Məhkəmə qərarları › İş №e-2(033)-41/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-41/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-41/2024 18.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşınına vurduğu 1320 (bir min üç yüz iyirmi) manat maddi zərərin və 33,2 (otuz üç manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 05 yanvar 2023-cü il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi «VAZ 21099» minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhərindən çıxaraq yaşadığı Maqov kəndində yerləşən evinə gedirdi. Həmin vaxt yanında bacanağı, Yuxarı Tala kənd sakini X9 olmuşdur. O, F.Əmirov küçəsində Balakən rayonu istiqamətində hərəkət edərkən yolun sağ tərəfində yerləşən "İS Oil" yanacaq doldurma məntəqəsinə çatdıqda YDM-dən "Mercedes A170" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən yola çıxması nəticəsində onun idarə etdiyi avtomobil həmin avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra ona məlum olmuşdur ki, toqquşduğu avtomobil cavabdeh Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh olmuşdur. Hadisədən sonra dərhal DİN-nin "102" zəng xidmətinə məlumat verilmiş və hadisə yerinə Zaqatala rayon DYPB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirib foto şəkillər çəkmiş, hadisə yerinin sxemi tərtib olunmuşdur. Hadisə zamanı ona bədən xəsarəti dəydiyi üçün onu dərhal Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Eyni zamanda hadisə nəticəsində onun avtomobilinə cəmi 1320 (bir min üç yüz iyirmi) manat məbləğində maddi zərər dəymişdir. Hadisə ilə bağlı Zaqatala rayon X8 Bölməsində ibtidai araşdırma aparılmış və yol nəqliyyat hadisəsi faktı ilə bağlı toplanmış HK-1/22 saylı material əsasında Zaqatala rayon Polis X3 təhqiqatçısı, polis leytenantı X6 tərəfindən 23 yanvar 2023-cü il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Cavabdeh "X12" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü bəndinin tələblərini (sürücü yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməlidir) pozaraq idarə etdiyi avtomobili yolun hərəkət hissəsinə çıxarmaqla dönmə əməliyyatı aparması nəticəsində baş vermişdir. Həmçinin həmin qərara əsasən, cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd olunması, lakin Cavabdeh əməli Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşdüyündən və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Zaqatala RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Bununla bağlı bildirir ki, avtomaşınına dəymiş zərərə dair Zaqatala rayonu "Avtomobillərə Texniki Xidmət Sexi» X5" müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14 nömrəli zərər aktı çıxarılmış və Zaqatala RPŞ-nin Təhqiqat Şöbəsinə təqdim edilmişdir. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh həmin məbləği ona ödəməkdən imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Təxmini olaraq 1 il bundan qabaq yanvar ayının 5-də yuxarıdan aşağıya gələrkən İS OİL adlanan benzin doldurma məntəqəsinə çatan zaman qəflətən qabağına avtomobil çıxmış və qəza baş vermişdir. Hadisə yerində onlar avtomobildən düşən zaman nə qarşılarına çıxan avtomobili, nə də avtomobilin sahibini görməmişlər. Sonra onu xəstəxanaya aparmışlar, orada müayinə olunmuşdur. Xəstəxanada Cavabdeh adamları onun yanına gəlmiş və şikayət etməməsini xahiş edərək xəstəxanadan çıxarmışlar. Ekspert rəyini almışdır. Ekspertin rəyində göstərdiyi 1120 manat dəymiş ziyan məbləği ilə razıdır. O, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbi və ekspert rəyi ilə razı deyil. Rizvan özü avtomobilini qırıb ona yenidən yığdırmaq istəyir. Köhnə, yararsız avtomobildir. Rizvana demişdir ki, avtomobili düzəldib verəcək. Lakin o, razılaşmamışdır. Adamının olduğunu, özü dəzəltdirəcəyini bildirmişdir. O, təqaüdçüdür, iş yeri yoxdur. Özündə günah yoxdur demir. Sadəcə avtomobilə o qədər ziyan dəyməmişdir. Ekspert rəyində göstərilmiş 1120 manat dəymiş ziyanı hər ay hissəhissə ödəyə bilər. Sözügedən işlə bağlı polis tərəfindən 100 manat cərimə də olunmuşdur. İşin halları Zaqatala Rayon Polis X3 təhqiqatçısı, polis leytenantı X6 tərəfindən 23 yanvar 2023cü il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, vət. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Zaqatala RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, 05 yanvar 2023-cü il tarixdə təxminən saat 20 radələrində sürücü Nuriyev X1 şəhəri F.Əmirov küçəsində yolun kənarında yerləşən “İSOİL” YDM-dən F.Əmirov küçəsinə çıxan yolda «X12» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla “yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda” idarə etdiyi avtomobili yolun hərəkət hissəsinə çıxarmaqla dönmə əməliyyat apardığı zaman üzü Balakən rayonu istiqamətində hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi «VAZ 21099» minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Toqquşma nəticəsində sürücü İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Zaqatala rayonu "Avtomobillərə Texniki Xidmət Sexi» X5" müəssisəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktından görünür ki, «VAZ 21099» minik markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 1320 manat zərər dəymişdir. Zaqatala RPŞ DYPB-nin YPX inspektoru, polis serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 05 yanvar 2023-cü il tarixli İXP5211404 nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzbati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli 9/5811-8/2244 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Avtomobillərə Texniki Xidmət Sexi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı, “VAZ21099” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hazırki bazar qiymətlərinə uyğun təxminən 1120,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli 9/5811-8/2244 nömrəli ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 7.0.36-cı maddəsinə görə zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, 05 yanvar 2023-cü il tarixdə təxminən saat 20 radələrində sürücü Nuriyev X1 şəhəri F.Əmirov küçəsində yolun kənarında yerləşən “İSOİL” YDM-dən F.Əmirov küçəsinə çıxan yolda «X12» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla “yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda” idarə etdiyi avtomobili yolun hərəkət hissəsinə çıxarmaqla dönmə əməliyyat apardığı zaman üzü Balakən rayonu istiqamətində hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi «VAZ 21099» minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Toqquşma nəticəsində sürücü İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. "Avtomobillərə Texniki Xidmət Sexi» X5" müəssisəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktına əsasən «VAZ 21099» minik markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 1320 manat zərər dəymişdir. Zərər dəymiş nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə Zaqatala RPŞ DYPB-nin YPX inspektoru, polis serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzbati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı avtomobilə dəymiş zərər aktında qeyd edilən məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli 9/5811-8/2244 nömrəli ekspert rəyi ilə “VAZ21099” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hazırki bazar qiymətlərinə uyğun təxminən 1120,0 manat müəyyən edilmişdir. Cavabdeh dəymiş zərərin hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə ilk öncə cavabdehin izahatında qeyd etdiklərinə münasibət bildirərək hesab edir ki, iddia tələbinin rədd olunması üçün əsaslar yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, zərərin məbləği ilə bağlı ekspertiza təyin edilmiş, rəy alınmışdır. Hazırkı işdə təkrar ekspertiza keçirilməsinə lüzüm yoxdur. Ona görə ki, ekspert rəyinin kifayət qədər aydın və ya tam olmamasına dair əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən buna dair sübutlar da təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh qeyd olunan hadisə ilə bağlı təqsirli bilinmiş, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan hallarla bağlı məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir. Həmin zərər iddiaçı tərəfindən 1320 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli 9/5811-8/2244 nömrəli ekspert rəyini sübut qismində qiymətləndirir və hesab edir ki, iddia ekspert rəyində göstərilən həcmdə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına 1120 manat maddi zərər dəymişdir və buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, inzibati xəta nəticəsində vurduğu maddi zərərin əvəzi olan 1120 manat pul Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia tələbinin məbləğinə mütənasib olaraq 31.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməli, 2 manat iddiaçının özünə aid edilməlidir Məhkəmə hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 1120 (bir min bir yüz iyirmi) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 31.20 (otuz bir manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. 2 (iki) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar