Məhkəmə qərarları › İş №e-2(033)-356/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-356/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-356/2023 27.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirib Müəyyən etdim İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 1023.5 AZN əsas borc, 1.99 AZN faiz borcu və 1.05 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1026.54 AZN borcun və 30.27 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2015,57 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 15 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 1023.5 AZN əsas borc, 1.99 AZN faiz borcu və 2.09 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1027.58 AZN borcu vardır. Cavabdeh2 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2.09 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1.05 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 08 fevral 2023cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işin icraatına Cavabdeh1 aid hissədə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 15 avqust 1960-cı il tarixdə doğulmuş Cavabdeh1 27 avqust 2020-ci il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh üçün müəyyən edilmiş prosessual hüquq və vəzifələri məhkəmə iclasında iştirak etmək iqtidarında olan şəxs həyata keçirə bilər. Cavabdeh1 isə 27 avqust 2020-ci il tarixdə ölmüş, iddiaçı isə məhkəməyə hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə, yəni cavabdehin ölümündən 02 il 05 ay keçdikdən sonra müraciət etmişdir. Hazırkı işdə cavabdeh iddia qaldırılandan əvvəl öldüyü üçün prosessual olaraq tərəf statusunda olmamışdır. Vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırıla və həmin iddiaya baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən tərəf kimi cavabdeh üçün müəyyən prosessual hüquq və vəzifələr müəyyən etmişdir ki, həmin hüquq və vəzifələri də məhkəmə iclasında iştirak etmək iqtidarında olan şəxs həyata keçirə bilər. Hazırki halda isə iddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında olmayan, yəni ölmüş şəxsi cavabdeh qismində cəlb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284-4.1.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh1 aid hissədə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.5, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh1 aid hissədə xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar