Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-42/2023 01.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2626.72 (iki min altı yüz iyirmi altı manat, 72 qəpik) manat, faiz borcu üzrə 1632.64 (min altı yüz otuz iki manat, 64 qəpik) olmaqla, cəmi 4259.36 (dörd min iki yüz əlli doqquz manat, 36 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 62,59 (altmış iki manat 59 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-1433 saylı, 27 aprel 2018ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, № 249xx.xx.2014-SM33 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 25 % tətbiq edilməklə, 24 ay müddətinə 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi oğluna ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. "xxxx" ASC iləCavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, № 249-xx.xx.2014-SM33 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Bank borc alana istehlak məqsədi ilə 5225 (beş min iki yüz iyirmi beş) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 25 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2 banka hazırda olan əsas borc üzrə 2626.72 (iki min altı yüz iyirmi altı manat, 72 qəpik) manat, faiz borcu üzrə 1632.64 (min altı yüz otuz iki manat, 64 qəpik) olmaqla, cəmi üzrə 4259.36 (dörd min iki yüz əlli doqquz manat, 36 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı QSC xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh2 Adalət oğluna və Cavabdeh1 qarşı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan mülki iş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında göstərilən məsələlər öz həllini tapanadək Zaqatala rayon Məhkəməsinin 2(033)-1036/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının adından "xxxx" MMC-in icraçı direktoru Süleyman Bəkirov məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları İş materiallarında olan 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq, "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da, İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının 1-ci hissəsinə əsasən İddiaçı QSC BOKT, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanət əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da, İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan 22 sentyabr 2014-cü il tarixli, 249-xx.xx.2014-SM33 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5500 manat məbləğində kredit vermiş, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 5500 manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və s. öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC BOK-ın 30 iyun 2022-ci il tarixli arayışından görünür ki, "xxxx" QSC tərəfindən 27 aprel 2018-ci il tarixdə Cavabdeh2 4498,88 manat (2866,24 manat əsas borc və 1632,64 manat faiz borcu) ötürülmüşdür. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 Adalət oğlu tərəfindən banka 23 oktyabr 2014-cü il tarixdən 22 sentyabr 2016-cı il tarixədək 700.00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 700.00 manat məbləğində pulun 408.01 manat əsas borcdan, 291.99 manat faiz borcundan silinmişdir. İş materiallarında olan 27 aprel 2018-ci il tarixli S-FK-1433 saylı aktın surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 2866,24 manat əsas borcu və 1632,64 manat faiz borcu, cəmi 4498,88 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli , 9/7435 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 22 sentyabr 2014-cü il tarixli 249xx.xx.2014 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 Adalət oğlunun İddiaçı QSC 22 sentyabr 2016-cı il tarixinə (sual üzrə tarixə) olan borcu 7362.17 manat məbləğində müəyyən edilir (əsas borc üzrə 5091.99 manat, faiz borcu üzrə 2270.18 manat).Cavabdeh2 Adalət oğlu tərəfindən 22 sentyabr 2014-cü il tarixli 249-xx.xx.2014 saylı kredit müqaviləsinə əsasən sonuncu ödəmə 10 dekabr 2014-cü il tarixdə olmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən 2626,72 manat əsas borc məbləği cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu da cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinə əsasən 1632,64 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, 15 sentyabr 2022ci il tarixdə məhkəmənin təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli , 9/7435 saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 22 sentyabr 2014-cü il tarixli 249-xx.xx.2014 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 Adalət oğlunun İddiaçı QSC 22 sentyabr 2016-cı il tarixinə (sual üzrə tarixə) olan borcu 7362.17 manat məbləğində müəyyən edilir (əsas borc üzrə 5091.99 manat, faiz borcu üzrə 2270.18 manat). Məhkəmə hesab edir ki, ekspert rəyi “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsinə və onun nəticəsi iddiaçıya məlum olmasına baxmayaraq sonuncu tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddia ərizəsinin həddində işə baxmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2626,72 manat əsas borc, 1632,64 manat faiz borcu olmaqla, cəmi 4259,36 manat borc tutulmalıdır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 62,59 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2626,72 (iki min iki yüz iyirmi altı manat yetmiş iki qəpik) manat əsas borc, 1632,64 (bir min altı yüz otuz iki manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4259,36 (dörd min iki yüz əlli doqquz manat otuz altı qəpik) manat borc və ödənilmiş 62,59 (altmış iki manat əlli doqquz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-42/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-42/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver