Məhkəmə qərarları › İş №e-2(033)-423/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-423/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-423/2024 17.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli e- 2(033)-372/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2020-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onların birgə nikahlarından xx.xx.2020-ci il tarixdə “Əli” adlı övladı doğulmuşdur. Zaqatala rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli e-2(033)372/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşağa 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Qeyd etmək istəyir ki, cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşağa hər ay 235 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən alimentin sabit pul şəklində müəyyən edilərkən hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün uşağa hər ay 235 manat alimentin qət edilməsi kifayət edər. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək İddiaçı “alimentin artırılması tələbinə” dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı-İddiaçı Zaqatala Rayon Məhkəməsinin e- 2(033)- 372/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X6 235 manat məbləğində aliment tələb etmişdir. Uşaqlara baxmaq onların ehtiyaclarını ödəmək hər iki valideynin borcudur. Ata kimi heç bir öhdəliyindən boyun qaçırmır. Hazırda işsizdir, gəliri yoxdur. Onun hər ay 235 manat aliment ödənişi etməyə imkanı yoxdur. Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 372/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə təyin edilmiş 170 manat alimenti anasının maddi dəstəyi ilə ödəyə bilir. İşsiz olmağını, maddi vəziyyətini nəzərə alaraq bildirir ki, hər ay 170 manat məbləğində aliment ödənişi edə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, alimentin artırılmasını istəyir, cavabdehdən tutulan alimentin məbləği 170 manatdır və həmin məbləğin artırılaraq 235 manat müəyyən edilməsini xahiş edir. Alimentdən əlavə hər hansı kömək olunmur ona. Düzdür cavabdeh uşağı arada aparıb gəzdirir, nənəsi və atası paltar alıb, bunu inkar etmir. O iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən verilmiş etirazı müdafiə edərək bildirdi ki, cavabdehin yüksək məbləğdə aliment ödəmək imkanı yoxdur. İşsizdir. Uşağına alimentdən əlavə köməklik edir, geyim alır. Aliment ilk 120 manat müəyyən edilmişdir sonradan 170 manat oldu və hazırda cavabdeh alimenti güclə ödəyir. Hazırda maaşlar 300 manatdır və 300 manat alsa belə iddiaçının tələb etdiyi alimenti ödəmək mümkün olmaz. Gəliri olmadığından ailə belə qura bilmir. O iddia ərizəsinin rədd edilməsini xahiş edir. İşin halları Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 01 iyul 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 206259 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 14 dekabr 2020-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası isə X3r. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 avqust 2022-ci il tarixdə verilmiş AZ- İ seriyalı 410630 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-372/2022 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında Zaqatala rayon qeydiyyat şöbəsində qeyd edilmiş 29 avqust 2019-cu il tarixli 180 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-14 dekabr 2020-ci il təvəllüdlü X8 anası X2 himayəsində saxlanılması, 14 dekabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat alimentin tutularaq X4 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 18 fevral 2022-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2024-cü il tarixli mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya dair xərci və 10 manat məbləğində dəftərxana və kargüzarlıq xərcini birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahlarından 14 dekabr 2020-ci il tarixdə X8 adlı övladları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(033)-372/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, 14 dekabr 2020-ci il təvəllüdlü X8 iddiaçının himayəsində saxlanmış və 14 dekabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə etirazla müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-372/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması barədə iddiaçının tələbinin təmin edilməməsini xahiş edir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə göstərə biləcəyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasına gəlməyərək alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 14 dekabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf də məhkəmədə aliment məbləğinin iddia ərizəsində göstərdiyi məbləğdə artırılmasına əsas ola biləcək başqa hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 14 dekabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(033)- 372/2022 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 190 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 manat məbləğində pul vəsaitini tələb etmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Cavabdeh 30 manat (190-170=20x12=20 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 14 dekabr 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(033)- 372/2022 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 (altmış) manat məbləğində pul vəsaiti onun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar