Məhkəmə qərarları › İş №e-2(033)-390/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-390/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-390/2024 14.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi X1 katibliyi ilə İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 3942 manat əsas, 1279,95 manat faiz, 255,92 manat cərimə olmaqla cəmi 5477,87 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 300 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24% ödəmək şərtilə 3942 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Belə ki, Əsas kredit müqaviləsin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 3942 manat əsas, 1279.95 manat faiz və 255.92 manat cərimə olmaqla, cəmi 5477.87 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Əsas kredit və Bank hesabı müqaviləsindən görünür ki, bank Cavabdeh1 120 ay müddətinə, xx.xx.2032-ci il tarixədək illik maksimum 32 faizlə 300000 manat məbləğində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi və bank hesabı açmağı öhdəsinə götürmüşdür. "xxxx" KB ASC ilə cavabdelər Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 525micNAR/22 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana illik 24 % olmaq şərtilə 36 ay müddətinə, xx.xx.2025-ci il tarixədək 3942 manat məbləğində krediti verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birgə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 525micNAR/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər xx.xx.2022-ci il tarixli 525micNAR/22 nömrəli kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərilərinə götürmüşdürlər. 01 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tam şəkildə 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam həcmdə qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 29 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Cavabdeh1 525micNAR/22 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-yə əsas məbləğ üzrə 3942 manat əsas borc, faiz üzrə 1279,95 manat borc, cərimə 255,92 manat borc olmaqla, cəmi 5477,87 manat məbləğində kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC Cavabdeh1 120 ay müddətinə illik maksimum 32 faiz dərəcəsi 300000 manat əlavə kredit müqavilələri bağlamaqla ayırmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 525micNAR/22 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh1 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3942 manatı cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 kredit verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 525micNAR/22 nömrəli kredit müqaviləsinə əsasən 3942 manat əsas borc məbləği Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh1 xx.xx.2022-ci il tarixli 525micNAR/22 nömrəli kredit müqaviləsinə əsasən 1279,95 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış 255,92 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 255,92 manat cərimə qismən, 30 manat həddində təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 525micNAR/22 nömrəli zaminlik müqaviləsinə görə cavabdeh-zamin Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC qarşısında cavabdeh borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçı "xxxx" KB ASC-in xeyrinə 3942 manat məbləğində əsas borc, 1279,95 manat ona hesablanmış faiz borcu, 30 manat cərimə borcu, cəmi 5251,95 manat məbləğində vəsait tutulmalıdır. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 72,52 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməli 2,66 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 3942 (üç min doqquz yüz qırx iki) manat məbləğində əsas borc, 1279,95 (bir min iki yüz yetmiş doqquz manat doxsan beş qəpik) manat ona hesablanmış faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 5251,95 (beş min iki yüz əlli bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 72,52 (yetmiş iki manat əlli iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. 2,66 (iki manat altmış altı qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar