Məhkəmə qərarları › İş №e-2(033)-424/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-424/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-424/2025 16.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, İddiaçı ilə Cavabdeh birgə nigahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün xx.xx.2021-ci il tarixli Zaqatala rayon Məhkəməsinin qərarına əsasən bir uşaq üçün 135 (bir yüz otuz beş) manat, iki uşaq üçün hər ay 270 (iki yüz yetmiş) manat alimentin artırılaraq, bir uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat, iki uşaq üçün hər ay 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin artırılılmasına və 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh qarşı azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün alimentin məbləğinin artırılması tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edir. Cavabdehlə faktiki ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi övladlarına heç bir mənəvi və maddi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifələrinin məsuliyyətini dərk etmir. Zaqatala Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e- 2(033)-312/2021 nömrəli iş üzrə cavabdehdən az yaşlı uşaqlarının saxlanması üçün onun bir uşaq üçün hər ay 135 (bir yüz otuz beş) manat, iki uşaq üçün hər ay cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin ödənilməsi üçün Qətnamə qəbul edilmişdir. Az yaşlı övladları artıq böyüyür və onların təlabatları günü-gündən artır. Övladları onun maddi və mənəvi dəstəyi ilə böyüyürlər. Günün tələblərinə cavab verən atmosferada balalarını böyüdə, ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Onların məktəb və digər ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Heç yerdə işləmir və kirayədə qalıram. Valideynlərinin dəstəyi ilə balalarını böyüdür. Ona da onlardan hər dəfə kömək istəmək ağır gəlir. Çünki, azyaşlı övladları yalnız onun maddi və mənəvi dəstəyi ilə böyüyürlər. Bu günə kimi cavabdeh bir ata kimi uşaqlarının səhhəti, sağlamlığı, sosial və məişət problemləri ilə maraqlanmamış, yalnız o, təkbaşına bütün problemləri həlletməyə çalışmış. Cavabdeh yalnız indiyə qədər olan minimumdan da aşağı səviyyədə təyin edilən alimenti belə ödəməkdən imtina edir. Uşaqları təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. Çünki heç bir yerdə işlərmir, gəlir yeri yoxdur. İlkin Mediasiya arayışından göründüyü kimi Cavabdeh övladlarına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə Mediasiya prossesində iştirak belə etməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddiaçının alimentin artırılmasına dair tələbi mahiyyət etibarı ilə indeksasiya xarakterli olduğundan hazırki iddia iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında mübahisələndirilməli və belə olan halda iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hazırkı iddiaçının alimentin artırılmasına dair tələbi mahiyyət etibarı ilə indeksasiya xarakterli olduğundan idianın mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1 və 114.1.2-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, İddiaçı cavabdehlər X4 və İddiaçı Cavabdeh qarşı alimentin artırılması məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya iddia ərizəsində göstərilən tələblə əlaqədar məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar