Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-401/2024 17.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7290.14 (yeddi min iki yüz doxsan manat, 14 qəpik) AZN-bundan 2983.70 (iki min doqquz yüz səksən üç manat, 70 qəpik) AZN əsas, 1856.56 (bir min səkkiz yüz əlli altı manat, 56 qəpik) AZN faiz, 2027.17 (iki min iyirmi yeddi manat, 17 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 422.71 (dörd yüz iyirmi iki manat, 71 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 92.91 (doxsan iki manat, 91 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə illik 31% dərəcəsi ilə, 24 ay müddətinə 3830 (üç min səkkiz yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-120009844 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01-15 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3830 (üç min səkkiz yüz otuz dollar) ABŞ dolları müəyyən edilmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək müəyyənləşdirmişdi. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 2520.47 (iki min beş yüz iyirmi dollar, 47 sent) ABŞ dolları konvertasiya edilməklə (1USD = 1.40 AZN) 3528.66 (üç min beş yüz iyirmi səkkiz manat, 66 qəpik) AZN təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh2 cəmi borcu 7290.14 (yeddi min iki yüz doxsan manat, 14 qəpik) AZN təşkil edir. Bundan 2983.70 (iki min doqquz yüz səksən üç manat, 70 qəpik) AZN əsas, 1856.56 (bir min səkkiz yüz əlli altı manat, 56 qəpik) AZN faiz, 2027.17 (iki min iyirmi yeddi manat, 17 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 422.71 (dörd yüz iyirmi iki manat, 71 qəpik) AZN faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********419 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı və Cavabdeh2 məhkəməyə gəlməmiş, lakin iddiaçının nümayəndəsi Coşqun İbrahimxəlilov ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki,qardaşı iddiaçıdan kredit götürmüşdür o qardaşına zamin durmuşdur. Qardaşı krediti bir müddət ödəmişdir, lakin sonradan bank bağlandığından qardaşı ödənişləri dayandırmışdır. Kredit 2015 və ya 2017-ci ildə götürülmüşdür, dəqiq yadında deyil. Cərimənin silinməsini istəyir. Qardaşı hazırda Türkiyədə yaşayış və işləyir. Qardaşı xəstədir, onun özünün isə borcu ödəmək imkanı yoxdur. Özü İİ qrup əlildir və bunların nəzərə alınmasını xahiş edir. İşin halları İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 09 fevral 2015-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3830 ABŞ dolları kredit verilmişdir. 09 fevral 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 3830 ABŞ dolları verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1.4-cü bəndindən görünür ki, zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 09 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS-R saylı 09 mart 2015-ci il tarixli əlavə sazişdən görünür ki, 09 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Cavabdeh2 verdiyi kreditin qalıq məbləği 3830 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 09 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 01/15-ƏS saylı 09 mart 2015-ci il tarixli əlavə sazişdən görünür ki, 09 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Cavabdeh2 verdiyi kreditin qalıq məbləği 3830 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 09 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı 28 mart 2017-ci il tarixli əlavə sazişdən görünür ki, kredit restrukturizasiya edilərək borcalanın kreditor qarşısında borcu 3528,66 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Saziş imzalandığı gündən restrukturizasiya edilmiş kredit üzrə illik faiz dərəcəsi 15 faiz təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gcikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 09 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 1 saylı 28 mart 2017-ci il tarixli əlavə sazişdən görünür ki, ********* saylı 09 fevral 2015-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh2 verilmiş kredit müqaviləsi üzrə xarici valyutada olan kredit borcunun həcmi 2520,47 ABŞ dolları müəyyən edilməklə 1 USD=1,40 AZN hesabı ilə konvertasiya edilərək onun borcu 3528,66 manat təşkil etməsi razılaşdırılır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Saziş imzalandığı gündən restrukturizasiya edilmiş kredit üzrə illik faiz dərəcəsi 15 faiz təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gcikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 13 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri 3 gün ərzində təmin etmədikləri halda kredit müqaviləsi üzrə əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 29 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 mart 2017-ci il tarixli kredit müqaviləsi üzrə 26 dekabr 2023-cü il tarixinə 2983,70 manat əsas borcu, 1856,56 manat faiz borcu, 2027,17 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 422,71 manat olmaqla, cəmi 7290,14 manat borcu yaranmışdır. Tədbiq edilən hüquq 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0 və 470.0.4-cü maddələrinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində ABŞ dollarıla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) ABŞ dollarıadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) ABŞ dolları məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. 8.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın məqsədləri üçün 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.6-ci bəndinə əsasən fərmanın təsir dairəsinə vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar aid edilmişdir. 8.8-ci bəndinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir . Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 09 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 həmin tarixdə 3830 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. 09 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə iddiaçı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və borcalan Cavabdeh2 İddiaçı ASC qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh1 öz üzərinə götürmüşdür. 09 mart 2015-ci il tarixdə və 28 mart 2017-ci il tarixlərdə Cavabdeh2 ilə iddiaçı arasında 09 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə sazişlər bağlanaraq kredit məbləği restrukturizasiya edilmiş və 28 mart 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısında həmin tarixə 3528,66 manat borcu olması, müqavilə üzrə illik faiz dərəcəsinin 15 faiz olması və kredit müddətinin xx.xx.2021-ci il olması tərəflər arasında razılaşdırılmışdır. Zamin-Cavabdeh1 ilə iddiaçı arasında 09 fevral 2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsinə 09 mart 2015-ci il tarixdə və 28 mart 2017-ci il tarixli əlavə sazişlər bağlanmış və 28 mart 2017-ci il tarixli saziş üzrə də restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il kimi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdeh1 iddia tələbini əsas və faiz borcunu hissəsində qəbul etmiş və iddia ərizəsinin cərimə hissəsində rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 09 fevral 2015-ci il tarixdə müvafiq olaraq kredit müqaviləsi və zaminlik müqaviləsi imzalanmaqla aralarında müqavilə üzrə münasibətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 2983,70 manat əsas borc məbləği Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. İş materiallarından da müəyyən edilir ki, kredit müqaviləsi 24 ay müddətinə, illik 31 faiz olmaq şərti ilə, kredit müqaviləsi restrukturizasiya edilərək isə kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmaqla 15 faizlə verilmişdir. Daha sonra, məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1856,56 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 2027,17 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 2027,17 manat cərimə qismən, 200 manat həddində təmin edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 422,71 manat borcun tutulması hissəsi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, əsas borc məbləğinin borcun qaytarma vaxtı olan 23 avqust 2019-cu il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Müqavilənin müddətinin bitdiyi 23 avqust 2019-cu il tarixdən iddia tələbində göstərilən 23 iyun 2022-ci il tarixədək olan müddət üçün 422,71 manat tutulmalıdır. Belə olan halda iddia tələbinin bu hissəsi də qanuni və əsaslı hesab edilməlidir. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı ASC qalıq qalmış əsas kredit borcunun, faiz borcunun, cərimə borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Bundan başqa, işdən göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Məhkəmə hesab edir ki, 09 fevral 2015-cü il tarixli zaminlik müqaviləsi şərtlərinə görə zamin-Cavabdeh1 iddiaçı qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki müqavilə 24 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin son icra tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafikə əsasən xx.xx.2017-ci il kimi müəyyən edilmişdir. Həmin müqavilənin restrukturizasiya edilməsi ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişlə restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021ci il kimi müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırki iddia ərizəsi ilə zamin-Cavabdeh1 qarşı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərkən zaminə qarşı iddia irəli sürülməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Həmin müddətin qurtardığı gündən isə 3 ilə yaxın müddət keçmişdir. Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Qeyd olunan müddət ərzində isə iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zamin Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsində qeyd edilən və qanunverici tərəfindən müəyyən edilmiş 1 ilik müddət başa çatdığından Cavabdeh1 zaminliyinə xitam verilməli və iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh2 ilə yanaşı Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 2983,70 manat məbləğində əsas borc, 1856,56 manat ona hesablanmış faiz borcu, 200 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 422,71 manat faiz borcu olmaqla, cəmi 5462,97 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh2 74,62 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ödədiyi 92,91 manat dövlət rüsumunun 18,29 manatı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh2 2983,70 (iki min doqquz yüz səksən üç manat yetmiş qəpik) manat məbləğində əsas borc, 1856,56 (bir min səkkiz yüz əlli altı manat əlli altı qəpik) manat ona hesablanmış faiz borcu, 200 (iki yüz) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 422,71 (dörd yüz iyirmi iki manat yetmiş qəpik) manat faiz borcu olmaqla, cəmi 5462,97 (beş min dörd yüz altmış iki manat doxsan yeddi qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh2 74,62 (yetmiş dörd manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. 18,29 (on səkkiz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-401/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-401/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver