Məhkəmə qərarları › İş №e-2(033)-360/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-360/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-360/2024 28.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-667/2019 iş nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh onun xeyrinə tutulması qət edilmiş 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 235 (iki yüz otuz beş manat) manat sabit pul məbləğində alimentin və uşağa əlavə xərclərə görə hər ay 100 manat əlavə xərclərin cavabehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahından 06 iyul 2018-ci il tarixdə Zeynəb adlı qız övladları dünyaya gəlmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-667/2019 iş nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş övladları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat miqdarında sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixdə anadan olmuş övladı X4 autizm xəstəliyindən əziyyət çəkir. Bu gün ki gün övladının saxlanılması, müalicə olunması, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Bundan əlavə bildirmək istəyir ki, uşağının həm psixoloji, mənəvi həm də maddi tələblərini o ödəyir. Qarşı tərəfin yüksək səviyyədə maddi imkanının olmasına baxmayaraq bununla bağlı ona heç bir yardım etmir. Nəzərə alınmalıdır ki, o bir ana kimi övladının ən yüksək səviyyədə müalicə alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi, övladının saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu və azyaşlı övladını olduqca çox məyus edir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun müalicəsinə və digər ehtiyaclarını ödəməklə bağlı ona maddi cəhətdən köməklik göstərməyə borcludur İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi Vəkil məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2018-cı il tarixdə anadan olmuş X4 autizm xəstəliyindən əziyyət çəkir. Bu gün ki gün üçün övladının saxlanılması, müalicə olunması, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Bundan əlavə bildirmək istəyir ki, uşağının həm psixoloji, mənəvi, həm də maddi tələblərini o ödəyir. Qarsı tərəfin yüksək səviyyədə maddi imkanının olmasına baxmayaraq bununla bağlı mənə heç bir yardım etmir. Nəzərə alınmalıdır ki, o bir ana kimi övladının ən yüksək səviyyədə müalicə alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq, nə ödənilən alimentin miqdarı, nə də onun səyi, övladının saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu və azyaşlı övladını olduqca çox məyus edir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun müalicəsinə və digər ehtiyaclarını ödəməklə bağlı ona maddi cəhətdən köməklik göstərməyə borcludur. Bidirmək istəyir ki, o hər ay 136 manat alimenti ödəyir, lakin o heç bir yerdə işləmir, heç bir qazancı yoxdur. İddiaçının iddia ərizəsində göstərdiyi 235 (iki yüz otuz beş) manat alimenti ödəmək iqtidarında deyildir. Belə ki, onun himayəsində yaşlı, xəstə anası vardır. O özü evlənmək, yeni ailə qurmaq istəyir. Maddi vəziyyəti ilə bağlı toy edə bilmir. Ona görə də o ayda 235 manat alimenti ödəyə bilməz. Bundan ə!avə iddiaçı iddia ərizəsində göstərmişdir ki, X4 autizm xəstəliyindən əziyyət çəkir, lakin, bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ayda 100 (yüz) manat uşağa əlavə xərclərinə görə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı da, onun kimi özü də uşağı saxlamaq üçün borcludur. Odur ki, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 25 06.2019-cu il tarixli. 2(033 )- 667 2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh onun xeyrinə tutulması qət edilmiş 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin miqdarının artırmasına dair iddiası əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, bildirmişdir ki, uşağı xəstədir, autizmdir və hər 6 aydan bir müayinəyə aparır, həmçinin həftədə bir neçə dəfə psixoloq və loqoped müayinəsindən keçir. O özü isə hal-hazırda uşağa qulluq etdiyi üçün işləyə bilmir, ödənilən 136 manat aliment isə uşağın ehtiyaclarını qarşılamağa kifayət etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil Cavabdeh stabil gəlir yerinin olmadığını, hal-hazırda işsiz olduğunu və fərdi əməklə də məşğul olmadığını, himayəsində yaşlı anasının olamsını, Zaqatala Rayon Məhkəməsinin 1xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin vaxtlı-vaxtında ödənildiyini və alimentin məbləği artırıldığı halda artan məbləği ödəmək iqtidarında olmadığını bildirmiş, həmçinin qeyd etmişdir ki, uşaq autizm xəstəsi olduğu təqdirdə onun müalicə və müayinəsi üçün sığorta hesabına dövlət tərəfindən ödənişlərin olunur. Tərəflərin uşaqlarının saxlanılması cavabdehlə yanaşı iddiaçının da vəzifəsi olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir İşin halları İş materiallarına əlavə edilmiş Balakən regional “ASAN” xidmət mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, 06 iyul 2018ci il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(033)-667/2019 saylı qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək 06 iyul 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 may 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq X3 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh etibarnamə əsasında nümayəndəsi Vəkil İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini, İddiaçı, birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş tibbi arayışdan görünür ki, X4 barəsində “yüngül dərəcəli əqli gerilik və dil və nitq inkişakının pozuntuları” diaqnozu qoyulmuşdur. İlk dəfə 2020-ci ildə müraciət edilib, Atipik Autizm diaqnozu qoyulmuş və müalicəsinə başlanmış, Psixoloji mərkəzə yönəlmiş, psixoloq, loqoped məşğələləri məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş 23 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh A.Məmmədov küçəsi 4 saylı binanın 1-ci mənzilində yaşayır və heç yerdə işləmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından 06 iyul 2018-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. 06 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(033)-667/2019 nömrəli qətnaməsinə əsasən 06 may 2019-cu il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 136 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdehin nümayəndəsi vəkil isə iddianı qəbul etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti ödəməsi, heç bir yerdə işləməməsi, yüksək gəlir yerinin olmaması və maddi imkanının aşağı olması onu uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin nümayəndəsinin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağın saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 06 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə daha sonra iddia tələbinin cavabdehin səhiyyə xərcləri ilə əlaqədar əlavə xərclərə cəlb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir və hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin əlavə xərclərə cəlb olunması ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Hazırki iddia tələbinin bu hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsində deyilir ki, əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 81-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, birincisi, atadan aliment tutulması artıq qət olunub, alimentin təyinatı yalnız geyim və qida xərcini ödəmək deyil, həm də müalicə xərcini ödəməkdir. Əgər müalicə xərci həddindən artıq çox olarsa, belə halda ata müalicə xərcinin ödənilməsinə cəlb edilə bilər. Lakin ana uşağın xəstəliyi ilə bağlı sübutları və müalicəsi ilə bağlı tövsiyyələri iddia tələbinə əlavə etsə də, müalicə xərcinin həddən artıq çox olması barədə məhkəməyə mötəbər (uşağın ağır xəstə və əlil olması ilə bağlı) heç bir sübut təqdim etməmişdir. İkincisi, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət dövlət hesabına göstərilir və iddiaçının himayəsində olan uşağın müalicə və müayinəsində özəl tibb xidmətlərini seçməsi onun şəxsi seçimidir və bu hal maddi vəziyyəti çətin olan cavabdehin əlavə xərclərlə yüklənməsi üçün əsas ola bilməz. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə və əlil olması halları daxildir. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. Ona görə də, iddia tələbi bu hissədə təmin dilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 06 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(033)-667/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 200 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 manat (200-136=64x12=768 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(033)-667/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 06 iyul 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 136 (bir yüz otuz altı) manat miqdarda alimentin məbləği artırılsın. 06 iyul 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar