Məhkəmə qərarları › İş №e-2(033)-387/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-387/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-387/2023 30.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “borc pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 000 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 17 mart 2022-ci il tarixdə 7000 (yeddi min) manat, 21 avqust 2022-ci il tarixdə kredit müqaviləsinə əsasən 5000, 15 noyabr 2022-ci il tarixli sadə yazılı qəbzə əsasən 7000 (yeddi min) manat olmaqla ümumilikdə 19.000 (on doqquz min) manat borc pul vermişdir. 17 mart 2022-ci il tarixində Cavabdeh verdiyi 7000 (yeddi min) manat pulu 2022-ci ilin avqust ayında, 21 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verdiyi borcu xx.xx.2022-ci il tarixdə, 15 noyabr 2022-ci il tarixində verdiyi 7000 manat pulu isə dekabr ayının əvvəlində ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, Cavabdeh ümumilikdə 19.000 (on doqquz min) manat ona olan borcunu bu günədək ödəməmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi də, iş üzrə Cavabdeh 19.000 (on doqquz min) manat pulun alınaraq ona ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh ilə yaxın münasibətləri olmuşdur. Cavabdeh ona 2 illik təhsil xərclərinin ödənilməsi və digər işlərinin həlli üçün pula ehtiyacı olduğunu bildirmiş və o, sonuncuya inanaraq ayrıayrı vaxtlarda ümumilikdə 19000 manat borc pul vermişdir. Lakin sonradan cavabdeh götürdüyü pulu qaytara bilməyəcəyini və özünə məxsus evi sataraq ona olan borcunu qaytaracağını bildirmişdir. Cavabdeh ona qızıl-zinət əşyaları verməmiş və evin sənədlərini məhkəmə gedişatında sonuncuya qaytarmışdır. Evin sənədlərindən cavabdeh ona bağışlama müqaviləsini vermişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, o, iddiaçıdan hissə-hissə ümumilikdə 6500 manat pul götürmüş və sonuncu ona bildirmişdir ki, pulu qaytardıqda ona əlavə hörmət edər. Lakin bir ay bitdikdən sonra iddiaçı onun götürdüyü borcu faizlə verdiyini bildirmişdir. O, həmin borcu iddiaçıya faizi ilə birlikdə qaytarmışdır. Onun hazırda iddiaçıya borcu yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi diskdə olan videoçəkiliş sonuncunun onu hədə-qorxu gəlməsi nəticəsində çəkilmişdir. İddiaçı ondan ona məxsus evin sənədlərini və qızıl-zinət əşyaları götürmüşdür. Evin sənədlərini iddiaçı məhkəmə prosesində ona qaytarmışdır, lakin qızıl ziynət əşyaları onda qalmışdır. İddianın əsassız hesab edərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddiaçıların düz adam olmadıqlarını, onun qızını aldatdıqlarını bildirərərk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş 22 avqust 2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 05 sentyabr 2022-ci il tarixinədək qaytarmaq şərti ilə 5000 manat pul vermişdir. İş materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı ən geci noyabr ayının axırı, dekabr ayının əvvəli qaytarmaq şərti ilə 7000 manat pul götürmüşdür. İş materiallarına əlavə edilmiş CD disklərdə olan videoçəkilişlərdən görünür ki, Cavabdeh Cəmaləddin qızı mart ayında İddiaçı 7000 manat pul götürmüş və həmin pulu avqust ayında qaytaracağına söz vermişdir və daha sonra xx.xx.2022-ci il tarixdə 7000 manatın alınmasını təsdiq edən qəbz yazmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o, məhkəmə prosesində İddiaçı ona məxsus evin sənədlərini təhvil almışdır. Həmin sənəd 27 iyul 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsidir. İş materiallarına əlavə edilmiş 16 fevral 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 147 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh 17 mart 2022-ci il tarixdə 7000 (yeddi min) manat, 21 avqust 2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən 5000 (beş min), 15 noyabr 2022-ci il tarixli sadə yazılı qəbzə əsasən 7000 (yeddi min) manat olmaqla ümumilikdə 19.000 (on doqquz min) manat borc pul vermişdir. Cavabdeh 17 mart 2022-ci il tarixində götürdüyü 7000 (yeddi min) manat pulu 2022-ci ilin avqust ayında, 21 avqust 2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən götürdüyü 5000(beş min) manat pulu 05 sentyabr 2022-ci il tarixdə, 15 noyabr 2022-ci il tarixdə yazılı qəbzə əsasən götürdüyü 7000 (yeddi min) manat pulu isə dekabr ayının əvvəlində İddiaçı ödəməyi öhdəsinə götürməsinə baxmayaraq ümumilikdə 19.000 (on doqquz min) manat pulu sonuncuya qaytarmamışdır. Müəyyən edildiyi kimi qeyd olunan maddi hüquq norması tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin kredit müqaviləsi, əlyazma və diskdə olan pulun götürülməsini təsdiq edən videogörüntü ilə müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə işdə olan kredit müqaviləsi, yazılı qəbzi və diskdə olan videogörüntüləri cavabdehin iddiaçıya ümumilikdə 19 000 manat borcunun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh İddiaçı 19 000 manat borc pul alması öz təsdiqini tapmışdır. Bu səbəbdən də iddiaçı 19000 (on doqquz min) manat borcu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin iddiaçıdan yalnız 6500 manat miqdarında pul almasına dair ifadəsinə tənqidi yanaşaraq bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı pullar müqabilində girov kimi hər hansı qızıl ziynət əşyalarını verilməsini təsdiq edən sübutları olarsa bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa məhkəmə prosesində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video disklərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, istər pulun verilməsinə dair olan video çəkilişdə istərsə də pulun alınmasına dair qəbzin cavabdeh tərəfindən yazılmasını təsdiq edən video çəkilişdə müəyyən olunur ki, hər iki çəkiliş cavabdehin evində aparılmış, çəkiliş vaxtı cavabdeh tam sərbəst olmuş, onun hədə qorxu təsiri altında olduğunu təsdiq edən heç bir hal müəyyən olunmur. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 147 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19 000 (on doqquz min) manat pul vəsaiti və ödənilmiş 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar