Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-40/2024 07.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X3 katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Mütəllib qızının və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və X2 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 700 (yeddi yüz) manat pulun, 300 (üç yüz) manat maddi zərərin və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, təsərrüfatlarında olan bir baş buzov Cavabdeh səhlənkarlığı nəticəsində ölmüşdür. Belə ki, Cavabdeh kəndlərində baytar həkimdir. Onlara məxsus buzov cavabdeh tərəfindən təyin olunan müalicə nəticəsində tələf olmuşdur. Ona görə ki, cavabdeh həddən artıq dava-dərmanı verməklə, buzovlarını tələf etmişdir. Hazırda bir baş buzovun bazar qiyməti 500-700 manat təşkil edir. Bundan başqa cavabdeh onları 300 manat maddi zərərə salmışdır. Belə ki, buzovun müalicəsi üçün cavabdeh “Oksi 20%, 25 qr”, “Oksi paraşok 20 qr”, “Natri-Xlor 400 qr”, “B- 6, B-12, 5 qr”, “Kafein 10 qr”, “Punger 200 qr” “Analgin-Dimidrol 5 qr” və.s kimi pereparatlar aldırmışdır. Hazırda cavabdehdən 700 manat buzovun pulunu və maddi zərərin əvəzi olaraq 300 manat tələb edir. Dəfələrlə cavabdehdən zərərlərinin ödəmənilməsini tələb etsələr də, imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz dair olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 Nurməhəmməd qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq qeyd etdi ki, kənddə Adil adlı oğlan var və o heyvanlar üçün dərman satır. Dərmanlar ondan alınıb. Bir dərmanı da Aslan həkimdən almışlar. 20 günlük buzova bir paket dərman vurulub. Buzov yaxşı vəziyyətdə olub cavabdeh gələnə qədər. Buzov yaxşı yeyirdi. Buzov cavabdehin müalicəsindən zəhərlənib. Buzov öləndən sonra Musa doktoru çağıranda o analizin buzov öləndən sonra 3 saat ərzində verilməli olduğunu bildirmiş və daha analiz götürməyin bir mənası olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçılar bazardan 450 manata anasız buzov alıblar. 3-5 günün buzovu olub. Onu hər iki qapısı açıq vəziyyətdə оlan damda saxlayıblar. İddiaçılar buzova 2-3 gün dərman içiriblər. Özləri ona deyiblər ki, iki gün dərman verdik düzəlmədi. Özü baytar texnikdir və 10-12 ildir işləmir. İddiaçılar ona müraciət edərək buzovun xəstə olduğunu bildiriblər o, da iddiaçılara məxsus heyvana baxıb. İddiaçılar onu buzov xəstələnib, çox pis vəziyyətə düşəndən sonra çağırıblar. Buzov dezinteriyaya düşmüşdür. Buzova dərmanları o, yazıb. Buzova təyin olunan heç bir müalicə buzova zərər verə bilməzdi. Onun ölümü xəstəlikdən olub. Malın müalicəsi üçün iddiaçıdan pul da istəməmişdir. Dərmanları da aptekdən özləri alıb. O, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları Sadə yazılı formada tərtib edilmiş təyinat vərəqindən görünür ki, vərəqdə “Oksi 20%, 25 qr”, “Oksi paraşok 20 qr”, “Natri-Xlor 400 qr”, “B-6, B-12, 5 qr”, “Kafein 10 qr”, “Ringer 200 qr” “Analgin-Dimidrol 5 qr” qeydi edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Zaqatala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Nurməmməd İskəndərov idarənin işçisi olmadığından onun barəsində tədbir görmək səlahiyyətləri yoxdur. Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(033)-668/2023 nömrəli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri də cəlb edilməklə məhkəmə bioloji ekspertizası təyin edilmiş və ekspert qarşısında təyinat vərəqində qeyd edilən preparatların buzovun müalicəsində istifadəsinin mümkünlüyü, yan təsiri və fəsadları ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş ekspert Jalə Əskərovanın eyni tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatdan görünür ki, 27 fevral 2024-cü il tarixdə Mərkəzə daxil olmuş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisin rəyinə əsasən qərardadda göstərilən baytarlıq preparatları barədə zəruri məlumatlar (istehsalçı ölkə, preparatın tarixi, istifadə təlimatı, istehsal tarixi və son istifadə tarixi və s.) təqdim olunmadığına görə ekspert qarşısında qoyulmuş sualların həlli mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar оndan ibarətdir ki, iddiaçıların malik оlduqları bir baş buzov xəstələnmiş, cavabdeh tərəfindən оna müalicə təyin edilsə də, buzov ölmüşdür. İddiaçılar tələblərini xəstə buzоvlarının cavabdeh gələnə qədər yaxşı vəziyyətdə olması, cavabdehin yanlış müalicəsi səbəbindən zəhərlənib ölməsi, bir baş buzovun bazar qiymətinin 500-700 manat təşkil etməsi, cavabdehin təyin etdiyi müalicə üçün dərman pereparatların alınmasına 300 manat vəsait xərcləmələri ilə əsaslandırsalar da, buzovun cavabdeh gələnə qədər yaxşı vəziyyətdə olması, cavabdehin yanlış müalicəsi səbəbindən zəhərlənib ölməsi barədə hər hansı sübut təqdim etməmişlər. İş üzrə sübutlarla, iddiaçılara məxsus xəstə buzоvun cavabdeh gələnə qədər yaxşı vəziyyətdə olması, cavabdehin yanlış müalicəsi səbəbindən zəhərlənib ölməsi, bununla da iddiaçıların malik оlduqları buzovlarının ölməsi ilə bağlı zərərə uğramalarında cavabdehin təqsirli оlması, оnun hərəkətləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu təsdiq edilməmişdir. İddiaçılar eyni zamanda bir baş buzovun bazar qiymətinin 500-700 manat təşkil etməsi, cavabdehin təyin etdiyi müalicə üçün dərman pereparatların alınmasına 300 manat vəsait xərcləmələri barədə də sübut təqdim etməmişlər. İş üzrə sübutlarla həmin hallar da təsdiq edilməmişdir. Bundan başqa iddiaçılar baytarlıq preparatları barədə zəruri məlumatları da məhkəməyə təqdim edə bilməmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılara məxsus xəstə buzоvun cavabdehin yanlış müalicəsi səbəbindən zəhərlənib ölməsi sübut edilmədiyindən, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-40/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-40/2024
07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver