Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-368/2023 30.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat heyvanın dəyəri olaraq hesablanmış pulun, dəymiş maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibi üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqının cəmi, 2645 (iki min altı yüz qırx beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Zaqatala rayonu, Fındıqlı kəndində yaşayır. 2021-ci il 01 aprel tarixində Zaqatala rayon sakini Cavabdeh yanında əvvəllər tanıdığı Telman adlı qəssab ilə yaşayış evinə gələrək bir baş iribuynuzlu heyvanı 1 aya ödəmək şərti ilə nisyə aparmışdır. Aralarındakı razılaşmaya əsasən heyvanın dəyəri 2000 manat məbləğə razılaşdırılmışdı. Heyvanın pulunu 1 aya ödəyəcəyinə söz verməsinə baxmayaraq hələdə pulunu verməmişdir. Dəfələrlə cavabdehin işlədiyi Zaqatala şəhər bazar ərazisində olan mağazaya gedərək pulunu verməsini tələb etsə də nəticə olmamışdır. Bunun üçün cavabdehin qanunsuz əməllərindən Zaqatala rayon Polis şöbəsinə şikayət etmək məcburiyyətində qalmışdır. Zaqatala rayon Polis şöbəsində aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında qeyd edərək bildirmişdir ki, 01 aprel 2021-ci il tarixdə İddiaçı 1900 manat dəyərində bir baş iribuynuzlu nisyə almışdır. Zaqatala rayon Polis şöbəsinin Təhqiqat bölməsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh pulunu saxlamaqla və borcunu verməməklə ona maddi zərər vurmuşdur. 1 il 10 aydan artıqdır ki, 2000 manat pulunu verməmişdir. Həmin vaxtı heyvan üçün 1 tay ot kipini 2.50 AZN almaq mümkün idi. Hal-hazırda həmin 1 tay ot kipini 5 manatdan aşağı almaq mümkün deyil. Hesabladıqda cavabdehin ona vurmuş olduğu zərər 2000 manatdan artıqdır. Cavabdeh pulunu əsassız yerə saxlamaqla, həmin puldan gəlir əldə etmiş və ona maddi zərər vurmuşdur. Cavabdehin ona vurmuş olduğu zərərin əvəzi olaraq cavabdehin ona ödəməli olduğu 2000 manat puldan əlavə 500 manat pul tələb edir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, 01 aprel 2021-ci il tarixdə o iddiaçıdan dəyəri 1900 manat olan bir baş iri buynuzlu heyvanı 6 ay ödəmək şərti ilə nisyə almışdır. Lakin həmin heyvan yaşlı olduğundan onun ətini sata bilməmiş və ziyan etmişdir. Bu səbəbdən də o heyvanın dəyəri olan 1900 manat pulu iddiaçıya ödəyə bilməmişdir. Həmin borcu qaytaracaqdır. Lakin iddiaçının tələbinin 500 manat maddi ziyanın ondan alınıb iddiaçıya ödənilməsi hissəsi ilə razı deyildir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ-ın Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 22 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, HK-1/51 nömərli material üzrə Azərbaycan Resbublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı pulunun qaytarılması ilə bağlı tələbi mülki xarakterli olduğundan ona aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin materialı üzrə verdiyi izahatında Cavabdeh bildirmişdir ki, 01 aprel 2021-ci il tarixdə Zaqatala rayon Fındıqlı kənd sakini İddiaçı 1900 manat dəyərində bir baş iribuynuzlu heyvanı 6 ay müddətində ödəmək şərti ilə nisyə almışdır. Həmin heyvanı Tofiqdən alanda kağız parçasında öz xətti ilə yazaraq alqı-satqı barəsində bildiriş vermişdir. Daha sonra həmin heyvanı Zaqatala rayon 2 saylı bazar ərazisində qəssablıq edən tanışı Telmanla kəsib satmaq istəmişdir. Lakin həmin heyvan yaşlı olduğundan, müştərilər tərəfindən malın əti bəyənilmədiyindən ziyan etmiş, çox hissəsini atmışdır. Buna görə bu günə kimi həmin heyvanın pulunu İddiaçı ödəyə bilməmişdir. Bu barədə Tofiqə bildirsə də sonuncu ondan 1900 manat pulun faizini istəmişdir. Buna görə də o, ziyanda olmasına görə Tofiqə ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, o, iddianı qismən qəbul edir. O, iddia tələbində qeyd edilən 2000 manat pulun deyil, 1900 manat borcun qaytarılmasına etiraz etmir. Bundan başqa 500 manat maddi ziyanın ödənilməsini qəbul etmir. İddianın 1900 manat pulun ondan alınması hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 12 fevral 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Zaqatala rayon Vəkil Bürosuna 100 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş 09 fevral 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 01 aprel 2021-ci il tarixdə İddiaçı özünə məxsus bir baş iri buynuzlu heyvanı dəyərini 1 ay müddətində qaytarmaq şərti ilə Cavabdeh nisyə satmış və sonuncu həmin heyvanın dəyərini qeyd edilən müddətdə qaytaracağına söz vermişdir. Lakin cavabdeh müddətin başa çatmasına baxmayaraq iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək heyvanın dəyəri olan 2000 manat pulun və 500 manat maddi ziyanın cavabdehdən alınmasını tələb etmişdir. Cavabdeh məhkəmə iclasında həqiqətən də iddiaçıya məxsus heyvanın ondan nisyə aldığını etiraf etmiş, lakin həmin heyvanın dəyəri 2000 deyil, 1900 manat təşkil etdiyini və qısa zamanda həmin borcunu iddiaçıya qaytaracağını bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən iddianı qismən, yəni 1900 manat hissəsinin etirafını, iddiaçınını isə həmin heyvanın dəyərinin 2000 manat olmasına və ona 500 manat maddi ziyan dəyməsinə dair məhkəməyə əsaslı sübut təqdim etmədiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1900 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun 39 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, qalıq 6 manat isə iddiaçının özünə aid edilməlidir. Həmçinin vəkilə ödənilmiş xidmət haqqı kimi 100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat pul vəsaiti və 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun 39 (otuz doqquz) manatı Cavabdeh alınaraq İddiaçı verilsin, qalıq 6 (altı) manat isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin eidlməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-368/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-368/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver