar təşkil etmişlər. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Cavabdeh1 arvadıdır. İddiaçı mərhum qaynı Muhaməd Əhmədovun qızıdır və o, atası vəfat etdikdə sonra ondan miras qalmış torpaq sahəsini adına rəsmiləşdirmək istəmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrkən onlara torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneə yaratmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 17 oktyabr 2022-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, İddiaçı X8 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********). Ərizənizin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin, aparılmasına tərəfindən şərait yaradılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, X15 ilə Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında qeyd olunan X12 eyni şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 noyabr 2009-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, inzibati ərazi dairəsinin 3 nömrəli təsərrüfatbaşına kitabın 80-cı səhifəsində Cavabdeh2 adına 1986-cı ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı 60 kvm ümumi, 40 kvm yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14 fevral 2022-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Karaqanda vilayəti 6-cı rayon 2 nömrəli VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 29 oktyabr 1987ci ildə doğulmuşdur. X2 və anası X1. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X3 nikahlarını 12 noyabr 1987-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Smaqulova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, nümayəndəliyin 3 nömrəli təsərrüfatbaşına kitabın 82-cı səhifəsinə əsasən həmin təsərrüfatda Cavabdeh2 və X12 qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, nümayəndəlikdəki 2018-2022-ci illərə dair 3 saylı ev təsərrüfatlarının uçotu kitabının 80-ci səhifəsində təsərrüfat nömrəsi 232 olan X22 ızının təsərrüfatında X5 və İddiaçı qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X9 vəfat etdikdən sonra onun varisləri X6, Cavabdeh2, X15 və Cavabdeh1dur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X7 adına hər-hansı torpaq sahəsinin olması ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsində və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivinin 06 aprel 2022-ci il tarixli arxiv arayışından görünür ki, Cavabdeh1 1986-1990-cı illərdə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabın 17-ci səhifəsinin 11 nömrəli vərəqində ailə tərkibi X13, X18, oğlu X19, qızı X10, oğlu X12 və gəlini Cavabdeh3 Sədulla qızı olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 04 avqust 2022-ci il tarixli e- 2(033)-613/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı atası 09 oktyabr 1957-ci ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində doğulmuş X7 14 fevral 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zaqatala rayonu Vəkil Bürosuna 100 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərinə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.2-cü maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiyə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. . Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı mərhum X7 qızıdır. Muhaməd Əhmədov 14 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən X7 adına Zaqatala rayonunun Əliabad qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsinə görə tərəflər arasında mübahisələr yaranmışdır. Torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə əlaqədar tərəflər arasında mübahisə olduğu üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan iş üzrə tərəflərə mənsub olduğundan onlar bir birlərinin hüquqlarını məhdudlaşdıra bilməzlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən mərhum X7 adına ayrılmış Zaqatala rayonun Əliabad qəsəbəsində yerləşən torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılan ölçmə işlərinə qarşı yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə həmçinin hesab edir İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum X2na məxsus Zaqatala rayonun Əliabad qəsəbəsində yerləşən torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılan ölçmə işlərinə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 alınaraq iddiaçıya ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar