Məhkəmə qərarları › İş №e-2(033)-358/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-358/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-358/2022 14.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 03 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 26.01.2022-ci il tarixinə yaranmış borcu 259 manat əsas, 38,8 manat cərimə, cəmi 297,8 manat, 06 aprel 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 2952,3 manat əsas, 442,8 manat cərimə, cəmi 3395,1 manat, 26 noyabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən 47 manat əsas borc, 7 manat cərimə, cəmi 54 manat, ümumilikdə 3746,9 manat borcun və 57,47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 11 fevral 2022ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A125" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla cəmi 449.5 manat, 06.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “İPHONE 12” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 211 manat olmaqla cəmi 3796.3 manat, 26.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİREDMİ 9” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla cəmi 287.5 manat, ümumilikdə üç müqavilə üzrə 4533.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 03.02.2021-ci il tarixli müqavilə üzrə 16.07.2021-ci il tarixində 38.5 manat, 06.04.2021-ci il tarixli müqavilə üzrə 08.08.2021-ci il tarixində 438.8 manat, 26.11.2021-ci il tarixli müqavilə üzrə 07.10.2021-ci il tarixində 24.5 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 3258.3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 4886 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 4886 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 488.6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 26.01.2022-ci il tarixədək İddiaçı MMC-nə olan borcu 03.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 259 manat manat əsas, 38.8 manat cərimə, cəmi 297.8 manat, 06.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2952.3 manat əsas, 442.8 manat cərimə, cəmi 3395.1 manat, 26.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 47 manat əsas, 7 manat cərimə, cəmi 54 manat, ümumilikdə borcu hər üç müavilə üzrə 3746.9 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2021-ci il tarixli, 06 aprel 2021-ci il tarixli, 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, müqavilənin predmetini satıcı bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunu Satıcıya ödənilməsinə dair pul öhdəliyi təşkil edir. İşdə olan 03 fevral 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İrşad Electronics “SAMSUNG A125” markalı mobil telefonu Cavabdeh 12 ay müddətinə nisyə satır və müqavilə üzrə qalan borc 449,5 manat, aylıq ödəniş 38 manat müəyyən edilir. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənir. İşdə olan 06 aprel 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İrşad Electronics “İphone 12 Pro 256 GB” markalı mobil telefonu 3796,3 manat, aylıq ödəniş 211 manat müəyyən edilir. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənir. İşdə olan 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İrşad Electronics “Xiaomi Redmi 9” markalı mobil telefonu Cavabdeh 12 ay müddətinə nisyə satır və müqavilə üzrə qalan borc 287,5 manat, aylıq ödəniş 24 manat müəyyən edilir. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 03 fevral 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi, 06 aprel 2021ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi, 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunun ödəməsi tələb olunmuş, borc ödənmədiyi halda qanunvericiliyin müvafiq normalarına əsasən məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən Cavabdeh əsas borcu 259 manat, cərimə borcu 388 manatdır. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən Cavabdeh əsas borcu 2952,3 manat, cərimə borcu 4428 manatdır. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi əsasən Cavabdeh əsas borcu 47 manat, cərimə borcu 70 manatdır. İş materiallarından müəyyən olundu ki, 03 fevral 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı qiyməti 449,5 manat olan avadanlığı alıcıya verməyi, Cavabdeh isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya 12 ay ərzində ayda 38 manat ödəməklə qaytarmağı, eyni zamanda 06 aprel 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı qiyməti 3796,3 manat olan avadanlığı alıcıya verməyi, Cavabdeh isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya 12 ay ərzində ayda 211 manat ödəməklə, eyni zamanda 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı qiyməti 287,5 manat olan avadanlığı alıcıya verməyi, Cavabdeh isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya 12 ay ərzində ayda 24 manat ödəməklə, qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsində müəyyən edilmişdir ki, müddətli (nisyə) alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər müddətli (nisyə) alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 03 fevral 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə, 06 aprel 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış 259 manat, 2952,3 manat, 47 manat əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 03 fevral 2021-ci il tarixli müqavilə üzrə 38,8 manat cərimənin, 06 aprel 2021-ci il tarixli müqavilə üzrə 442,8 manat cərimənin və 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 7 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 03 fevral 2021-ci il tarixli müqavilə üzrə 38,8 manat cərimə qismən, 3,88 manat həddində, 06 aprel 2021-ci il tarixli müqavilə üzrə 442,8 manat cərimə qismən 44,28 manat həddində, 26 noyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 7 manat cərimə 0,7 manat həddində təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03 fevral 2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 259 manat məbləğində əsas borc, 3,88 manat cərimə borcu, cəmi 262,88 manat, 06 aprel 2021-ci il tarixli ********* nömrəli müqavilə müqavilə üzrə 2952,3 manat məbləğində əsas borc, 44,28 manat cərimə borcu, cəmi 2996,58 manat, 26 noyabr 2020-ci il tarixli ********* nömrəli müqavilə üzrə 47 manat əsas borc 0,7 manat cərimə borcu olmaqla cəmi 47,7 manat olmaqla, ümumilikdə 3307,16 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cavabdeh 57,47 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 fevral 2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 259 (iki yüz əlli doqquz) manat məbləğində əsas borc, 3,88 (üç manat səksən səkkiz qəpik) manat cərimə borcu, cəmi 262,88 (iki yüz altmış iki manat səksən səkkiz qəpik) manat, 06 aprel 2021-ci il tarixli ********* nömrəli müqavilə müqavilə üzrə 2952,3 (iki min doqquz yüz əlli iki manat otuz qəpik) manat məbləğində əsas borc, 44,28 (qırx dörd manat iyirmi səkkiz qəpik) manat cərimə borcu, cəmi 2996,58 (iki min doqquz yüz doxsan altı manat əlli səkkiz qəpik) manat, 26 noyabr 2020-ci il tarixli ********* nömrəli müqavilə üzrə 47 (qırx yeddi) manat əsas borc 0,7 (yetmiş qəpik) manat cərimə borcu olmaqla cəmi 47,7 (qırx yeddi manat yetmiş qəpik) manat olmaqla, ümumilikdə 3307,16 (üç min üç yüz yeddi manat on altı qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Cavabdeh 57,47 (əlli yeddi manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar